image-rt-reklam
image-1backend

Azərbaycanda hüquqşünaslara tələbat artıb, yoxsa azalıb?

image-728x90

Azərbaycanda ən çox maraq göstərilən, eyni zamanda ən çox müzakirə edilən ixtisaslardan biri də beynəlxalq hüquqşünaslıq ixtisasıdır. Bu ixtisas nə dərəcədə əhəmiyyətlidir? Ölkəmizdə bu ixtisasa maraq hansı səviyyədədir, iş tapmaq mümkündürmü?

Modern.az mövzu ilə bağlı ekspertlərin rəylərini öyrənib.

Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu sahəyə Azərbaycanda maraq hər zaman yüksək olub:

“Bu daha çox hüquqşünaslıq modası ilə bağlı məsələdir. Bizdə həkimlik, hüquqşünaslıq modası çox geniş yayılıb. Amma biz yüksək səviyyəli hüquq təhsili məsələsində lazımi mərtəbəyə çatmamışıq. Birinci növbədə səbəb yetərincə pedaqoji hazırlığa sahib kadrların olmamasıdır. Təkcə indi yox, 30 il öncə də belə idi. Sovet hüquq məktəbindən samballı alimlər var idi, amma onlar nəzəri cəhətdən bu sahədə böyük irs qoymadılar. Hərə öz sahəsinə aid bir neçə kitab yazdı, halbuki daha böyük irs qoymaq şansları var idi. İndi də yüksək səviyyəli hüquq təhsili ilə seçilən bir ali məktəbi fərqləndirə bilmirəm. Diplom almaq üçün nəzərdə tutulan mexanizm var, ondan o tərəfə isə heç nə yoxdur”.

Deputatın sözlərinə görə, həm də hüququn fəlsəfi tərəfini öyrənmə ənənəsi Azərbaycanda yox səviyyəsindədir:

“Azərbaycanda mütəfəkkir hüquqşünas sadalamaq çox çətindir. O baxımdan bu ixtisas çox zəruridir. Daha yüksək səviyyəli kadrlar ancaq öz üzərində işləməklə yetişə bilirlər. Onları yetişdirəcək məktəb imkanları çox geniş deyil. Kifayət qədər savadlı, ixtisasını sevən hüquqşünaslarımız var. Onların çoxu öz üzərlərində işləməklə buna nail olublar. Hər halda bu sahə Azərbaycanda arzuolunan səviyyədə deyil. Bu səviyəni qaldırmaq potensialı da bir qədər məhduddur. Çünki kadr bazamız, hazırlıqlı kadrlarımız çox deyil”.

Deputat Nəsib Məhəməliyev qeyd edib ki, istənilən cəmiyyətdə hüquqşünaslara böyük tələbat var:

“Hüquq elmi çox geniş profilli elmdir. Bu elm özündə cinayət hüququ, mülki hüquq, maliyyə hüququ, əmək hüququ, inzibati hüquq və beynəlxalq hüquq kimi sahələri ehtiva edir. Beynəlxalq hüquq özü də 2 hissəyə bölünür: beynəlxalq xüsusi hüquq və beynəlxalq ümumi hüquq”.

N.Məhəməliyev deyib ki, hüquq sahəsində beynəlxalq normalar var. Azərbaycanda hakimlərin və vəkillərin sayı Avropa səviyyəsinə görə aşağıdır:

“Məsələn, əhali sayına görə, neçə hakim, vəkil fəaliyyət göstərməlidir? Hakimlərin sahələri də müxtəlifdir. Cinayət hüququ, mülki hüquq, kommersiya xarakterli məhkəmələr üzrə ixtisaslaşmış hakimlər mövcuddur. Hər yüz min nəfərə düşən hakim və vəkil sayı Avropa səviyyəsindən geri qalır. Nəzərə alsaq ki, hər hakimin və vəkilin icraatında kifayət qədər məhkəmə işi var, onda deyə bilərik ki, bunların çoxluğu işin keyfiyyətini aşağı salır. Azərbaycanda yeni hüquqşunasların, ələlxüsus Azərbaycanı beynəlxalq platformalarda müdafiə edəcək hüquqşünaslara ehtiyac var. Biz yeni dövlət qurmuş cəmiyyətik, yeni islahatlar aparılıb. Mülkiyyət hüququ sahəsində aqrar islahatlar, özəlləşmə prosesləri sürətlə davam edir. Bunlar da təbii ki, yeni mübahisəli nüanslar ortaya çıxarır. Bunların hüquqi baxımdan həlli istiqamətində operativ işlər görülməli, qərarlar qəbul olunmalıdır. Fikrimcə, cəmiyyətin elə bir sahəsi yoxdur ki, orada hüquqşünaslara ehtiyac olmasın. Hüquq-mühafizə orqanları, məhkəmə hakimiyyəti orqanları, notariat orqanlarında hüquqşünaslara kifayət qədər tələbat var”.

Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev bildirib ki, Azərbaycanda peşəkar hüquqşünasa tələbat çox olsa da, ümumi olaraq bu ixtisasa maraq azdır:

“Müxtəlif dövlət qurumlarında hüquqşünaslar çalışır. Bu ixtisasa yiyələnənlər istənilən dövlət orqanlarının hüquq idarələrində çalışa bilərlər. Eyni zamanda müxtəlif özəl şirkətlərdə də fəaliyyətlərini davam etdirə bilərlər. Hüquqşünas ixtisasına yiyələnmiş, öz peşəsini mükəmməl bilən hər bir halda işə dəvət alır. Heç də hər kəs təhsil alandan dərhal sonra təcrübəyə yiyələnə bilmir. Amma müəyyən təcrübə qazanır”.

Müsahibimizin sözlərinə görə, hazırda dərs dediyi Bakı Dövlət Universitetinin Hüquq fakültəsində tələbələr həm təhsil baxımından, həm qəbul imtahanda topladığı bal nöqteyi-nəzərdən savadlıdırlar:

“Hüquq fakültəsində tədris edilən dərslər və müəllimlər çox yüksək səviyyədədir. Avropada və Azərbaycanda yüksək səviyyədə təhsil almış müəllimlərimiz tələbələrə bu fənnləri tədris edir. Sadəcə olaraq tələbələr bakalavr dərəcəsinui bitirdikdən sonra təhsillərini davam etdirməyə maraqlı olmalıdırlar. Mən hər zaman tələbələrə deyirəm ki, ölkənin taleyi sizlərdən asılıdır. Gələcəkdə ölkəni prokuroru, hakimi, vəkili olacaqsınız”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90