Rusiya Dövlət Dumasının deputatları plenar iclasda təqvim ili ərzində hərbi xidmətə çağırışa icazə verən qanun layihəsini birinci oxunuşda qəbul ediblər. Yeni qaydalara əsasən, çağırışçılar ildə iki dəfə – aprelin 1-dən iyulun 15-dək və oktyabrın 1-dən dekabrın 31-dək hərbi xidmətə göndəriləcəklər.
Maraqlıdır, Azərbaycanda da çağırış sisteminin Rusiyadakı modelə uyğunlaşdırılması mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Rusiyada çağırış sistemi bir neçə dəfə dəyişdirilib:
“Onlarda da əvvəllər ildə iki dəfə çağırış həyata keçirilirdi. Sonra bu sayı dörd dəfəyə qaldırdılar. İndi isə yenidən əvvəlki modelə, ildə iki çağırış sisteminə qayıtmaq istəyirlər. Hesab edirəm ki, bu daha məqsədəuyğundur. Çünki ildə dörd dəfə çağırış komandirləri, gənc əsgərlərlə məşğul olan kontingenti işdən ayırır və çox vaxt sərf edirlər”.
Ekspertin sözlərinə görə, Azərbaycanda da çağırış sistemində təkmilləşməyə ehtiyac var:
“Əlbəttə ki, Azərbaycanda da ildə iki dəfə çağırış həyata keçirmək olar, biri ilin birinci, digəri isə ikinci yarısında. Lakin bu, mütləq Rusiyaya uyğunlaşdırılmalı deyil.
Hesab edirəm, çağırış yaş həddi də yenidən nəzərdən keçirilməlidir. Məsələn, maksimal yaş 30 deyil, 28-ə endirilməlidir. Əvvəllər bizdə 27 yaş olub. Digər tərəfdən, çağırışın 18 yox, 20 yaşdan həyata keçirilməsi daha məqsədəuyğundur”.
Üzeyir Cəfərov vurğulayıb ki, Azərbaycan ordusunun mövcud ehtiyacları nəzərə alınmaqla çağırış sistemində dəyişikliklər aparılması labüddür.