image-2000x150
image-277507af01ec8bf9d2536ad975ce9a92backend

Azərbaycanda da kafe-restoranlar saat 22:00-da bağlanacaq? – dünya təcrübəsi

image-728x90

Ekspert: “Bu qaydalar ölkəmizdə tətbiq olunmalıdır, lakin indiki vaxtda bunun mümkünlüyü bir qədər çətindir”

Əksər Avropa və Qərb ölkələrində, habelə MDB-nin bir çox dövlətlərində kafe və restoranlar, çay evləri gecə saat 22-23 radələrində bağlanır. Həmçinin əksər ölkələrdə bu saatlardan sonra mağazalarda spirtli içki satışı qadağandır. Gecə müəyyən edilmiş saatdan sonra çalışan kafe-restoranlar, spirtli içki satan mağazalar yüksək məbləğdə cərimələnir.

Bu qərarların hansı səbəbdən verildiyi də bəllidir. Mütəxəssislər uzun illərdən bəri bu qənaətə gəlib ki, insanların gecə yarıyadək kafe-restoranlarda qalması ailə-məişət problemlərini artıran əsas amillərdən biridir, həmçinin işləyən kontingentin gecəyədək yeyib-içməsi, yatıb-dincəlməməsi onun sabah iş əmsalını aşağı salır, gənclərin evə bağlılığını azaldır. Habelə, o da nəzərə alınıb ki, kafe-restoranların saat limiti olmadan çalışması orada işləyən işçilərin əmək hüququnun kobud şəkildə pozulmasına, 10-15 saat işlədilməsinə səbəb olur. Həmçinin kriminalların da adətən kafelərdə gecə yarıdan keçəndən sonra daha çox baş verməsinə dair statistikalar nəzərə alınıb.

Gecə həyatını sevənlərin hüquqlarının pozulmaması üçün isə əksər ölkələrdə şəhərlərdə yalnız gecə klublarının çalışmasına icazə verilir. Yəni kim əyləncə həyatından ayrıla bilmirsə, orada toplaşsın. Həmin məkanlarda isə ciddi mühafizə tədbirləri təşkil olunur.

Azərbaycanda isə kafe-restoranlar, çay evləri, spirtli içkilərin satışı ilə ilə bağlı belə normativlər yoxdur. Sosioloqlar, cəmiyyətşünaslar Azərbaycanda bu qaydaların tətbiqini məqsəduyğun sayırmı?

Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı  danışıb. Sosioloq qeyd edib ki, Azərbaycanda da bu cür qaydaların tətbiq edilməsi zəruridir:

“Qeyd olunan səbəbləri də doğru məntiq hesab edirəm. Həqiqətən də kafe və restoranların gec saatlarına qədər işləməsi insanların gündəlik rejimini pozur, iş qabiliyyətlərinə təsir edir. Məhdudiyyətlər qoyulduqda, yalnız gecə klubları işləyəndə hüquq mühafizə orqanları tərəfindən ora nəzarət də ola bilir, bu da kriminal hadisələrin qarşısını almış olur və sairə. Əgər biz tez-tez deyiriksə ki, dünyanın qabaqcıl ölkələri sırasına daxil olmaq istəyirik, həmin dövlətlərin müsbət təcrübəsini mütləq ölkəyə gətirməliyik.

Beləliklə, hesab edirəm ki, bu qaydalar Azərbaycana da gətirilməlidir. Lakin indiki vaxtda bunun mümkünlüyü bir qədər çətindir. Çünki çox təəssüf ki, ölkəmizdə hələ ki müəyyən özbaşınalıq, kimlərinsə maddi maraqları hesabına baş verən hadisələr çoxdur. Yəni əhali, xalq yaddan çıxır, kiminsə maddi marağı ön plana keçir. Tək bu məsələlərdə deyil, digər, məsələn, yas, toy mərasimləri məsələlərində də bunu müşahidə edirik. Ona görə birmənalı olaraq bu qaydalara əməl etmək çox zəruridir.

Bu qaydaların ölkəmizdə də tətbiq olunması üçün müəyyən izahat işi aparmaq lazımdır ki, əhali həmən istirahət edə bilməməsinə görə etiraz etməsin. Beləliklə, maarifləndirmə işi vacibdir, amma dövlət səviyyəsində də bu məsələyə müdaxilə lazımdır.

Beynəlxalq hüquqşünas Fərhad Mehdiyev isə qeyd etdi:

“Hesab edirəm ki, Qərb ölkələrində böyük ehtimalla bu inzibati tənzimləmə deyil, sadəcə insanlar vaxtlı-vaxtında istirahət etməyə çalışırlar. Restoranlar var ki, saat 12-yə qədər işləyir. Məsələn, bu yaxınlarda İtaliyada olmuşdum, orada bəzi kafe və restoranlar gec saatlarına qədər işləyirdi. Sadəcə, restoran, kafedə işləyən əksəriyyət insanlar öz istirahətlərini düşünərək, işdən vaxtında çıxırlar.

O ki qaldı spirtli içki satılan mağazaların hansı saatlara qədər işləməsinə, bu, dövlət siyasəti məsələsidir. Dövlət müəyyənləşdirə bilər ki, bu məsələyə məhdudiyyət gətirilsin, ya yox. Həm də hesab edirəm ki, Azərbaycanda bununla bağlı qadağa tətbiq edilməsinə ehtiyac yoxdur. Çünki içkiyə alışan insan hansısa şəkildə o içkini əldə edəcək.

Hesab edirəm ki, insanların sıx yaşadığı yerlərdə olan kafe və restoranların gec saatlarına qədər işləməsinə hansısa məhdudiyyət tətbiq etmək olar. Burada məqsəd insanların rahatlığını təmin etməkdir. Çünki bəzən restoranlardan gələn musiqi səsi, səs-küy insanları narahat edir, gecə yata bilmirlər. Əgər belə hallar varsa, müəyyən restoranlar üçün müəyyən saatdan sonra fəaliyyəti, ya da səsgücləndiricilərdən istifadə edilməsi qadağan oluna bilər”.

Millət vəkili Aqil Abbas isə bu cür qadağaların Azərbaycanda tətbiq edilməsinə ehtiyac olmadığını dedi:

“Hesab edirəm ki, demokratik bir ölkədə axşam saat 11-dən sonra kafe və restoranların fəaliyyətinə qadağan qoyulması doğru olmazdı. Onsuz da mağazalarda müəyyən saatlardan sonra spirtli içki satılmır. Amma biz axı indi 21-ci əsrdə yaşayırıq, bu cür qadağa qoymaq nə deməkdir?

Yəqin ki, Avropa bu qadağaları indi tətbiq etməyə başlayıb, bu da enerji böhranı ilə bağlıdır. Belə ki, Rusiya işığı, qazı kəsəndən sonra Avropa enerji böhranı yaşayır. Bu böhranı atlatmaq üçün bəhanə edir ki, gec saatlarında kafe və restoranlar bağlansın. Ona görə də bu cür qadağaların Azərbaycanda da tətbiq edilməsinə ehtiyac yoxdur”.“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90