image-rt-reklam
image-2backend

Azərbaycana üstünlüklər qazandıran Astana sammiti

image-728x90

Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iyulun 4-də keçirilən Zirvə görüşünə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar. 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə olduğu kimi bu görüşdə də Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
Azərbaycanın belə mötəbər təşkilatın sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında artan nüfuzunun və göstərilən yüksək etimadın ifadəsidir.
2001-ci ildə Şanxayda 6 ölkə – Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən təsis edilən təşkilatın 3 müşahidəçi üzvü və 14 dialoq tərəfdaşı var. 14 dialoq tərəfdaşından biri də Azərbaycandır. Astana sammitində ŞƏT-ə Belorus yeni üzv seçilib. Çoxtərəfli dialoqun möhkəmləndirilməsi – davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunan Zirvə görüşünün gündəliyi çox zəngin olub. Dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə ediblər. Müzakirələrin nəticəsi olaraq Astana Bəyannaməsi imzalanıb. Bu Bəyannamə ŞƏT-in bu günə qədər olan fəaliyyətinə qiymət verməklə yanaşı, gələcək üçün istiqamətləri də müəyyənləşdirib.
Üzv ölkələr arasında qarşılıqlı etimad, qonşuluq münasibətlərinin gücləndirilməsi, bütün sahələr üzrə səmərəli əməkdaşlıq, sülh, təhlükəsizlik naminə birgə səylərin göstərilməsi, beynəlxalq səviyyəli yeni siyasi və iqtisadi platformanın yaradılması ŞƏT-in qarşısında duran vacib məsələlərdəndir.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Memorandumda terrorizm, ekstremizm və separatizm ilə mübarizə məsələləri öz əksini tapıb ki, bu da ölkəmizin maraqlarına tam uyğundur. Azərbaycan lideri bu samitin verdiyi imkanlardan istifadə edərək regionda yaranan yeni reallıqları diqqətə çatdırıb.
Prezident İlham Əliyevin Zirvə görüşü çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşləri oldu. Bu görüşlər Azərbaycan Prezidenti ilə təşkilata üzv dövlətlərin rəhbərləri arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlərin göstəricisidir.
Ölkəmizin ŞƏT-in təsisçiləri ilə münasibətləri yüksək səviyyədədir. ŞƏT-in Baş katibi Can Min bu ilin fevralında Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına əhəmiyyət verdiklərini dedi. Bu mötəbər təşkilatla əməkdaşlığını gücləndirən Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir. 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycanın dünyada ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatına uzun müddət sədrlik edib və çox uğurlu fəaliyyət ortaya qoyub. Bu mənada Azərbaycan Prezidenti sammitdə iştirak etməklə ŞƏT-in fəaliyyətinə çox böyük töhfə vermiş olur. Bu, həm də Azərbaycana bir sıra üstünlüklər qazandırır.
ŞƏT-də Azərbaycana münasibət yüksək səviyyədədir. Təşkilatın əsas üzvləri ilə dostluq münasibətlərimiz, güclü ikitərəfli əlaqələrimiz təşkilatın ölkəmizə münasibətində özünü açıq şəkildə büruzə verir. Təsadüfi deyil ki, 2011-ci ildə qurumun Pekindəki mənzil-qərargahında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edildi və qərargahın binasında onun büstü ucaldıldı. Qərargahda iki məşhur tarixi şəxsiyyətin büstü var: Nizami Gəncəvi və Çin filosofu Konfutsinin. Azərbaycanı ŞƏT üçün cəlbedici edən digər məqam dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələrdir. Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələri ölkəmizə olan marağı artırıb.
Çin-Avropa-Çin marşrutunun önəmli hissəsini təşkil edən Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhlizin yaradılmasında çox aktiv rol oynayır. Bu marşrutlar ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafını zəruri edir. Təbii ki, bütün bunlar dünyada uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyevin düşünülmüş düzgün xarici siyasətinin nəticəsidir. Dövlətimizin başçısının mötəbər tədbirlərə dəvət edilməsi təkcə ölkəmizin Şərq ilə Qərb arasında tutduğu vacib coğrafi mövqeyindən irəli gəlmir, həm də bilavasitə Prezident İlham Əliyevin nüfuzu və siyasi uzaqgörənliyi ilə bağlıdır.

image-1

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90