image-2000x150
image-1backend

Azərbaycana kiber-casus təhdidi varmı – fakt, rəy

image-728x90

Hərbi ekspert deyir ki, müharibə və postmüharibə dövründə dövlət sirri daşıyan məxfi müzakirələrlə bağlı kənara sızmalar baş verməyib; “Dövlət qurumları konfidensiallığı təmin edə bilir”

Almaniya yüksək çinli hərbçiləri arasında Ukraynaya “Taurus” raketlərini göndərib-göndərməməklə bağlı məxfi danışıqların Rusiya mediasına sızması ətrafında qalmaqal səngimir. Ən son bilgilərə görə, məxfiliyin pozulması görüş iştirakçılarından birinin günahı üzündən baş verib.

“BBC News”un müxbiri Cessika Parkerin nəşrin saytında dərc olunmuş məqaləsində bu xüsusda bildirilir ki, Bundesverin yüksək rütbəli zabiti, briqada generalı Frank Qraefe öz rəisi – general İnqo Gerharts ilə 40 dəqiqə ərzində Ukraynaya “Taurus” qanadlı raketlərin göndərilib-göndərilməməsi ilə bağlı davam edən müzakirələr də daxil olmaqla, hərbi sahəyə aid məxfi məsələləri müzakirə edib. İclas iştirakçılarının onların dinlənildiyindən, söhbətin lentə alınmasından xəbərləri olmayıb. İki həftədən sonra isə Rusiyanın dövlət kanalı RTR-də görüşün audioyazısı gedib.

“İndiyə qədərki bütün versiyalar insan səhvinə bağlanır. Alman hakimiyyətinə görə, informasiya sızmasının tək səbəbi görüş iştirakçılarından birinin təminatsız xətdən istifadə etməsi, öz mobil telefonundan zəng etməsi və ya hotelin Wi-Fi-dan istifadə etməsi olub. Lakin təfərrüatın öyrənilməsi hələ də davam edir”, – məlumatda qeyd olunur.

Bəllidir ki, Azərbaycan məlum səbəbdən hələ də Ermənistanla müharibə vəziyyətindədir. Üstəgəl, “böyük bacı” Fransanın 44 günlük müharibədən sonra ölkəmizdə şpion fəaliyyəti artıb. Artıq bir fransız casusu həbs də edilib. Təbii ki, bölgədə marağı olan digər qeyri-dost dövlətlər də dinc oturmayıb.

Bəs Azərbaycan dövləti üçün strateji, hərbi sirr əhəmiyyətli rəsmi söhbətlərin, danışıqların məxfiliyi necə qorunur? Belə bir təhlükə bizi də təhdid edirmi? Nələrə diqqət etməli?

Hərbi ekspert Ədalət Verdiyev  deyib ki, informasiya təhlükəsizliyi məsələləri Azərbaycanda ən yüksək səviyyədə təmin olunur: “Vətən müharibəsindən əvvəl, müharibə günlərində və sonra aparılan konfidensial danışıqlar elə konfidensial da qalıb. Hər hansı bir sızma baş verməyib. Azərbaycan hətta NATO-Rusiya danışıqlarında bir platforma kimi çıxış edib. Ukrayna müharibəsinə qədər ABŞ və Rusiya generalları dəfələrlə Bakıda görüşməyə razı olublar. Bunun səbəbi də Azərbaycanda informasiya təhlükəsizliyi məsələlərinin üstün səviyyədə olmasıdır”.

Ekspert deyib ki, 2023-cü ilin avqustunda Prezident İlham Əliyev “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb: “Prezidentin 16 mart 2020-ci il tarixli, 957 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaradılıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət orqanları üçün xüsusi təyinatlı informasiya-kommunikasiya sistemlərinin və şəbəkələrinin, idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət orqanlarının İnternet şəbəkəsi ilə əlaqəsinin, onların informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını təmin etmək, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyi məqsədilə xüsusi texniki tədbirləri həyata keçirmək üçün yaradılmışdır. Dövlət orqanlarında kibertəhlükəsizlik sahəsində hazırlığın artırılması, bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, internet resurslarının və informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqini həyata keçirmək və bu sistemlərin kibertəhlükəsizliyinin artırılması istiqamətində dövlət orqanlarına texniki və metodiki köməklik göstərilməsi də Dövlət Xidmətinin əsas vəzifələrindəndir. Yuxarıda göstərilən vəzifələrin icrası, habelə elektron imza və radiorabitə sistemlərinin tətbiqi ilə əlaqədar dövlət siyasətinin həyata keçirilməsi istiqamətində xidmət tərəfindən mühüm kompleks texniki və təşkilati tədbirlər həyata keçirilir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti konfidensial danışıqların kənara sızmasının qarşısının alınmasını təmin edə bilir. İnanıram ki, bundan sonra da belə olacaq və prezidentin imzaladığı sərəncam da bu məqsədə xidmət edir”.“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90