Rusiya ərazisindən Azərbaycana qarşı kütləvi surətdə informasiya kampaniyasına start verilib. Bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının bəyanatında qeyd olunub. Bildirilib ki, kampaniya avqustun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi yayılandan dərhal sonra başlayıb:
“Monitorinq zamanı müəyyən edilib ki, aparıcının Zəngəzur dəhlizi ilə bağlı sualına Azərbaycan Prezidentinin tarixi faktlara əsaslanan cavabı kontekstdən çıxarılaraq saxtalaşdırılmış və ya təhrif olunmuş formada rus oxucusuna təqdim edilir. Rusiya cəmiyyətində anti-Azərbaycan təbliğatını alovlandırmaq məqsədilə təşkil edilən kampaniya televiziya kanalları və xəbər saytları, sosial media platformaları və müəyyən təsiretmə roluna malik radikal mövqeli şəxslər vasitəsilə aparılır. Kampaniyada Rusiya ərazisində fəaliyyəti qadağan edilmiş və məhdudlaşdırılmış Facebook, Instagram və X kimi platformalardan, habelə digər ölkə vətəndaşlarının adından yaradılan sosial media profillərindən və botlardan da geniş istifadə olunduğu müşahidə edilir”.
Bildirilib ki, kampaniyada diqqət çəkən digər bir element isə Azərbaycanın sosial media seqmentinin hədəfli reklamlar vasitəsi seçilməsi və orada ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidedici fikirlərin yer almasıdır: “Onu da qeyd etməliyik ki, bu cür ikrah doğuran kampaniyaların Azərbaycanda ictimai rəyə heç bir təsiri yoxdur. Bu cür fəaliyyətlər yalnız Rusiya cəmiyyətini yalan faktlara söykənərək qızışdırmağa, qonşu dövlətlərlə əsassız düşmənçiliyə sürükləyir. Rusiyanı narahat edən ”rusofobiya” sindromunun köklərini “Z” blogerlərin fəaliyyətində axtarmaq lazımdır. Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu qeyri-dost hərəkətləri yaxından izləyir və müvafiq qabaqlayıcı tədbirləri davam etdirir”.
Göründüyü kimi, Rusiya həm Azərbaycana qarşı hibrid qarayaxma kampaniyasını davam etdirir, həm də hökumət rəsmiləri, Duma üzvləri münasibətlərin yaxşılaşması üçün addımlar atıldığını bildirir. Əgər Moskva əlaqələrin yoluna düşməsində maraqlıdırsa, bu total kampaniyanı dayandırardı.
Deməli, Rusiya həm də gərginliyin azalmasını istəmir, ancaq buna görə Azərbaycanı ittiham edir. Halbuki Bakının münasibətlərin yaxşılaşması üçün gözləntiləri var. Üstəlik, təkcə Prezidentin son müsahibəsindən sonra bu kampaniya başlamayıb, ümumiyyətlə, dayanmayıblar, buna qədər də Azərbaycana təhdidlər yağdırılıb, Ukraynadakı enerji mərkəzlərinə hücum olunub, Kiyevə raket zərbəsi zamanı onlardan biri səfirliyimizin binasına zərər vurub, ayrı-ayrı rus fəalları Azərbaycanı bombalamağa çağırır.
Parlamentin bu bəyanatından görünür ki, gərginlik artmaqdadır və gərginliyi Rusiya mediası artırır və böhran vəziyyəti yaradılır.
Siyasi şərhçi Azər Həsrət bildirdi ki, Rusiya indiki mürəkkəb vəziyyətində özəlliklə Azərbaycan kimi qonşularına diş qıcamamalıdır. Onun fikrincə, şimal qonşumuzun bizə çox ciddi ehtiyacı var: “Tarixin heç bir mərhələsində olmadığı qədər ehtiyacı var. Buna baxmayaraq, Kremldən verilən tapşırıqlar və təlimatlarla Rusiyanın aparıcı dövlət mediasında anti-Azərbaycan kampaniyası həyata keçirilir. Azərbaycan təbii ki, bundan qorxmur və bu kampaniyanın qarşısında geri çəkilməyəcək. Artıq elə bir zamana gəlib çıxmışıq ki, dövlətlərin böyük və ya kiçik olması heç nəyi həll etmir. Dövlətlərin qərarlı olması, öz ayağı üstündə dura bilməsi həlledici faktordur”.
A.Həsrət hesab edir ki, Azərbaycan dünyaya səs salmış, öz ayaqları üstündə möhkəm dura bilən, bir nömrəli qlobal güc olan ABŞ-nin, eləcə də daha bir qlobal güc olan Çinin hesablaşdığı bir dövlətdir: “Belə bir şəraitdə axmaq olmalısan ki, Azərbaycanın üzərinə hücuma keçəsən. Əlbəttə ki, bu gün Rusiyadan Azərbaycana nə qədər hücum kampaniyası həyata keçirilsə də, münasibətlər əbədi olaraq belə gərgin qalmayacaq. Günün birində münasibətlər düzələcək”.
Siyasi şərhçi vurğuladı ki, hazırkı vəziyyətdə Rusiyanın apardığı indiki çirkin qaralama kampaniyası Azərbaycanın Rusiyadan daha da uzaqlaşmasına töhfə verir: “Şəxsən buna sevinirəm. Sevinirəm ki, Rusiya gülləni öz ayağına sıxır, özünü bizdən uzaqlaşdırır, öz xəta-bəlasını başımızdan rədd edir. Azərbaycan bundan da ağır kampaniyalar görüb, cavabını verib, qarşısında duruş gətirib və qalib də çıxıb. Bu qarayaxma hücum kampaniyasından da təbii ki, Azərbaycan qalib çıxacaq”.“Yeni Müsavat”