image-rt-reklam
image-1backend

Azərbaycan yeni qlobal nizamın ədalət mərkəzinə çevrilir – Şuşa Forumunun anlamı

image-728x90
III Şuşa Qlobal Media Forumu Azərbaycanın zəfər savaşından sonra bölgədə yaratdığı yeni geopolitik durumun daha bir təzahürü idi. Forumu önəmli edən ən mühüm amillərdən biri bu Forumum post-müharibə Azərbaycanı həqiqətlərini təbliğ etməsi, bu həqiqətləri bütün dünyanın diqqətinə çatdırmasıdır.

Forumda iştirak edən Prezident İlham Əliyevin çıxışı, onun müxtəlif ölkələrdən olan jurnalistlərin suallarına verdiyi cavablar Azərbaycanın həm daxili, həm də xarici siaysətini, bu siyasətin əsas prioritetlərini aydın və qətiyətli bir dillə bütün dünyanın diqqətinə çatdırdı. Forum iştirakçılarının çoxsaylı suallarını cavablandıran Prezident İlham Əliyev öncə diqqəti Qlobal Media Forumunun ənənə halını almasına yönəldərək bildirdi ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir.

III Şuşa Qlobal Media Forumunun digər bir əhəmiyyəti bu Forumun Azərbaycanın yalnız özünə qarşı deyil, hər kəsə, hər bir dövlətə münasibətdə ədalətli davranış tələb etməsi oldu. Forumda Rusiya səmasında vurulan AZAL təyyarəsindən danışan Prezident İlham Əliyev, Rusiyanın bu məsələdə sərgilədiyi qeyri-ədalətli mövqeyi qətiyyətlə ifşa etdi, Azərbaycanın ədalətə nail olmaq üçün sona qədər mübarizə apardığını vurğuladı.

Prezident İlham Əliyev nəinki Rusiyanın məsuliyyətsiz və ədalətsiz mövqeyini ifşa etdi, həm də ədaləti təmin etmək üçün Azərbaycanın beynəlxalq instansiyalara da müraciət edəcəyini, bu mübarizədən əsla imtina etməyəcəyini vurğuladı. Bu mənada Prezidentin Ukrayna müharibəsi ilə bağlı sərgilədiyi mövqe də Azərbaycanın sadəcə özünə deyil, istisnasız olaraq hər bir dövlətə münasibətdə ədalətl tələb etdiyini sübut etdi.

Ukraynalı jurnalistin sualına cavab olaraq Ukrayna xalqına heç vaxt işğalla barışmamağı tövsiyə edən dövlət başçısı, Azərbaycanın da məhz bu yolla getdiyini vurğuladı, Azərbaycan xalqının mübarizə tarixini nümunə kimi qarşı tərəfin diqqətinə çatdırır. Bir sözlə, Prezident İlham Əliyev Ukrayna ilə bağlı ortaya qoyduğu mövqe ilə Azərbaycanın yalnız özünə deyil, bütün əzilən, haqsızlığa və ədalətsizliyə məruz qalan xalqlara münasibətdə ədalət tələb etdiyini, bu mövqeyi istənilən beynəlxalq platformada cəsarətlə dilə gətirdiyini göstərdi.

Dövlətimizin başçısı növbəti dəfə açıq şəkildə bəyan etdi ki, sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməli və Azərbaycana qarşı ərazi iddialarına son verilməlidir. Eyni zamanda, artıq funksiyasını itirmiş ATƏT-in Minsk qrupunun da ləğvi zəruridir. Dövlət başçısı bildirdi ki, sülh sazişinin əsas mətni artıq razılaşdırılıb və bu sənədin paraflanma mərhələsi də Azərbaycan tərəfindən təklif olunub. Bu isə onu göstərir ki, Azərbaycan tərəfi regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın bərqərar olması üçün səmimi şəkildə sülhə çalışır. Ermənistan da əgər doğrudan da sülh istəyirsə, bunu yalnız bəyanatlarda deyil, əməli addımlarda göstərməlidir.

Azərbaycanın siyasi iradəsi bu gün yalnız regionda deyil, qlobal miqyasda da qəbul olunan fakta çevrilib. Şuşa Qlobal Media Forumu bu iradənin və beynəlxalq nüfuzun təcəssümüdür. Forum Azərbaycanın beynəlxalq sistemdə təkcə iştirakçı deyil, təşəbbüskar və formalaşdırıcı aktor statusunu nümayiş etdirir. Bu Forum yalnız medianın gələcəyi ilə bağlı qlobal müzakirə platforması deyil, həm də Azərbaycanın mövcud gücünün ifadəsidir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90