image-rt-reklam
image-1backend

Azərbaycan və Türkiyə arasındakı əlaqələr tarixi dostluqdan strateji müttəfiqliyə keçib

image-728x90

Azərbaycan və Türkiyə arasındakı əlaqələr iki ölkənin dövlət maraqlarından daha dərin məna daşıyır. Bu münasibətlər əsrlər boyu formalaşan dostluq və qardaşlıq bağından qaynaqlanır. Türk dünyasının bu iki mühüm dövləti çətin sınaqlardan keçərək güclənmişdir.

İqtisadi əlaqələr də bu strateji müttəfiqliyin təməl daşlarını təşkil edir. İki ölkə arasında ticarət dövriyyəsi, enerji əməkdaşlığı, infrastruktur layihələri və digər sahələrdə birgə fəaliyyətlər bu münasibətlərin dayanıqlı olmasını təmin edir.
Belə ki, 2023-cü ildə Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsi 8 milyard ABŞ dollarına çatıb. 2024-cü ildə isə Azərbaycanın Türkiyə iqtisadiyyatına etdiyi yatırımların həcmi 20 milyard dolları keçib. Bu rəqəmin gələcəkdə artacağı və iqtisadi əlaqələrin daha da möhkəmlənəcəyi gözlənilir. Azərbaycan Cənubi Qafqazın ən böyük enerji təchizatçısı olaraq Türkiyə vasitəsilə Avropaya enerji tədarük edir. Bu əməkdaşlıq xüsusilə 2006-cı ildə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri ilə güclənib. Bu layihələr yalnız iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyətə malikdir, çünki Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
2023-cü il sentyabrın 25-də Azərbaycan və Türkiyə arasında mühüm layihənin əsası qoyuldu. İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimi hər iki ölkənin dövlət başçılarının iştirakı ilə gerçəkləşdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu strateji infrastruktur layihəsinin təməlini qoymaqla iki ölkə arasındakı enerji sahəsindəki əməkdaşlığın güclənməsinə böyük bir töhfə verdilər.
Bu qaz kəməri layihəsi, xüsusilə Naxçıvan Muxtar Respublikasının enerji təchizatı üçün əhəmiyyətli addımdır. Naxçıvanın hazırkı qaz təchizatı bir qaynağa bağlı olduğundan bu yeni boru kəməri regionun qaz təchizatının şaxələndirilməsinə imkan verəcək və tək mənbədən asılılığı aradan qaldıracaq. Layihə həmçinin Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm rol oynayacaq. 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında imzalanan Anlaşma Memorandumuna əsasən kəmərin tikintisinə başlanılıb. Boru kəmərinin ümumi uzunluğu 97,5 kilometr təşkil edir, bunun 17,5 kilometri Azərbaycan ərazisində, 80 kilometri isə Türkiyə tərəfində yerləşir. Kəmər gündəlik 2 milyon, illik isə 730 milyon kubmetr ötürmə qabiliyyətinə malikdir. Bu, Naxçıvanın qaz ehtiyacını tamamilə təmin edəcək və regionun iqtisadi inkişafı üçün mühüm bir infrastruktur yaradacaq. İğdır-Naxçıvan qaz kəmərinin tikintisi iki ölkə arasında strateji əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Bu layihə Azərbaycan və Türkiyənin bölgədəki siyasi və iqtisadi güclərini birləşdirərək regional sabitliyin təmin edilməsində mühüm amil olacaq.
Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışı baş tutdu. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak edərək layihənin əhəmiyyəti barədə fikirlərini bölüşdülər. Prezident İlham Əliyev vurğuladı ki, bu layihə Naxçıvanın enerji təhlükəsizliyini tam təmin edəcək və Azərbaycan qazının Türkiyə üzərindən Naxçıvana nəqli muxtar respublikanı enerji asılılığından xilas edəcək. Dövlət başçısının sözlərinə görə, bu kəmər Naxçıvanın təbii qaz ehtiyacını 30 il ərzində qarşılayacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Azərbaycan qazının Avropaya çatdırılması sahəsində əməkdaşlığın dərinləşdiyini və İğdır-Naxçıvan layihəsinin iki ölkə arasında strateji tərəfdaşlığın yeni simvoluna çevriləcəyini bəyan edib.
Bu kəmər təkcə Naxçıvanın enerji təhlükəsizliyini təmin etməklə kifayətlənmir, eyni zamanda Azərbaycan və Türkiyə arasındakı iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə xidmət edir. Regionda yeni enerji xəritəsi formalaşır və bu xəritədə Bakı və Ankara mühüm rol oynayır.
Hər iki ölkə hərbi və təhlükəsizlik sahəsində də, yüksək səviyyədə əməkdaşlıq edirlər. Bu dövrdə Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirməklə yanaşı, müdafiə sənayesi sahəsində əməkdaşlıq edərək hərbi texnologiyaların qarşılıqlı mübadiləsini təmin etdilər. Azərbaycanın müasir hərbi infrastrukturu Türkiyənin qabaqcıl hərbi təcrübəsi və yüksək texnologiyaları ilə uyğunlaşdırılaraq ölkənin regionda güc balansını formalaşdırdı.
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qardaşlıq əlaqələri Azərbaycan və Türkiyə xalqlarının arasında möhkəm dostluq və əməkdaşlıq körpüsü qurulmasına şərait yaradır. Cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə iki ölkə enerji, təhlükəsizlik, ticarət və mədəniyyət sahələrində sıx əməkdaşlıq etməklə yanaşı, beynəlxalq müstəvidə də bir-birinə dəstək verir. Bu qardaşlıq münasibətləri ulu öndər Heydər Əliyev və Süleyman Dəmirəl arasında əlaqələrə bənzəyir. Heydər Əliyev və Süleyman Dəmirəl Azərbaycan və Türkiyə arasındakı strateji münasibətlərin qurulmasında və inkişafında mühüm rol oynamış, iki ölkə arasında güclü dostluq və əməkdaşlıq münasibətlərinin təməlini qoymuşdular. Bu gün prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı münasibətlər bütün sahələrdə əməkdaşlığı artırmış, iki ölkənin beynəlxalq arenada daha möhkəm mövqeyə sahib olmasına şərait yaratmışdır.
İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Azərbaycanın haqlı mübarizəsinə tam dəstək verərək Ermənistanın təcavüzkar siyasətinə qarşı birmənalı və qətiyyətli mövqe sərgilədi. Bu, Azərbaycanın hərbi uğurlarını təmin etməklə yanaşı, bölgədəki qüvvələr balansını da yenidən müəyyənləşdirdi. Türkiyənin göstərdiyi siyasi, diplomatik və hərbi dəstək Azərbaycanın münaqişədəki qələbəsini daha da möhkəmləndirdi.
Azərbaycan və Türkiyə arasındakı əlaqələr əsrlər boyu inkişaf edən tarixi dostluqdan strateji müttəfiqliyə keçmişdir. Bu keçid dünyada güc balansının formalaşdırılmasında əhəmiyyətli rol oynayır. İki qardaş xalq müxtəlif dövrlərdə bir-birinə qarşılıqlı dəstək verərək beynəlxalq səhnədə mühüm güc mərkəzi yaradıb. Onların birgə səy və mübarizələri qlobal güc strukturlarında daha balanslı və ədalətli bir düzənin formalaşmasına təkan verir.
Azərbaycan və Türkiyənin birgə fəaliyyəti möhkəm dostluq və müttəfiqlik münasibətlərinin dərin təməllər üzərində daha da inkişaf edəcəyini göstərir. Bu inkişaf iki ölkənin gələcəyinə olan ümidləri daha da gücləndirir. Beləliklə, Azərbaycan və Türkiyə bütün Türk dünyasının və qlobal siyasi düzənin gələcəyinin əsasını qoyan qüvvəyə çevrilir.

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90