image-rt-reklam
image-3backend

Azərbaycan və Qazaxıstan arasında humanitar sahələrdəki əməkdaşlıq genişlənir

image-728x90

Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır.

Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir.

Təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.

İki ölkənin dövlət başçılarının sıx münasibətləri ölkələr arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib.

Növbəti belə yüksəksəviyyəli səfər oktyabrın 20-21-də baş tutub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev Astanaya rəsmi dövlət səfərinə gəlib. Səfər ərəfəsində Prezident İlham Əliyev “Kazinform”a eksklüziv müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhs edib.

Qeyd edilib ki, Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Ötən onilliklər ərzində iki xalq arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurulub.

Ölkə başçısı öz müsahibəsində iki ölkə arasında humanitar sahədə əlaqələrin genişlənməsində yer ayırıb. Qeyd edilib ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibədə Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini deyib. Hazırda bu Mərkəz mühüm mədəni-maarif müəssisəsinə çevrilib, hazırda orada 100-ə yaxın uşaq təhsil alır. Prezident İlham Əliyev Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisinə görə qardaş Qazaxıstana öz minnətdarlığını bildirib.

Qeyd edilməlidir ki, iki ölkənin dostluq münasibətlərinə malik olmasını nümayiş etdirən məqamlardan biri də Qazaxıstanda Ulu Öndərin adını daşıyan küçənin olmasıdır. Belə ki, paytaxt Astananın mərkəzi küçələrindən biri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyır.

Xatırladaq ki, Qazaxıstan Respublikası Hökuməti yanında Onomastik Komissiyanın ötən il yanvarın 17-də keçirilən iclasında Astana şəhərinin Yesil rayonunda yerləşən küçələrdən birinə Ümummilli Lider Heydər Əliyevin adının verilməsi barədə yekun qərar qəbul olunub. Sözügedən küçə Astana şəhərinin yeni salınmış, müasir bina, ticarət mərkəzi, konqres mərkəzi, mehmanxanaların və digər ictimai-iaşə obyektlərinin yerləşdiyi ərazidədir. Küçənin başında botanika bağı yerləşir. 2023-cü il aprelin 10-da hər iki ölkə prezidentinin – İlham Əliyevin və Kasım-Jomart Tokayevin iştirakı ilə Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi keçirilib.

Bundan əlavə, Lev Qumilyov adına Avrasiya Milli Universitetindəki Heydər Əliyev adına auditoriya Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən yenidən qurulub, son texnoloji avadanlıqlarla təchiz olunub.

Prezident İlham Əliyevin müsahibəsində bildirdiyi kimi: “2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Belə tədbirlər xalqlarımız arasında yaradıcılıq əlaqələrinin dinamik inkişafını əks etdirir və iki ölkənin mədəni ənənələrinin qarşılıqlı zənginləşməsinə töhfə verir.

Qazax ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ən görkəmli simalardan biri Kemel Tokayevin “Gecə açılan atəş” adlı povestlər toplusunun Azərbaycan dilində nəşrini məmnunluqla qeyd etmək istərdim.

Həmçinin 2023-cü ildə Bakıda Kemel Tokayevin 100, Mir Cəlal Paşayevin 115 illik yubileylərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib”.

Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcək.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90