image-rt-reklam
image-1backend

Azərbaycan və Özbəkistanın hərbi təlimi: Kremlin narahatlığı və Türk Dünyasında yeni güc mərkəzləri

image-728x90

Azərbaycan həm qonşuları, həm də əməkdaşlıq etdiyi ölkələrlə hər zaman beynəlxalq hüququn normalarına uyğun davranıb. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, bizim heç bir dövlətin torpağında gözümüz yoxdur. Ancaq təbii ki, hüquqlarımızın da tapdalanmasına, haqqımızın pozulmasına göz yuma bilmərik və yummuruq da. 44 günlük Vətən savaşına qədər Azərbaycan işğalçı Ermənistanla da dəfələrlə masa arxasına oturdu. Lakin ermənilər və onların havadarları bu danışıqları hər dəfə pozdular, nəticə olmadı. Buna görə də Azərbaycan məcburiyyətdən müharibə yolunu seçdi və adını Qalib Dövlət kimi tarixə yazdı.

Azərbaycan bu gün Türk dünyasının formalaşması və rifahı üçün də xeyli səylər göstərir. Bu da bir çox dairələri, xüsusilə də Kremli narahat edir.

Qəribəsi budur ki, Kremlyönlü kanallar son dövrlərdə Azərbaycan və Özbəkistan arasındakı əməkdaşlığı qlobal və regional miqyasda təhdid kimi təqdim etməyə çalışır.

Məsələn, “Kavkazar” kanalının “Zaqafqaziya – Rusiyaya qarşı yeni plaşdarm?” devizi bunun tipik nümunəsidir. Məqsəd aydındır: Azərbaycanın artan nüfuzunu şübhə altına almaq, Özbəkistanla strateji əməkdaşlığı gözdən salmaq və Türk Dünyasında yeni geosiyasi balansın Moskva əleyhinə formalaşmasına mane olmaq. Halbuki faktlar göstərir ki, Bakı və Daşkəndin yaxınlaşması tamamilə milli maraqlara, regional sabitliyə və əməkdaşlığa əsaslanır.

Daşkənddə keçirilən “Məharət-2025” komanda-qərargah təlimləri iki ölkənin hərbi sahədə əlaqələrini möhkəmləndirdi. Təlimlərin məqsədi rəsmi olaraq qeyri-qanuni silahlı birləşmələrə qarşı mübarizə olsa da, əslində tərəflər əməliyyat koordinasiyasını, hərbi texnika istifadəsini və strateji planlaşdırmanı təkmilləşdirirlər. Kremlyönlü kanallar bu əməkdaşlığı “Bakının Özbəkistanı öz hərbi sxemlərinə cəlb etməsi” kimi qələmə verir.

Xeyli gülünc və o qədər də qeyri-peşəkar, qərəzlidir. Burada normal olmayan nə var ki? İki müstəqil ölkə sadəcə olaraq iqtisadi maraqlar ətrafında birləşiblər, yeni layihələr icra edirlər. Belə görünür ki, Kreml birlikləri ancaq müharibə, savaş ətrafında təsəvvür edir. Sülh, iqtisadi birlik məsələləri ona xeyli yaddır. Ona görə də hər birlikdən qorxuya düşür…

Energetika sahəsindəki əməkdaşlıq da eyni xətt üzrədir. SOCAR-ın Qaraqalpaqıstandakı Ustyurt platosunda məhsulun bölüşdürülməsi barədə saziş imzalamağa hazırlaşması Azərbaycanın Mərkəzi Asiyada nüfuzunu artırır və Moskvanın uzun illərdir monopoliyasında saxladığı enerji resurslarını şaxələndirir. Kremlyönlü media bunu “Rusiyanın sıxışdırılması” kimi təqdim edir. Əslində isə bu, bazar iqtisadiyyatı və suveren qərarların nəticəsidir. Rusiya əvvəllər Orta Asiya qazını ucuz qiymətə alır, sonra bahalaşdıraraq Avropaya satırdı. Azərbaycan isə ədalətli və şəffaf tərəfdaşlıq modeli ilə bölgəyə nüfuz edir, Moskvanın monopoliyasını məhv edir.

Maraqlı faktlardan biri də BP ilə bağlıdır. Kreml təbliğatı guya BP-nin layihələrdə gizli təsir saxladığını iddia edir. Halbuki BP-nin çıxışı qlobal enerji strategiyası və “yaşıl enerji”yə keçidlə bağlıdır. Bu boşluğu isə SOCAR uğurla doldurur, Azərbaycanın regional enerji siyasətindəki rolunu daha da gücləndirir.

Azərbaycanın və Özbəkistanın əməkdaşlığı yalnız ikitərəfli əlaqələrdən ibarət deyil. Bu yaxınlaşma Türk Dövlətləri Təşkilatı çərçivəsində də yeni güc mərkəzinin yaranmasına xidmət edir. Bakı və Daşkənd Türk Dünyasında bir-birinə dəstək olan, regional sabitliyi təmin edən və iqtisadi əməkdaşlığı təşviq edən modelləri təqdim edir. Moskva isə uzun illər bu bölgədə yalnız öz hegemonluğunu qorumağa çalışıb və Azərbaycan-Türkiyə-Özbəkistan birliyinin güclənməsi onun ən böyük qorxusudur.

Kremlə bağlı kanalların yalançı təbliğatlarının tarixi uğursuzluqları da diqqət çəkir. Ukraynada “rus dünyası” ideyası iflasa uğradı, Gürcüstanda Abxaziya və Cənubi Osetiyada separatizm Moskvanın üstünlüyünü zəiflətdi, Moldovada isə Dnestryanı layihəsi yalnız regional gərginliyi artırdı. Bu gün Kreml eyni ssenarini Cənubi Qafqaz və Mərkəzi Asiyada tətbiq etməyə çalışır, amma artıq keçmiş nümunələrdən fərqli olaraq, Azərbaycan və Özbəkistan milli maraqlara əsaslanan strateji addımlar atır.

Azərbaycanın mövqeyi aydındır: müstəqillik, suverenlik, milli maraqların qorunması və regionda sabitliyin təmin olunması prioritetdir. Bakı və Daşkəndin hərbi və enerji əməkdaşlığı Moskvanın deyil, region dövlətlərinin inkişafına xidmət edir. Kremlin dezinformasiyaları yalnız onun zəifləyən təsir imkanlarını göstərir və faktlarla sübut olunur ki, Türk Dünyasında yeni güc mərkəzləri artıq formalaşır.

Azərbaycan və Özbəkistanın əməkdaşlığı Moskvanın qorxu ssenarilərinə baxmayaraq güclənir və bölgədə yeni geosiyasi reallıq yaradır. Bu proses Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər sabitlik və inkişaf üçün alternativ yol təqdim edir, Kremlin köhnəlmiş və uğursuz təbliğat mexanizmlərini ifşa edir. Bu, hər kəs üçün faydalıdır. Kreml bu proseslərə soyuq başla yanaşsa, özü üçün faydalı məqamlara şahid olar. Gələcək üçün dünyanı dağıtmaq heç nə vəd etmir, qurmaq lazımdır…Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90