Bu gün Azərbaycanın Mərkəzi Asiya ilə qarşılıqlı inteqrasiyası uğurla davam edir və hazırda münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu günlərdə Azərbaycan Prezidentinin də iştirakı ilə Astanada keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə bu, bir daha təsdiqini tapdı. Astana sammiti bir daha təsdiqlədi ki, Mərkəzi Asiya ölkələri və Azərbaycanın vahid geosiyasi, geoiqtisadi və mədəni bir məkan kimi mövqeyi getdikcə güclənir. Azərbaycan Mərkəzi Asiya ölkələri kimi Türk dünyasının bir hissəsidir. Son illər dünyada artan geosiyasi gərginlik fonunda ortaq tarixi köklərə malik olan xalqların daha çox konsolidasiyasına ehtiyac var. Bu kontekstdə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə iştirakı xüsusi əhəmiyyət kəsb edir. Münsibətlərdəki dinamizm qarşılıqlı səfərlərlə müşaiyət olunmamqdadır. Təsadüfi deyil ki, son iki ildə Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrinə 16 səfər edib. Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Prezidentləri də Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər. Keçirilən görüşlərdə liderlər daha çox diqqəti qlobal siyasət, regional, iqtisadi inteqrasiyaya yönəldirlər. Xüsusilə qlobal qeyri-sabitlik şəraitində ümumi təhlükəsizlik sisteminin formalaşdırılması əsas priroritetdir.
Prezident İlham Əliyevin Astanada bəyan etdiyi kimi, ölkələrin müdafiə və təhlükəsizlik sahələrində daha da yaxınlaşması zəruridir. Rəsmi Bakı Mərkəzi Asiya ölkələri ilə nəqliyyat sahəsində də əməkdaşlığı genişləndirməyə hazırdır. Prezident İlham Əliyev yüksək səviyyəli görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt beynəlxalq ticarət limanının da daxil olduğu Orta Dəhlizin artan əhəmiyyətini bir daha diqqətə çatdırdı.
Məlumdur ki, ölkəmiz həm də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) da ən fəal təmsilçilərindən biridir. Təsadüfi deyil ki, SPECA ölkələri və Azərbaycan iqtisadi, demokratik inkişaf, ictimai-siyasi sabitlik baxımından nümunəvi ölkələrə çevriliblər. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. “Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.”
Məhz Azərbaycanın sədrliyi ilə SPECA regionun iqtisadi inkişafına yönəlik çox gözəl imkanlar yaradan platformaya çevrilməkdədir.
Təsadüfi deyil ki, Mərkəzi Asiya ölkələri Ermənistan işğalından azad edilmiş ərazilərinin bərpasına da töhfə verməkdədir. Belə ki, Füzuli və Ağdam rayonlarında müxtəlif layihələrin həyata keçirilməsində Qazaxıstan, Özbəkistan və Qırğızıstan da dəstək nümayiş etdirib.
Eyni zamanda dövlət başçımız COP29-un ev sahibi kimi Azərbaycanın iqlim dəyişikliklərinin mənfi nəticələrinin azaldılması üzrə birgə regional təşəbbüsləri dəstəkləməyə hazır olduğunu Astana sammitində bir daha bəyan etdi. Bir sözlə, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin bütün platformalarda vahid geosiyasi məkan kimi rolu və həhmiyyəi artmaqdadır.
Könül Nurullayeva
24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizəd