Çin ilə Azərbaycan coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşsə də, xalqlarımız arasında tarixən dostluq əlaqələri həmişə mövcud olub. Münasibətlərimizin yaranmasında tarixi İpək yolu vacib rol oynayıb. Bu səbəbdən Çin və Azərbaycan arasında əlaqələr qədim tarixə malikdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində ölkəmizdə gedən bir çox prosseslərə, xarici və daxili siyasət, iqtisadi əlaqələr, nəqliyyat, Azərbaycan və Çin arasında dosluq və əməkdaşlıq əlaqələrinin inkişafı və s. məsələlərə toxunuldu. Çinli jurnalistin suallarını ətraflı cavablandıran dövlətimizin başçısı iki ölkə arasında gələcək əməkdaşlıq əlaqələrindən də danışdı.
İki dost dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı qeyd edib ki, Çin dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biridir. ÇXR-in Sədri Si Cinpinin qətiyyətli və müdrik rəhbərliyi altında Çinin bütün sahələrdə qazandığı nailiyyətlər və uğurlar onu dünyanın ən güclü və qabaqcıl ölkələri sırasına çıxardı, ölkənin beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirdi. Si Cinpinin başçılığı ilə Çin böyük uğurlar qazanıb. Çinin inkişafı təkcə Çin xalqının deyil, həm də dünyanın maraqlarına cavab verir.
Qeyd edilməlidir ki, son illərdə iki ölkə arasında humanitar mübadilələr, xüsusən dillərin tədrisi və turizm sahələri inkişaf edir. Azərbaycan mənbələrinin məlumatına görə, ötən il Azərbaycana səyahət edən çinli turistlərin sayı əvvəlki illə müqayisədə iki dəfə artıb. Azərbaycan və Çinin ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı əldə edən ölkələrimizin vətəndaşlarının sayı ildən-ilə durmadan artır. Konfutsi İnstitutunun tərəfdaşları olan Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dili tədris olunur. Sevindirici haldır ki, son illərdə Çində də Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi mərkəzləri fəaliyyətə başlayıb, müvafiq kafedra yaradılıb. İki ölkənin universitetləri arasında məhsuldar əməkdaşlıq həyata keçirilir, zəruri müqavilə-hüquqi baza yaradılır.
Çin və Azərbaycan dillərinin təhsil müəssisələrində tədrisinin, müəllimlər arasında mübadilənin və mütəxəssislər hazırlanmasının dövlət tərəfindən dəstəklənməsi dövlətlərin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətinin səmərəliliyinə imkan yaradacaq, iki xalqın yaxınlaşmasına və qarşılıqlı mədəni zənginləşməsinə xidmət edəcək.
Ötən il Azərbaycan turizmin inkişafı və işgüzar fəaliyyətin artırılması məqsədilə Çin vətəndaşlarına münasibətdə vizasız rejimi birtərəfli qaydada tətbiq etdi. Ölkələrimizin vətəndaşlarının vizasız gediş-gəlişinin asanlaşdırılması turist axınının artmasına kömək edəcək və bununla da iqtisadi, humanitar və mədəni əlaqələr genişlənəcək.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası