Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin neft-kimya sektoruna əlavə olaraq təxminən 7 milyard dollar həcmində sərmayə yatırmağı planlaşdırır. Bu barədə “Daily Sabah” nəşri Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın açıqlamasına istinadən məlumat yayıb.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib ki, SOCAR-ın “Master Plan” çərçivəsində apardığı ilkin mühəndislik və texniki-iqtisadi əsaslandırma işlərindən sonra şirkət Türkiyədə yeni neft-kimya layihəsinin reallaşdırılmasına qərar verib.
“Biz SOCAR Türkiye-nin təxminən 7 milyard dollar dəyərində əlavə neft-kimya layihəsini həyata keçirməyi planlaşdırmasından məmnunuq. Ümid edirik ki, bu layihə yaxın zamanda reallaşacaq. Bu kimi təşəbbüslər xarici ticarət balansının yaxşılaşdırılması və makroiqtisadi sabitliyin gücləndirilməsi baxımından çox önəmlidir,” – deyə Yılmaz qeyd edib.
Vitse-prezidentin sözlərinə görə, bu günə qədər SOCAR-ın Türkiyə iqtisadiyyatına yatırdığı ümumi investisiya 18 milyard dolları ötüb. Şirkət Türkiyənin aparıcı neft-kimya müəssisəsi olan Petkim-in və İzmir şəhərində yerləşən müasir STAR neft emalı zavodunun sahibidir.
SOCAR Türkiye-nin neft-kimya sahəsi üzrə rəhbəri Kənan Mirzəyev daha əvvəl bildirmişdi ki, yeni layihə poliolefin məhsullarının istehsalına yönəlib. Layihə 2024-cü ilin dekabrında SOCAR-ın Direktorlar Şurası tərəfindən təsdiqlənib və icra müddətinin 5 ildən 10 ilə qədər davam etməsi gözlənilir.
Cevdet Yılmaz, həmçinin, Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya nəqlinin başladığını vurğulayaraq bu əməkdaşlığı “kritik tərəfdaşlıq” adlandırıb:
“Azərbaycan qazının Suriyaya çatdırılması Ankara və Bakı arasında sıx əməkdaşlıq və koordinasiya nəticəsində mümkün olub. Bu qaz elektrik enerjisinə çevriləcək və uzun illər qaranlıq və dağıntı içində yaşayan Suriya xalqına yardım edəcək,” – deyə o qeyd edib.
Türkiyənin vitse-prezidenti gələcək planlara da toxunaraq bildirib:
“Azərbaycanla birlikdə atacağımız ən vacib addımlardan biri, daha çox təbii qaz tədarükü və Türkmənistan qazının Azərbaycan və Türkiyə vasitəsilə ixracı sahəsində investisiya əməkdaşlığını gücləndirmək olacaq. Bu, bütün tərəflərə fayda gətirəcək.”