Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxstanın Aktau şəhəri ərazisində qəzaya uğraması ilə bağlı müxtəlif versiyalar irəli sürülür.
Ulusal.az xəbər verir ki, növbəti versiyanı Britaniyanın “The Times” qəzeti gündəmə gətirib.
Bildirilir ki, “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin gövdəsində qəlpələr və ya güllələrdən zədələnməyə bənzər dəliklər var ki, bu da quş sürüsü ilə toqquşmanın rəsmi versiyasını şübhə altına alır.
Nəşr mütəxəssislərin fikirlərinə istinadən yazır ki, belə hallarda təyyarələr adətən hadisə yerindən yüzlərlə kilometr aralıda düşmək əvəzinə təcili eniş edir.
“Conflict Intelligence Team”in müstəqil rusiyalı analitiklərinin fikrincə, gövdədəki dəliklər “Pantsir-S1” kompleksinin zenit raketinin zərbəsi nəticəsində ola bilər.
Belə ki, hadisənin Ukraynanın 50 pilotsuz təyyarəsinin Rusiya ərazisində, o cümlədən cənub bölgələrində hava hücumundan müdafiə sistemlərinin işə salınmasına səbəb ola biləcək hücumlardan qısa müddət sonra baş verməsi şübhəli məqam yaradır.
Açıq məlumatlar üzrə tədqiqatçı Oliver Alexander qəzaya uğrayan AZAL təyyarəsinin görüntülərini təhlil edərək şaquli stabilizatorun bir tərəfində giriş, digər tərəfində isə çıxış dəliklərinin olduğunu qeyd edib.
“Zərər quşların vurması nəticəsində yaranıbsa, dəliklərin ətrafında daha çox batıqlar görünməli idi. Bununla belə, hər bir fraqmentin gövdəyə sadəcə deformasiya etməkdənsə, onu keçmək üçün kifayət qədər kinetik enerjisi var” deyə o, “The Times”a istinadla yazıb.
Qeyd edək ki, hazırda baş verənlərlə bağlı çoxlu versiyalar var, lakin yekun nəticələri təyyarə qəzasını araşdıran komissiya təqdim edəcək.
Xatırladaq ki, Bakıdan Qroznıya uçan “Embraer 190” sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Son məlumatlara görə, təyyarədə 69 nəfər olub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Təyyarədə Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları da olub. Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, 32 nəfər sağ qalıb.