ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə keçirilən danışıqlardan sonra Qəzza ilə bağlı sülh planını təqdim edib. Sənəd HƏMAS-ın tam silahsızlaşdırılmasını, bütün girovların 72 saat ərzində azad olunmasını, bunun əvəzində isə İsrail həbsxanalarındakı minlərlə fələstinlinin azad edilməsini, Qəzzanın idarəçiliyinin texnokratlardan ibarət “Fələstin Komitəsi”nə verilməsini və təhlükəsizliyin təmin olunması üçün beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tutur.
Ynet Global-ın məlumatına görə, İsrail hökumətində yüksək vəzifəli şəxslər planın “çoxsaylı suallar doğurduğunu və hələ reallıqdan uzaq olduğunu” bildiriblər. Buna baxmayaraq, İsrail və ABŞ HƏMAS-dan rəsmi cavab gözləyir. Əgər rədd cavabı verilərsə, Vaşinqton İsrailə hərbi dəstəyi artıraraq əməliyyatları davam etdirməyi planlaşdırır.
Məsələ ilə tanış mənbələr hesab edirlər ki, HƏMAS birbaşa rədd cavabı verməkdən yayınaraq şərtli razılaşmaya üstünlük verəcək. Bu isə danışıqlar prosesini uzada bilər. Qətərin baş naziri Məhəmməd Əl Tani də planı “dəqiqləşdirmə və müzakirə tələb edən prinsiplər toplusu” adlandıraraq bu ehtimalı təsdiqləyib.
Hazırda müddətlərlə bağlı aydınlıq yoxdur. İsraildə siyasi təsdiq yalnız HƏMAS-ın prinsipial razılığından sonra başlayacaq. Bundan sonra İsrail nümayəndə heyətinin Dohaya gedərək detallı danışıqlara başlaması gözlənilir.
Rəsmi şəxslərin sözlərinə görə, plan təhlükəsizlik baxımından mürəkkəb tədbirləri də əhatə edir: mərhələli şəkildə İsrail ordusunun (ÇAXAL) çıxarılması, kəşfiyyat fəaliyyətinə məhdudiyyətlər və gələcəkdə hansı qüvvələrin yerləşdirilməsi məsələsi. Mənbələrdən biri vurğulayıb ki, “İsrail müdafiə ordusu Qəzzada qalacaq və tədricən çıxarılacaq, bu isə olduqca çətin proses olacaq”.
İsrail mediası qeyd edir ki, planın hərbi tərəfləri hələ də müzakirə olunur, lakin siyasi və humanitar məsələlər də ciddi narahatlıq doğurur. Tramp “Sülh Şurası” adlı yeni qurum yaradıldığını açıqlayıb. Onun rəhbəri keçmiş Britaniya baş naziri Toni Bler olacaq. Təşəbbüs çoxmillətli sülhməramlı qüvvələrin formalaşdırılmasını nəzərdə tutur. Qüvvələrin tərkibinə BƏƏ, Səudiyyə Ərəbistanı və Azərbaycanın bölmələrinin də daxil ola biləcəyi deyilir, amma rəsmi təsdiq hələlik yoxdur.
Ən mübahisəli məqamlardan biri təhlükəsizlik səbəbi ilə məhkum edilmiş fələstinlilərin azad olunmasıdır. İsrail hökuməti Mərvan Barquti kimi tanınmış şəxslərin buraxılmasını istisna edir. Lakin ömürlük cəza çəkən 280-ə yaxın fələstinlinin azadlığa buraxılması ehtimalı ciddi müzakirələr doğurur.
“The Economist”in məlumatına görə, “Sülh Şurası”na BMT mandatı verilə bilər və bu qurum Qəzzada beş il müddətinə “ali siyasi və hüquqi orqan” kimi fəaliyyət göstərə bilər. Əgər plan qəbul olunarsa, Toni Bler 25 nəfərlik katiblik yarada və icra hakimiyyətini idarə edəcək yeddi nəfərlik idarə heyətinə rəhbərlik edə bilər.
London Kral Kollecinin müdafiə tədqiqatları üzrə dosenti Andreas Kriqin sözlərinə görə, Şura “elitlərin idarə etdiyi qəyyumluq təşkilatı” kimi nəzərdə tutulub. Burada Tramp, Toni Bler və region ölkələrinin – BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, İordaniya və Qətərin nümayəndələri əsas rol oynayacaq.
Onun fikrincə, bu ölkələrin iştirakı həm maliyyələşdirmə, həm də legitimlik baxımından vacibdir. O bildirib ki, keçid dövrü və texnokrat idarəçiliyi “indiki mərhələdə yeganə çıxış yoludur”. Lakin o xəbərdarlıq edib ki, bu, yalnız “dəqiq və icra edilə bilən vaxt çərçivəsi” olduqda uğurlu ola bilər. Əks halda, Qəzzada “fələstinlilərin razılığı olmadan faktiki xarici idarəetmə” riski yaranacaq. Kriq bu ssenarini “1930-cu illərin Şanxayına bənzər vəziyyət” adlandırıb.