image-rt-reklam
image-1backend

Azərbaycan Prezidenti BMT tribunasından dünyanı ədalətə, sülhə və qanunun aliliyinə hörmətə çağırdı

image-728x90

25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin etdiyi çıxış Azərbaycan diplomatiyası tarixində mühüm hadisə kimi yadda qaldı. Prezidentin çıxışı bir tərəfdən 30 ilə yaxın işğalın acı nəticələrini dünya ictimaiyyətinə xatırlatdı, digər tərəfdən isə qələbədən sonra qurulan yeni reallıqlar əsasında sülh, əməkdaşlıq və inkişaf gündəliyini təqdim etdi.

Azərbaycan Prezidenti çıxışına Ermənistanın həyata keçirdiyi etnik təmizləmə və hərbi cinayətlərin nəticələrinə toxunmaqla başladı. Bir milyon azərbaycanlının öz yurdundan didərgin düşməsi, onların fundamental hüquqlarının kobud şəkildə pozulması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasız qalması beynəlxalq ədalətsizliyin bariz nümunəsi kimi göstərildi. Bu, Azərbaycanı öz gücü ilə haqqını təmin etməyə sövq edən əsas səbəb idi.

Daha sonra dövlət başçısı ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə diqqət çəkərək, onun illərlə status-kvonu qoruduğunu bildirdi. Bu isə süni şəkildə münaqişəni uzatmaqdan başqa bir işə yaramadı. Lakin Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq 2020-ci ildə özünümüdafiə hüququndan istifadə etdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 günlük Vətən müharibəsində işğala son qoydu, ərazilərimizi azad etdi və tarixi ədaləti bərpa etdi.

Prezident İlham Əliyevin vurğuladığı kimi, 2020-ci il noyabrın 10-u Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə tarixə yazıldı. Qələbədən dərhal sonra Azərbaycan Ermənistanla sülh müqaviləsinə hazır olduğunu bəyan etdi və beynəlxalq hüquqa əsaslanan beş prinsip irəli sürdü. 2022-ci ildən başlayan danışıqlar nəhayət nəticə verdi və 2025-ci ilin avqustunda Vaşinqtonda tərəflərin sülh sazişi mətnini paraflaması regionda sabitliyin əsasını qoydu. Burada diqqətəlayiq məqam odur ki, ABŞ Prezidenti Donald Trampın da şahid kimi sənədə imza atması prosesə beynəlxalq legitimlik verdi.

Prezident İlham Əliyev çıxışında regional bağlantıların davamlı sülhün təmin edilməsində əsas rol oynayacağını vurğuladı. TRIPP – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi və Zəngəzur dəhlizindən maneəsiz keçid bölgədə iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edəcək. Bununla yanaşı, Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması, ABŞ Prezidenti Donald Tramp ilə imzalanan Anlaşma Memorandumu ikitərəfli münasibətləri yeni mərhələyə yüksəltdi.

Çıxışda xüsusi olaraq ABŞ Prezidentinin 907-ci düzəlişin tətbiqini dayandırması qərarı tarixi addım kimi qiymətləndirildi. Bu, ikili standartlara, ədalətsizliyə son qoymaq və Azərbaycanın qlobal təhlükəsizlik sistemindəki rolunu tanımaq deməkdir. Prezident İlham Əliyev həm strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlərə görə, həm də Ermənistanla sülh prosesinə verdiyi dəstəyə görə ABŞ rəhbərliyinə təşəkkürünü bildirdi.

Dövlət başçısı nitqində Azərbaycanın quruculuq siyasətinə də toxundu. 2020-ci ildən sonra azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparılır. Ermənistan tərəfindən yerlə-yeksan edilmiş yüzlərlə şəhər və kənd, dağıdılmış məscidlər bu gün yenidən dirçəldilir. “Böyük Qayıdış” proqramı nəticəsində artıq 50 mindən çox insan öz doğma torpaqlarında yaşayır və işləyir.

Eyni zamanda, dövlətimizin qarşısında duran ən ağır humanitar problemlərdən biri mina təhlükəsi də beynəlxalq auditoriyanın diqqətinə çatdırıldı. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə mina partlaması nəticəsində 400-dən çox insanın həyatını itirdiyi və ya ağır yaralandığı faktını beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran dövlət başçısı mina probleminin hazırda da köçkünlərin təhlükəsiz qayıdışına əngəl yaratdığını xüsusi olaraq vurğuladı. Bundan başqa, 4 minədək azərbaycanlının işğal dövründə itkin düşməsi məsələsi də beynəlxalq ictimaiyyətin qarşısında ciddi məsələ kimi qaldırıldı.

Azərbaycan Prezidenti çıxışında qlobal çağırışlara münasibətini də açıqladı. COP29-a ev sahibliyi edən Azərbaycan iqlim diplomatiyasında mühüm uğurlar qazandı. Bakı Maliyyə Hədəfi qlobal iqlim maliyyələşməsində tarixi mərhələ oldu və inkişaf etməkdə olan ölkələrə ədalətli dəstək prinsiplərini möhkəmləndirdi. Eyni zamanda, karbon bazarlarının işə salınması və Paris Sazişinin tam qüvvəyə minməsi Azərbaycanın beynəlxalq proseslərdə aparıcı rolunu təsdiqlədi.

Enerji təhlükəsizliyi məsələsinə toxunan dövlət başçısı bildirdi ki, Azərbaycan 14 ölkəyə qaz ixrac edir və Avropanın enerji təminatında strateji tərəfdaş rolunu oynayır. Bununla yanaşı, bərpaolunan enerji sahəsində qoyulan hədəflər ölkəmizin yaşıl inkişaf yoluna sadiqliyini göstərir. Maraqlı məqamlardan biri də Azərbaycanın Suriyaya enerji dəstəyi verməsi və bununla regional sabitliyə töhfə göstərməsidir.

Prezident İlham Əliyev nəqliyyat və rəqəmsal dəhlizlərə də geniş yer ayırdı. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafı, Ələt Beynəlxalq Limanının və Bakı-Tbilisi-Qars dəmir yolunun gücləndirilməsi Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsini təmin edir. “Rəqəmsal İpək Yolu” layihəsi isə Azərbaycanın regional rəqəmsal mərkəz kimi formalaşmasını sürətləndirir.

Çıxışda iqtisadi sabitlik və sosial tərəqqi məsələləri də vurğulandı. Yoxsulluğun və işsizliyin 5 faizə enməsi, dövlət borcunun ÜDM-in cəmi 6,5 faizi səviyyəsində qalması və valyuta ehtiyatlarının yüksəkliyi ölkəmizin dayanıqlı inkişaf modelinin bariz göstəriciləridir. Beynəlxalq reytinq agentliklərinin verdiyi müsbət qiymətləndirmələr isə bu uğuru təsdiqləyir.

Ekoloji problemlərə toxunan Prezident İlham Əliyev Xəzər dənizinin sürətlə azalması təhlükəsini xatırladaraq bu problemin yalnız birgə səylərlə həll edilə biləcəyini bildirdi. Azərbaycanın BMT ilə əməkdaşlığa hazır olması isə məsuliyyətli dövlət siyasətinin ifadəsidir.

Çıxışın humanitar tərəfini isə ölkəmizin qlobal yardım fəaliyyəti təşkil etdi. COVID-19 pandemiyası zamanı 80-dən çox ölkəyə yardım göndərilməsi, təbii fəlakətlər zamanı göstərilən dəstək Azərbaycanın həmrəylik və humanitar dəyərlərə sadiqliyini təsdiqlədi.

Prezident İlham Əliyev nitqini yekunlaşdıraraq bildirdi ki, Azərbaycan həm müharibədə qələbə qazandı, həm də sülhü təmin etdi. İşğala son qoyuldu, ədalət zəfər çaldı, suverenlik möhkəmləndi. Son illərdə əldə edilən uğurlar yalnız Azərbaycanın qələbəsi deyil, həm də beynəlxalq hüququn üstünlüyünün bərqərar olmasının sübutudur. Dövlət başçısı bütün dünyanı ikili standartlardan uzaq, ədalətli və qanunun aliliyinə əsaslanan sülh mühitinə dəvət etdi.

Azərbaycan Prezidentinin BMT tribunasından çıxışı göstərdi ki, Azərbaycan artıq yalnız öz haqqını bərpa etmiş dövlət deyil, həm də qlobal miqyasda ədalətin, sabitliyin və əməkdaşlığın təşəbbüskarıdır. Prezident İlham Əliyevin BMT tribunasından səsləndirdiyi mesajlar həm milli maraqlarımızın müdafiəsi, həm də beynəlxalq sistemdə yeni ədalətli nizamın qurulması baxımından tarixi əhəmiyyət daşıyır.

Vasif Qafarov

Milli Məclisin deputatı,

Tarix elmləri doktoru

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90