Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xatırladaq ki, Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. İki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən müxtəlif sahələrdə uğurla davam etdirilir.
Bu dost ölkə keçmiş münaqişə ilə bağlı hər zaman öz qəti mövqeyini də bildirib. Belə ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatı 2022-ci il mayın 30-da Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib.
Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır. Ölkəmiz bu məsələdə Pakistanın haqlı mövqeyini dəstəkləyir və Pakistan ilə həmrəydir. Eyni zamanda, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə kontakt qrupun üzvüdür.
Göründüyü kimi, hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edir. Ölkələrimiz müvafiq beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya Parlament Assambleyası, habelə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans çərçivəsində də uğurla əməkdaşlıq edir, bir-birilərinə dəstək verir.
Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirilir. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən silsilə humanitar tədbirlər çərçivəsində Kəşmirin Müzəffərabad şəhərində qızlar məktəbi inşa edilib, bu ölkənin Xayber Paxtunxva əyalətində hepatit B virusuna qarşı peyvəndləşdirmə işləri aparılıb. Həmin əyalətin klinikalarında serebral iflicin müalicəsi təşkil olunub, açıq ürək cərrahiyyə əməliyyatları baş tutub, Pakistan-Əfqanıstan sərhədi boyu pulsuz qanköçürmə məqsədilə xüsusi laboratoriya ilə təchiz olunumuş, təcili tibbi yardım avtomobili hədiyyə edilib. Göz klinikasının tikintisi üçün maddi yardım göstərilib, Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil edilib. Həmçinin, 30 min nəfərdən çox imkansız insana qurbanlıq paylanılıb.
Dövlətimizin başçısının 2005-ci il aprelin 12-13-də Pakistana rəsmi səfəri, eləcə də 2017-ci il 28 fevral-1 mart tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açıb, əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirib.
İyulun 11-12-sində Prezident İlham Əliyevin Pakistana dövlət səfəri iki ölkə arasındakı əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Səfər zamanı Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə ikitərəfli və geniştərkibli görüşləri keçirilib. Həmçinin səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 10-dan çox sənədin imzalanıb. Ümumiyyətlə, Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazası kifayət qədər genişdir. İndiyə qədər 38 sənəd imzalanıb, 25 sənəd layihəsinə isə hazırda baxılmaqdadır.
İyulun 11-də İslamabadda keçirilən rəsmi mərasimlərin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev İslamabadda Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib ki, “Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır”.
Bu bağlantının böyük sərvət olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq”.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatında deyib ki, “Pakistan həmişə Azərbaycanın Qarabağla bağlı mövqeyini dəstəkləyib və sizin Qələbəniz ədalətin hərtərəfli təntənəsinin nümunəsidir. Pakistan bu onilliklər ərzində həmişə sizin haqq işinizi dəstəkləyib”.
Azərbaycanın da həmişə kəşmirlilərin haqq işini dəstəklədiyini vurğulayan Baş nazir bildirib: “Mən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq öz müqəddəratını təyin etmək hüququna nail olmaq üçün yetmiş ildən artıq böyük qurbanlar vermiş milyonlarla insanı nəzərdə tuturam. Yaxın Şərqdə digər ölkələrlə yanaşı, Azərbaycan və Türkiyə Kəşmirin haqq işini dəstəkləyən dost və qardaş ölkələrdən olmuşdur”.
Bu fikirlər iki ölkə arasında münasibətlərin səmimi xarakterini və strateji tərəfdaşlıq səviyyəsini nümayiş etdirir, eyni zamanda regional və qlobal sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edir.
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor