“Ermənistan öz şantajı ilə Beynəlxalq Təşkilatları zara gətirib. Bu şantajlar rəsmi İrəvan tərəfindən həyata keçirilir. Şantaj sizyasəti bu dəfə ermənilərə yardım etməyəcək.”.
Ulusal.az xəbər verir ki, bu barədə politoloq Arzuman Muradlı bildirib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövlətinin addımları, Prezident İlham Əliyevin daxili və xarici auditoriyalarda verdiyi mesajlar onu əminliklə söyləməyə əsas verir ki, Ermənistanla sərhəddə hər hansı bir terror dəhlizinin açılmasına imkan verilməyəcək.
Politoloq vurğulayıb ki, rəsmi İrəvan üçün çıxış yolu gələcəyi Azərbaycanla uzlaşdırmaqdan keçir və bu işin uğuru Bakının burada formalaşdırdığı şərtləri tez və qeyri-şərtsiz qəbul etməkdən birbaşa asılıdır:
“Hesab edirəm ki, ermənilərin şantajlarına baxmayaraq Laçın yolu açılmayacaq. Azərbaycan öz dediyini diktə edəcək. Son günlər Ermənistan mediası və ekspertlərinin Azərbaycan-Ermənistan sərhədində, Laçın yolu ətrafında Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birgə ortalığa atılan avantüranın ətrafında müzakirələr maraqlı məqamları ortaya çıxardı. Müzakirələrdə təşəbbüsün sifarişçisi və əsas israr edən tərəf kimi dünyadakı erməni lobbisi çıxış edir. Qarabağda “etirazların” dəstəklənməsi üçün erməni lobbisi bütün dünyada “dilən-dolan” mexanizmini işə salaraq maliyyə toplayır. Keçən ilin payızından Azərbaycan Laçın yolu və Ermənistanla sərhəddə üç dolama yolun şəffaflığını təmin etdikdən sonra bölgədən qeyri-qanuni daşınmalar və talanmış resursların Qarabağdan çıxarılması mümkünsüz olub. Bölgədən və bölgəyə qeyri-qanuni daşınmaların həyata keçirilməsi üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında xüsusi təyinatlı “Humanitar dəstək” əməliyyatına ehtiyac yaranıb. Regionda şübhəli daşınmalar həyata keçirməklə “ad-san” qazanmış “Spayka” şirkətinin “TIR”ları ilə artıq 10 aydır ki, Qarabağdan çıxara bilmədikləri yükləri çıxarmaq üçün “xüsusi təyinatlı əməliyyat” həyata keçirməyə cəhd edirlər. Beynəlxalq Qırmızı Xaç Komitəsinin “Humanitar dəstək” əməliyyatının təşkilatçıları separatçıların Qarabağda taladığı resursları, ən əsası Ruben Vardanyanın “ekokəndlər layihəsinin” izlərini evakuasiya etmək üçün Qarabağa girməyə çalışırlar”.






















