“8 noyabr Azərbaycan tarixində əlamətdar bir gündür. Məhz bu gün Azərbaycan dövləti öz ərazi bütövlüyünü tam şəkildə bərpa edib.”

Bu barədə Ulusal.az saytına açıqlamasında politoloq Arzuman Muradlı danışıb. O bildirib ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsini Şuşa şəhərində başa vuraraq, misilsiz qəhrəmanlıq salnaməsi yazdı.
“Ermənilərin illərlə yaratdıqları ‘məğlubedilməzlik’ mifini Azərbaycan əsgərləri cəmi iki gün ərzində darmadağın etdi. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu 35 il ərzində ermənilərin qurduğu Ohanyan xəttini yararaq torpaqlarımızı azad etdi,” – deyə politoloq vurğulayıb.
Arzuman Muradlı qeyd edib ki, bu müharibə zamanı Azərbaycan oğulları böyük fədakarlıq göstərərək şəhid və qazi oldular, lakin öz müqəddəs amal – torpaqların azadlığı – uğrunda məqsədlərinə nail oldular.
“8 Noyabr – Zəfər Günü, Azərbaycanın milli qürur və birliyinin simvoluna çevrilib. Bu gün xalqımızın azadlıq uğrunda mübarizəsinin, igidlik və birliyinin təntənəsi kimi tarixə həkk olunub. Torpaqlarımızı öz qanları ilə suvaran igidlərimizin sayəsində bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Zəfər bayramı münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayıram,” – deyə Arzuman Muradlı bildirib.






















