image-rt-reklam
image-1687600330_cavansir_feyziyevbackend

Azərbaycan – Mərkəzi Asiya əməkdaşlığı – Millət vəkili yazır

image-728x90

Keçən əsrin əvvəllərində London Unuversitetində işləyən coğrafiya professoru Helford Makkinder dünyanın geo-siyasi təsnifatını irəli sürmüşdü. Onun “Heartland” nəzəriyyəsinə görə Balkanlardan Çinə qədər uzanan sahə “İç və ya Kənar Aypara” adlanır. İngilis aliminin fikrincə bu geo-politik qurşağa hakim olan güc nəticə etibarilə bütün dünyaya hakim ola bilər. Alimin “iç torpaq” adlandırdığı ərazi təxminən Cənubi Qafqazdan başlayaraq bütün Mərkəzi Asiyanı əhatə edən türk zolağı ilə üst-üstə düşür. Əlbəttə, Makkinderdən sonra onun Heartland nəzəriyyəsinə alternativ kimi çıxış edən bir sıra siyasi nəzəriyyələr də irəli sürülüb. Lakin son 100 ildə qlobal geo-politikada baş verən hadisələr Helford Makkinderin dünyanın mərkəzi hesab etdiyi bu ərazinin əhəmiyyətinin heç də azalmadığını göstərir.

Beləliklə, “İç Torpaq” dünyada gedən mürəkkəb proseslərə adekvat şəkildə öz dövlət quruluşlarını inkişaf etdirməyə və möhkəmləndirməyə çalışan türk dövlətlərinin yerləşdiyi qlobal əhəmiyyətli bir ərazi kimi anlaşılır. Bu ərazilərdə yaşayan xalqları çoxəsrlik dostluq və qardaşlıq münasibətləri birləşdirir. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Son 30 il ərzində Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında davamlı olaraq inkişaf edən qarşılıqlı münasibətlərin əsas dayaq nöqtəsini də məhz ortaq tariximiz və ortaq dəyərlərimiz təşkil edir.

Azərbaycan dövləti otuz ildən artıqdır ki, Mərkəzi Asiya dövlətləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda fəal şəkildə əməkdaşlıq edir. Bu vacib geo-politik qurşaqda yerləşən bütün dövlətlər bir-birinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirir və beynəlxalq siyasi platformalarda uzlaşdırılmış mövqedən çıxış edirlər. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Dövlətlərarası münasibətlərin getdikcə yaxınlaşması yeni əməkdaşlıq formatlarının meydana gəlməsi üçün yeni imkanlar açır. Son iki il ərzində Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinə doqquz dəfə səfər etməsi də Azərbaycan tərəfindən Mərkəzi Asiya regionu ilə əməkdaşlığa verilən prioritetin göstəricisidir. Eyni zamanda, bu müddət ərzində Mərkəzi Asiyada yerləşən bütün qardaş dövlətlərin başçıları da dəfələrlə Azərbaycana səfərlər ediblər.

Prezident İlham Əliyevin 14 sentyabr tarixində Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirakı və səsləndirdiyi fikirlər ölkəmizin region dövlətləri ilə əməkdaşlıq perspektivlərinə işıq salır. İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır və bu iki istiqamət üzrə göstəricilər son illərdə davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Qarşılıqlı ticari-iqtisadi əlaqələri canlandırmaq məqsədilə region dövlətləri arasında birgə sərmayə fondları yaradılıb və növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb.

Sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, turizm, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələrin həyata keçiriilməsinə başlanıb. Mərkəzi Asiyadan olan şirkətlər Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraq göstərirlər və bu istiqamətdə yeni əməkdaşlıq layihələri müzakirə olunmaqdadır.

Cənubi Qafqaz və Mərkəzi Asiya geo-politik regionu bütövlükdə hələ tarixən qlobal nəqliyyat arteriyalarının keçdiyi bir ərazi olub. Müasir dövrdə qədim İpək Yolunun bərpa olunması ilə bağlı Azərbaycanın təşəbbüsləri regionun bütün dövlətləri və qlobal iqtisadiyyatın aparıcı gücləri tərəfindən dəstəklənir. Məhz buna görə də nəqliyyat və logistika sahəsi Mərkəzi Asiya dövlətləri ilə münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində ən etibarlı tranzit ölkədir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır. Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir. Orta Dəhliz layihəsinin reallaşdırılması üçün region dövlətləri intensiv məsləhətləşmələr aparır və hər bir dövlət bu qlobal layihəyə öz töhfəsini verməyə çalışır. Nəzərdə tutulan layihələrin həyata keçirilməsi bütövlükdə regionun, ayrılıqda isə Azərbaycanın dünya iqtisadi sistemində rolunu və əhəmiyyətini artıracaq. Regional əməkdaşlığın yeni formatı ölkələrimizin və xalqlarımızın bir-biri ilə daha da yaxınlaşmasına zəmin yaradacaq.

Cavanşir Feyziyev

Millət vəkili

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90