image-2000x150
image-1backend

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparır

image-728x90

Azərbaycan höküməti 2021-2022-ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın pul xərcləyib. Bu il bu məqsəd üçün ən azı 1.7 milyard ABŞ dolları məbləğində vəsaitin ayrılması planlaşdırılır. “Ağıllı şəhər”, “ağıllı kənd”, konsepsiyaları milli hökümətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və daha öncə görülməmiş bir inkişaf və yenidənqurma modelidir.

Cənab Prezidentin başçılığı ilə düşmənə “Dəmir yumruq” zərbəsi endirildi. 10 noyabr 2020-ci il tarixində Ermənistan kapitulyasiya aktına imza atdı. Lakin mənfur düşmənimiz 30 il ərzində Qarabağda daşı daş üstündə qoymamışdı. Bu dağılmış diyarın yenidən bərpa olunması üçün Ali Baş Komandanımız 16.11.2022-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair birinci dövlət proqramını” təsdiq etmişdir. Bu proqrama uyğun olaraq 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır.Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Xocavənd, Xocalı, Ağdam, Şuşa, Füzuli, Tərtər, Ağcəbədi və Bərdə rayonları daxil edilib.
O cümlədən, yeni yaradılan Şərqi Zəngəzur iqtisadi rayonu da işğaldan azad olunmuş Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarını əhatə edir.

Azərbaycanın gündəliyinin mərkəzində hazırda işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı təmin etməklə bağlı məsələlər dayanır. Vəhşi düşmən üç onillik ərzində nəzarəti altında saxladığı torpaqlarımızda ağlasığmaz vandalizm əməlləri törədib. Lakin erməni vandalizminin, dağıntıların miqyası böyük olsa da, Azərbaycan Vətən müharibəsində işğaldan təmizlənən ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərdə bərpa layihələrinin icrasına başlanılması, hazırda işlərin intensiv şəkildə davam etdirilməsi bunu bir daha təsdiqləyir.

İşğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıtmaq istəyən vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi dövlət siyasətinin prioritetidir.

Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-yenidənqurma işlərinin möhtəşəm vüsəti və əhatəliliyi bütün dünyanı heyran qoymaqdadır. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu XXI əsrdə ilk dəfə olaraq müasir texnologiyaların tətbiqi ilə genişmiqyaslı hərbi əməliyyatlar aparmaqla Vətən torpaqlarını işğaldan azad etdiyi kimi, bu gün də Azərbaycan xalqı öz Prezidentinin rəhbərliyi ilə həmin torpaqların yenidən dirçəldilməsi üçün möhtəşəm layihələr həyata keçirməkdədir.

İşğaldan azad edilən ərazilərdə layihələr müxtəlif istiqamətlərdə icra olunur. Bura həm şəhər və kəndlərin tikintisi, həm də zəruri infrastrukturun yaradılması daxildir.

Hazırda infrastruktur quruculuğu işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işlərinin mühüm bir istiqamətini təşkil edir. Yaradılan infrastruktur işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından bəhrələnməyə və həmin ərazilərə insanların qayıdışını təmin etməyə imkan verəcək.

Cənab Prezidentin 2020-ci ötən il noyabrın 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və dövlət başçısı tərəfindən Füzuli – Şuşa avtomobil yolunun təməli də qoyuldu. Beləliklə, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinə start verildi. Dövlət başçısının tapşırığı ilə qısa bir zamanda bir neçə yol layihəsinin icrasına başlanıldı və bu gün uğurla davam etdirilir. Reallaşacaq layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. İrimiqyaslı layihələr sırasında beynəlxalq hava limanları qeyd olunmalıdır. Belə ki, dövlət başçısı tərəfindən Füzulidə təməli qoyulan beynəlxalq hava limanının 8 ay ərizində inşası və istifadəyə verilməsi iqtisadi gücümüzü göstərdi.

Ağdam, Şuşa, Zəngilan kimi işğaldan azad olunun ərazilərdə aparılan abadlıq quruculuq işləri Böyük Qayıdışın təntənəsidir. Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə artıq bir qism əhali köçürüldü. Otuz ilə yaxın yurd həsrəti ilə yaşayan ailələr yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə məskunlaşıblar. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna səfər edib. Səfər çərçivəsində Azərbaycan Prezidenti Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırıb.

İşğaldan azad eilmiş ərazilərdə üç hava limanının tikintisi planlaşdırılıb. Füzuli Beynəlxalq Hava Limanının təməli 2021-ci ilin yanvarında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Bundan başqa, yenə də Prezident İlham Əliyevin iştirakı ilə Zəngilan rayonunda beynəlxalq hava limanının təməli qoyulub. İşğaldan azad olunmuş ərazilərdə daha bir beynəlxalq hava limanının inşası isə Laçın rayonunun ərazisində nəzərdə tutulub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bəhs olunan səfər çərçivəsində Laçın Beynəlxalq Hava Limanının təməlini qoyublar. Laçın Beynəlxalq Hava Limanının tikintisi üçün rayonun Qorçu kəndi seçilib. Bu yerin üstünlüyü ondadır ki, buradan Laçın şəhərinə məsafə 30 kilometrdən, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Beləliklə, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq.

Azad edilmiş torpaqlarda Heydər Əliyev Fondunun dəstəyi ilə hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi həyata keçirilir. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisinə başlanıb. Heydər Əliyev Fondunun işğaldan azd edilmiş torpaqlarda milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində həyata keçirdiyi işlər bununla bitmir.
Ermənilər tərəfindən dağıntılara məruz qalmış tarixi-memarlıq komplekslərinin bərpa və konservasiyası, bölgədəki bütün abidələrin aşkar edilərək qeydiyyata alınması üçün arxeoloji axtarış işlərinin aparılması qarşıda duran əsas vəzifələrdəndir.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafındakı rayonların uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazilərdə bioloji müxtəlifliyə, o cümlədən flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulmuşdur. Ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, əhalinin sudan qəsdən məhrum edilməsi, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələri, yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulmuşdur.
Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin su və enerji potensialı kifayət qədər böyükdür. Azərbaycan postmüharibə mərhələsində bu potensialdan maksimum səmərə ilə və ekoloji normaları gözləməklə istifadə etmək niyyətindədir. 1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə suyun qarşısını kəsir, daşqınlar zamanı, yaxud suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırdılar. Hazırda işğaldan azad edilmiş ərazilərdəki bütün su ehtiyatları araşdırılır, təhlil edilir. Həmin su mənbələrindən istifadə edilməsi gələcəkdə ölkəmizə böyük üstünlük qazandıracaq.

Əhalinin sosial xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə işğaldan azad olunmuş ərazilərdə “Asan Xidmət” və “Dost” mərkəzləri fəaliyyətə başlayıb. “Asan-Akademiya-Qarabağ” layihəsi həyata keçirilib. 4 ay davam edən layihə çərçivəsində insan resurslarının idarə edilməsi, innovasiya və sosial-media marketinqi üzrə proqramı reallaşdırmaq üçün Zəngilan rayonuna səfər təşkil olunub.

Qarabağın turizm potensialını inkişaf etdirmək üçün “Qafqaz Albaniyası turizm marşrutu” adlı layihə hazırlanıb. Alban mədəniyyəti marşrutu Azərbaycanın 3 əsas dəhlizini – Bakı-Şəki-Zaqatala, Gəncə-Qazax və Qarabağı əhatə edir. Kəlbəcərdə “İstisu” qış turizminin inkişafında böyük potensiala malikdir. Qısa bir müddət ərzində Şuşada “Qarabağ” və “Xarıbülbül” otelləri istifadəyə verildi. Xocavənd rayonu da xüsusi turizm potensialına malikdir. Tuğ və Hadrut şərabçılıq turizmi üçün daha perspektivlidir.

Əhalinin məşğulluğu və sosial rifahının yaxşılaşdırılması üçün Dövlət Məşğulluq Xidməti Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Şuşa və Xocavənd rayonları üzrə iş vakansiyaları təşkil etmişdir. Kənd təsərrüfatı və biznesin inkişafı üçün azad olunmuş rayonlarda ciddi güzəştlər tətbiq olunur. Ağdam sənaye parkı və Araz vadisi sənaye parkında sahibkarlara bir sıra vergi güzəştləri ediləcək. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Zəngilanda “Dost-Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin açılışı həyata keçirilib.

Qarabağda yerüstü və hava nəqliyyatı da durmadan inkişaf edir. Füzuli hava limanı artıq fəaliyyətə başlayıb. Həmçinin Zəngilan və Laçın hava limanlarının da yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. Görülən işlərin davamı olaraq hazırda işğaldan azad olunan ərazilərdə yeni yol-nəqliyyat infrastrukturu yaradılır. Zəngilan-Horadiz avtomobil yolu yeni yaradılan infrastrukturun təməli hesab olunur. Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Bu baxımdan, Zəngilan-Horadiz avtomobil yolu da strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq. Strateji əhəmiyyətli bu yol Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan MR-lə, Şərqi və Qərbi Zəngəzuru isə dəmir və avtomobil yolu vasitəsilə birləşdirəcək.

Mədəniyyət sahəsində də böyük işlər görüldü. “Vaqif poeziya günləri”, “Xarıbülbül musiqi festivalı” bərpa olundu. Cənab Prezidentin göstərişi ilə ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri bərpa edilmişdir.

İşğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Dəmir yolları, avtomobil yolları çəkilir. Gənclər də öz dədə-baba yurduna qayıtmağa çox həvəslidirlər.İnsanların qayıdışı üçün şərait olmalıdır.

Erməni vandalları tərəfindən dağıdılmış şəhər və kəndlərimizdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bərpa, yenidənqurma və quruculuq işlərinin aparılması, öz doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı yüksək səviyyədə təmin ediləcəkdir. Qarabağ nəinki Azərbaycanın, dünyanın ən gözəl məkanlarından birinə çevriləcəkdir.
Quliyeva Minarə Nazim qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90