image-2000x150
image-img_0445backend

“Azərbaycan hər zaman qlobal miqyaslı problemlərin həllinə dəstək verib“ – MÜNASİBƏT BİLDİRİLDİ

image-728x90

“Hazırda hökumətin əsas fəaliyyət istiqamətlərindən biri məhz COP 29 tədbirinin keçirilməsi ilə bağlı ölkəmizdə aparılan hazırlıq işləridir. İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəfdaş Dövlətlərin 29-cu Konfransının (COP29) Bakıda keçirilməsi haqqında qəbul olunmuş qərar ilk növbədə Azərbaycanın qlobal problemlərin müzakirəsində oynadığı fəal rolun göstəricisidir. Dünya dövlətlərinin liderləri iqlim dəyişikliyi kimi qlobal bir problemi müzakirə etmək üçün məhz Bakıda görüşəcəklər. Bu görüşlərin məqsədi bütün bəşəriyyəti narahat edən iqlim dəyişikliklərinin fəsadlarını müzakirə etmək və bu fəsadların qarşısının alınması üçün bütün dünya tərəfindən məqbul hesab ediləcək yol xəritəsinin hazırlanmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

image-media-cavansir_feyziyev-8gnlte7vacj60f5xskbm-620x450

Onun sözlərinə görə, Azərbaycan hər zaman belə qlobal miqyaslı problemlərin həllinə dəstək verib və indi də öz töhfəsini verməyə hazırlaşır: Son 20 ildə ölkəmizdə həyata keçirilən sənayeləşdirmə layihələrində ətraf mühitin qorunması üçün ən yeni texnologiyalardan istifadə olunması, ölkədə ekoloji sağlamlığın təmin edilməsi üçün ayrı-ayrı dövlət proqramlarının həyata keçirilməsi, yaşıl enerjinin istehsalına və ondan istifadəyə geniş yer verilməsi dövlət səviyyəsində ekologi problemlərə prioritet yanaşmanın təsdiqidir. Ölkənin flora və fauna sərvətlərinin mühafizə edilməsi, ictimai düşüncədə ekoloji maarifləndirmə işlərinin aparılması, yaşıllaşdırmanın təbliği kimi layihələr davamlı olaraq dövlət tərəfindən dəstəklənir. Ölkəmizdə ekoloji hərəkatın genişlənməsi və gücləndirilməsi əhalinin sağlamlığının qorunması ilə yanaşı həm də iqlim dəyişikliyinə qarşı qlobal mübarizənin tərkib hissəsi hesab olunmalıdır. İqlim dəyişikliyi ilə bağlı problemlər ayrı-ayrı ölkələrin yox, bütövlükdə bəşəriyyətin qarşısında duran problemdir. Ona görə də dünya birliyinin hər bir üzvü iqlim dəyişikliyinin doğurduğu fəsadların qarşısının alınmasına öz töhfəsini verməlidir. Əminəm ki, COP 29 tədbirlərinə ev sahibliyi edən Azərbaycan pandemiya dövründə olduğu kimi bu dəfə də dünyanı narahat edən problemlərlə bağlı öz mövqeyini və yeni təşəbbüslərini dünya birliyinə təqdim edəcək”.

Deputat sözlərinə davam edərək bildirib ki, bütün bunlar qlobal problemlərin həllində Azərbaycanın rolunun artmasını təmin edir və beynəlxalq miqyasda Azərbaycanın nüfuzunun artırılmasına xidmət edir: “Bu kimi tədbirlərin təşkili bütün dövlətləri bəşəriyyətin sağlam gələcəyi üçün birgə çalışmağa doğru istiqamətləndirir. Yaxın gələcəkdə yaşıl enerjinin Azərbaycanda istifadə olunan enerji mənbəyinin 40 %-ni təşkil edəcəyi planlaşdırılır. Eyni zamanda ölkəmizdə istehsal olunacaq yaşıl enerjinin bir hissəsinin Avropaya nəql edilməsi ilə bağlı Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumu Azərbaycanın qlobal İqlim dəyişiklərinə qarşı dünya birliyinə verdiyi böyük töhfədir. Beləliklə, Azərbaycan sadəcə COP 29 tədbirinin keçiriləcəyi məkan deyil. O həm də qlobal istiləşmə ilə mübarizədə səmərəli həll yollarının tapılmasında praktiki addımlar atan ən fəal ölkələrdən biridir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90