image-2000x150
image-sebine-xasayeva-ggbackend

Azərbaycan həmişə haqlıdır!

image-728x90

2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi. Noyabrın 10-da üçtərəfli bəyanat imzalandı. Bu sənəd Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi oldu. Dünya müharibələr tarixi təsdiqləyir ki, belə sənədlər həmişə sözsüz yerinə yetirilib. Qalib qalib kimi tanınıb, məğlub məğlub kimi. Bunu Ermənistanın nə özü, nə də havadarları qəbul edə bilmir. Bunun nəticəsidir ki, Rusiyanın sülhməramlılarının mühafizə etməli olduğu yerlərdən qeyri-qanuni  erməni silahlı qüvvələrinin silahlı dəstələri sızaraq  Azərbaycanın işğaldan azad olunmuş ərazilərində təxribatlar törədir, Ermənistanda zəfərdən sonra istehsal edilmiş minalar basdırır ki, bu da neçə-neçə hərbi qulluqçunun həlak olmasına, ciddi xəsarət almasına səbəb olur. Yəni Ermənistan müharibəni bu şəkildə davam etdirir.

Regionda sülh yaranmasına bütün vasitələrlə mane olmağa çalışan Ermənistan niyyətini bu və ya digər beynəlxalq görüşdə gizlətməyə, pərdələməyə çalışsa da, əməlləri onun xislətinin düzəlmədiyini təsdiqləyir.

Ermənistan silahlı birləşmələrinin bölmələri fevralın 21-də Azərbaycan Ordusunun Tovuz rayonundakı, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundakı mövqeləri 4 saat yarım müddətində 15 dəfə atəşə tutulub. Ermənistanın bu miqyaslı təxribatı yenidən işğala meyildirmi? Yoxsa Cənubi Qafqazda dayanıqlı sülhün yaranmasına ciddi əngəl törətmək istəyidirmi? Ermənistan silahlı birləşmələrinə məxsus silahlı dəstələr həmin vaxtlarda Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsini, Şuşa şəhərini, Xocavənd rayonu istiqamətlərində yerləşən mövqelərini də atəşə tutub. Bu atışlar da eyni niyyətin təzahürüdür. Yəni, İkinci Qarabağ müharibəsində məğlub olmuş Ermənistan yenə də işğala meyilli dövlət olduğunu istər sərhədlərdə, istərsə də məğlub olaraq geri çəkildiyi ərazilərdə təsdiqləməkdədir.

Avropa İttifaqının missiyası fevralın 20-də Ermənistanda fəaliyyətə başlayıb. Bir gün sonra Ermənistanın silahlı birləşmələrinə məxsus silahlı dəstələr həm Ermənistan ərazisindən, həm də Rusiyanın sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdən Azərbaycan ərazilərini atəşə tutub. Bu, nəyə arxayınlıqdır? Kimə arxayınlıqdır? Etmənistan niyə unudur ki, sirkə nə qədər tünd olsa, öz qabını çartladır…

Azərbaycan dəfələrlə bildirib ki, Avropa İttifaqının missiyasının gəlişi regionda vəziyyətin sabitləşməsinə deyil, gərginləşməsinə xidmət edəcək. Missiyanın fəaliyyətə başlamasından bir gün sonra mövqelərimizin atəşə tutulması bunun təsdiqidir.

Ermənistana elə gəlir ki, avropalı müşahidəçilərin regionda olması ona “təhlükəsizlik mühiti” yaradır. Ermənistan bu gümana görəmi cəsarətə gəlib? Azərbaycan haqq yolundadır, bəşəri dövlət olan Azərbaycan üçün erməniliyə xidmət edən silahlıların hansı ölkənin, hansı missiyanın arxasında gizlənməsinin heç bir əhəmiyyəti yoxdur. Ermənistan təxribat və təhdidlərə görə ciddi şəkildə cəzalanacaqdır.

Avropa İttifaqı bu missiyanı “mülki missiya” adlandırsa da, fəaliyyətə başladığı gün yaydığı açıqlamada ilk dəfə etiraf etdi ki, missiyada iştirak edən 100 nəfərdən 50-si silahsız müşahidəçidir. Bəs qalan 50 nəfəri? – onlar silahlı şəxslərdir. Maraqlıdır, Ermənistan rəhbərliyi ölkəyə Aİ-nin silahlı missiyasını buraxdığını indiyədək hətta öz ictimaiyyətindən də gizlədirmiş və nə məqsədlə gizlədirmiş?..

Bəs İran? İran hansı maraqlara görə sərhədinə avroplılardan ibarət silahlı missiyanın gəlişini sükutla qarşılayır? Bəs Rusiya? – Aİ missiyasının Ermınistanda yerləşdirilməsinə neqativ münasibətini gizlətməsə də, onu regiondan sıxışdırıb çıxartmaq cəhdlərinə təsirli tədbirlər görmür.

İstər Aİ ilə bağlı mövqeyini, istərsə də Ermənistanın 21 fevral təxribatının dünya ictimaiyyətinə ciddi təhlükə kimi təqdim edilməsi Azərbaycanın bəşəriliyinin təsdiqidir. Azərbaycan həmişə olduğu kimi indi də haqlıdır…

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90