image-2000x150
image-esejpg-1676371665backend

Azərbaycan etibarlı tərəfdaş kimi…

image-728x90

“İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan dayanıqlı inkişafı ilə daim dünyanın diqqətindədir. Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi bugünümüzə hesablanmış mühüm addımları sırasındadır. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional əməkdaşlığın aparıcı qüvvəsinə çevrilən ölkəmiz, eyni zamanda, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi nüfuz qazandı. İllər keçdikcə əməkdaşlığın coğrafiyasının genişlənməsi, Azərbaycanın yeni dostlar, tərəfdaşlar qazanması enerji diplomatiyamızın uğurlarında da özünün aydın ifadəsini tapdı. Artıq iki ildir istifadəyə verilən Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın Avropa məkanında artan nüfuzunun göstəricisidir. Dövlət başçısı İlham Əliyev fevralın 13-də “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bu mühüm addımın Azərbaycana qazandıracaq uğurlardan geniş bəhs edərək bildirdi ki, Mingəçevir şəhərinin nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır. Yüzlərlə yeni iş yerləri yaranacaq. Azərbaycan öz imkanlarından istifadə edərək həm daxili tələbatını ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Hazırkı dövrdə Avropa məkanında Azərbaycan qazına böyük tələbatın olduğunu nəzərə alsaq, yeni stansiya, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq. Cənab İlham Əliyev onu da əlavə etdi ki, Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən ulu öndər Heydər Əliyev olub. Onun rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulub. Ümummilli lider Heydər Əliyevin şəxsən iştirakı ilə 1981-ci ildə böyük stansiyanın birinci blokunun açılışı olub”.

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə qeyd edib.

Millət vəkili müqayisəli təhlil əsasında bu statistik rəqəmlərə də diqqəti yönəldib ki, 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. Cari ildə isə onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. 2023-cü ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Müqayisə üçün 2021-ci ildə bu rəqəm 19 milyard kubmetr təşkil edib. Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir.

Ə.Salahzadə bildirib ki, Azərbaycanın təkcə ötən il elektroenergetika sahəsində atdığı addımlara və əldə olunan uğurlu nəticələrə diqqət yetirmək kifayətdir: “Ölkəmiz hər bir addımında əməkdaşlığa xüsusi önəm verdiyini təsdiqləyir. Yeni stansiyanın inşasında da İtaliya şirkəti iştirak edir. Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlər ilə əlaqələrinin yüksələn xətlə inkişafı göz önündədir. Azərbaycan-İtaliya əlaqələrinin bugünkü inkişaf səviyyəsinin göstəricilərindən biri iki ölkə arasında strateji tərəfdaşlığa dair iki sənədin imzalanmasıdır. Əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır. Dostluq əlaqələri və geniş əməkdaşlıq təhsildən mədəniyyətədək müxtəlif sektorları əhatə edir. “Öz bacarıqları və təcrübəsi ilə İtaliya gələn illərdə də Azərbaycanın geniş energetika planları üçün etibarlı müttəfiq olacaqdır” söyləyən İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso bu əminliyi ifadə etdi ki, əməkdaşlığı digər sənaye sahələrində, o cümlədən kənd təsərrüfatı və yeyinti məhsullarının istehsalında davam etdirəcəyik. Azərbaycanın inkişafına və Avropanın enerji təhlükəsizliyinə öz töhfəmizi vermək istərdik.”

Millət vəkili Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin yüksələn xətlə inkişafının göstəricisi olaraq ötən il Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində ölkəmizlə qurum arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu qeyd edib: “Artıq həmin sənədin icrasına başlanıb. Atılan hər bir addım Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndiyini nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev məhz bu uğurlarımıza, Azərbaycanın malik olduğu imkanlara söykənərək belə bir əminliyi ifadə etdi ki, bu gün doğrudan da böyük və önəmli işin təməli qoyuldu. Stansiya nəzərdə tutulmuş vaxtda inşa ediləcək. Həm ölkəmizin enerji potensialını, ixrac imkanlarımızı gücləndirəcək, həm də xarici tərəfdaşlarla yeni, gələcək layihələrə yol açacaq.”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90