image-rt-reklam
image-5backend

“Azərbaycan Emmanuel Makrona dərs verdi” – RƏY

image-728x90

“Azərbaycanın Fransa Prezidenti Emmanuel Makronun iştirak etdiyi hər hansı bir müzakirədən imtina etməsi Paris üçün ibrətamiz dərsdir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, Fransanın həm daxili, həm də xarici siyasəti E.Makronun ölkəyə rəhbərliyi dövründə nəzərəçarpan dərəcədə deqradasiyaya uğrayıb: “Ölkə daxilində insan hüquqlarının pozulması, Makron hökumətinin islahatlarına qarşı dinc nümayişlərin qəddarlıqla dağıdılması, etiraz aksiyalarında “sarı jiletlilər” hərəkatının bir neçə üzvünün öldürülməsi və yaralanması dövlətin apardığı daxili siyasətin heç də qənaətbəxş olmadığını, insan haqlarının kobud şəkildə pozulduğunu təsdiqləyən hadisələrdir. Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi beynəlxalq siyasətdə də əsas söz sahiblərindən biridir. Ancaq bu istiqamətdə də Yelisey sarayı tərəfindən atılan addımların bir çox hallarda beynəlxalq hüquq normalarına zidd olduğu açıq-aşkar görünür. Fransanın hələ də müstəmləkəçilik əsarətində saxlamağa çalışdığı bir sıra Afrika ölkələrində Fransa siyasətinə qarşı güclənən etiraz dalğası onların yeni müstəmləkəçilik siyasətinin iflasa uğradığını göstərir”.

Deputat qeyd edib ki, 2020- ci ildən başlayaraq E.Makronun Azərbaycana və Türkiyəyə qarşı demarş cəhdləri də Parisin siyasətinin ikiüzlülüyünün və riyakarlığının sübutudur: “Qarabağla bağlı Azərbaycan və Ermənistan arasında münaqişənin həllində guya ədalətli və tərəfsiz vasitəçi olmağa iddia edən Fransa Emmanuel Makronun prezidentliyi dövründə açıq-aşkar Ermənistanın işğalçılıq siyasətinə dəstək verdiyini bəyan edib. Prezident Makronun 44 günlük müharibə zamanı Ermənistanın haqsız mövqeyini dəstəkləmək üçün yalan və iftiralarla dolu bəyanatlar verməsini isə xüsusilə son zamanlar beynəlxalq siyasətdə az rast gəlinən siyasi əxlaqsızlıq nümunəsi hesab etmək olar. Müharibə başa çatdıqdan sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün münbit zəmin yaranmışdı”.

C.Feyziyev xatırladıb ki, müharibədən sonra Ermənistan siyasi hakimiyyəti Azərbaycanla münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan etmişdi: “Lakin prezident Makronun sülh danışıqlarına müdaxiləsi Ermənistanın mövqeyini dəyişdirdi, orada revanşist qüvvələrin fəallaşmasına və nəticə etibarı ilə sülh danışıqlarının dalana dirənməsinə gətirib çıxardı. Odur ki, Azərbaycan haqlı olaraq Makronun iştirakı olan hər hansı müzakirələrdən imtina etməli oldu. Bu əslində Fransa üçün ibrətamiz bir dərs olmalı idi. Ancaq biz görürük ki, Makron siyasi müstəvidə uduzmağını həzm edə bilmir. O əvvəlki kimi Cənubi Qafqazda sülh və təhlükəsizlik mühitinin bərpa olunmasına maneçilik törətməyə cəhd göstərir və bu məqsədlə də Ermənistandan istifadə etməyə çalışır.

Zənnimcə, artıq Ermənistanda da bəzi siyasətçilər başa düşürlər ki, Makronun məqsədi ermənilərin təhlükəsizliyinə töhfə vermək yox, onların bu ağır vəziyyətindən sui-istifadə etməklə Ermənistanı özünün yeni müstəmləkəsinə çevirməkdən ibarətdir. Bu isə bütövlükdə Cənubi Qafqaz bölgəsinin maraqlarına ziddir. Ona görə də düşünürəm ki, hətta Ermənistan Fransanın forpostu olmağa razılaşsa belə, digər bölgə dövlətləri – Türkiyə, Azərbaycan, Gürcüstan və Rusiya buna yol verməyəcəklər”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90