“Hazırda Qarabağda ermənilərin yaşadığı bölgədə silahsızlaşdırma davam etdirilir. Döyüş əməliyyatlarının dayandırılması ilə bağlı əldə edilmiş razılaşmaya uyğun olaraq, Qarabağdakı erməni silahlı birləşmələri silah və hərbi texnikanı təhvil verirlər. Azərbaycanın Qarabağ bölgəsində davam edən cəmi 4 günlük tərk-silah prosesi göstərdi ki, bu region işğal altında olduğu illər ərzində hərbi anbarların, toplanan silah-sursatın sayına görə dünyanın ən hərbiləşdirilmiş zonasına və bölgəmizin barıt çəlləyinə çevrilib”.- bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, Azərbaycan 24 saatlıq anti-terror tədbirləri ilə dünyaya sübut etdi ki, bu problemi həll etmək olardı.
“30 il ərzində Azərbaycan beynəlxalq təşkilatlardan kömək istəyir, Qarabağ problemini sülh yolu ilə həll edilməsinə nail olmaq istəyirdi. Əvəzində isə Qərb və Rusiya erməniləri silahlandırmaqla bölgədə vəziyyəti daha da gərginləşdirirdilər. Amma Azərbaycan bu problemi həll etməyi öz üzərinə götürdü. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində torpaqlarımız azad edildi. Bir neçə gün öncə isə 24 saatlıq anti-terror tədbirləri ilə bütün Qarabağ separatçılardan təmizləndi. Azərbaycan dünyaya sübut etdi ki, 30 illik problemi 24 saata həll etmək gücündədir. Mən döyüşlərdə şəhid olan bütün oğullarımıza Allahdan rəhmət diləyirəm. Qazilərimizə can sağlığı arzu edirəm.”-deyə Arzuman Muradlı bildirib.























