image-rt-reklam
image-nesib_yap_-3backend

Azərbaycan dili ən ali dəyərimizdir

image-728x90

Hər bir xalqın milli kimliyi onun sahib olduğu dili ilə öz təsdiqini tapır. Dil xalqların dəyişməz, toxunulmaz, müqəddəs simvolu kimi çıxış edir. Bu simvol olmadan dünya xalqları arasında öz yerini tapmaq, öz sözünü demək, öz milli kimliyini qəbul etdirmək mümkün olmazdı. Tarixən o xalqlar öz varlığını qoruyub saxlaya biliblər ki, onlar ilk növbədə, əcdadlarının yaratdıqları qədim dillərini bütün yad təsirlərdən qoruyub, yaşadıb, başlıcası onu inkişaf etdirə biliblər.

Azərbaycan dili də məhz belə dillərdəndir: qədim kökləri var, sistemli inkişaf mərhələsi keçib, əski zamanlardan klassik ədəbiyyatın dilinə çevrilə bilib.

Təbii ki, hər bir xalqın dili kimi əlifbası da var. Ötən əsrin əvvəllərindən başlayaraq baş verən əlifba islahatlarından Azərbaycan dili və əlifbası da yan keçə bilməyib və bəlli olduğu kimi, bu islahatlar heç də həmişə xalqlara, onun dilinə, yazı qrafikasına uğur gətirməyib. Fakt ondan ibarətdir ki, sovet məkanında yaşayan xalqların o dövrün vahid konstitusiyası ilə milli dilləri daim sıxışdırılırdı. Milli dilə kobud, bağışlanmaz qadağalar var idi. Ana dilinin təəssübünü çəkənlər olsa da, onlar ağır cəzalar alırdı.

Belə bir vaxtda Azərbaycana rəhbərlik etmiş görkəmli siyasi xadim Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin əlavə olunması olduqca cəsarətli mövqe idi və bu mövqe heç zaman dəyişmədi.

Müstəqilliymizin qazanılmasından sonra yaranan tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Yeni əlifbanın tətbiqi müstəqil Azərbaycanın ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biri oldu. Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması 1995-ci ildə Konstitusiyada təsbit olundu. Bundan sonra ana dilinin inkişafı və qorunması işi daha da gücləndirildi.

Ulu öndər Heydər Əliyev 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis edildi. 2002-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu.

Görkəmli siyasi xadim Heydər Əliyevin dilə olan münasibəti, sevgisi onun çoxsaylı çıxışlarında aydın ifadə olunub. Ulu Öndər deyirdi: “Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.” Azərbaycanlı olmaqla, Azərbaycan dilində danışmaqla hər zaman fəxr edən Heydər Əliyevin dil siyasəti təqdirəlayiq haldır ki, özündən sonra da davam etdi və onun siyasi varisi, Prezident İlham Əliyev ana dilinin qorunması, yaşaması üçün özündən əvvəl görülən bütün gərəkli işləri uğurla irəli apardı.

Prezident İlham Əliyev tərəfindən 2004-cü ildə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci ildə “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” imzalanan sərəncamlar ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqini, yayılmasını, qorunmasını gerçəkləşdirdi.

Bundan başqa, 2013-cü ildə Azərbaycan dilinin qorunmasına xidmət edən Dövlət Proqramı qəbul olundu. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” adlı sənəd Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasına yönəlik tədbirləri özündə ehtiva edirdi.

Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı və 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90