image-rt-reklam
image-1backend

Azərbaycan bu gün Cənubi Qafqazda söz sahibinə çevrilib

image-728x90

“Həyatda hər şey nisbidir” düşüncəsini özlərinə həyat tərzi seçənlər bir həqiqəti unudurlar ki, bunu təməl dəyərlərinə şamil etmək olduqca yanlışdır. Məsələn, dövlət müstəqilliyi gerçək mənada ya təmin edilir, ya da bugünkü Ermənistan kimi, onun imitasiyası ilə öz cəmiyyətini ovundurmağa məhkum olursan. Nə qədər ağrılı olsa da, unutmamalıyıq ki, Azərbaycan 1988-ci ildən 1993-cü ilin birinci yarısınadək bundan dəfələrlə mürəkkəb olan bir dövrü yaşayıb. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin Prezident seçkilərindən sonra andiçmə mərasimində səsləndirdiyi bu fikir o dövrün acı gerçəkliyini hər birimizə həmişə xatırladacaq: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır… Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.

Ulu Öndərə məxsus olan bu cümlələrin arxasında həmin dövrün, sözün həqiqi mənasında, faciəli tarixi dayanır. 1991-ci ildə dövlət müstəqilliyimiz bərpa edildikdən cəmi dörd ay sonra Xocalı soyqırımı törədilmişdi, mayın 8-də Şuşa, mayın 18-də Laçın, 1993-cü il aprelin 2-də isə Kəlbəcər işğal olunmuşdu. Ermənistan bununla tarixən arzusunda olduğu “miatsum” xülyasını artıq reallığa çevirə bilmişdi. Qondarma separatçı rejim Xankəndidə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etmiş və bu qərar Ermənistanın müstəqillik bəyannaməsində təsbit olunmuşdu. Bu azmış kimi, həmin dövrdə Azərbaycanda iqtidarda olanlar, xüsusilə, AXC-Müsavat hakimiyyətini təmsil edənlər cəmi 11 ay ərzində ölkəmizi elə çıxılmaz vəziyyətə salmışdı ki, sıravi vətəndaş sabaha olan ümidini belə itirmişdi. AXC-Müsavat iqtidarının şəristəsizliklə müşayiət olunan qətiyyətsizliyi elə şərait yaratmışdı ki, vətəndaş dövlət orqanları ilə deyil, qanunsuz silahlı dəstələrin zoru ilə hesablaşmağa, hətta onlara bac verməyə məhkum edilmişdi. Həmin 11 ayın Azərbaycana gətirdiyi acı gerçəkliyi öz adı ilə cağırmalı olsaq, yalnız bu ifadələr yada düşə bilər: xaos və mənəm-mənəmlik, dövlət institutlarının iflici və pərakəndə silahlı dəstələrin dövlətə meydan oxuması, bütün bunlardan irəli gələn vətəndaş etimadsızlığı və vətəndaş ümidsizliyi. Bunların üzərinə daima hər birimizi mənən sarsıdan milyona yaxın qaçqın və məcburi köçkünümüzün problemlərini, cəmiyyətin total işsizliklə yanaşı sosial güvənsizliyini və min faiz səviyyəsində olan inflyasiyanı əlavə etsək, xalqımızın həmin dövrdə hansı ağır vəziyyətə salındığını təxmin etmək gələcək nəsillər üçün də çətin olmayacaq. O dövrdə ölkə əhalisinin hər səkkiz nəfərindən biri məcburi köçkün, 50 faizindən çoxu isə yoxsulluq həddində yaşamağa məhkum edilmişdi. Dövlət idarəçiliyindəki naşılıq xalqımızı vətəndaş müharibəsi, dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu.

Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqımızın təkidli tələbi ilə məhz belə vəziyyətdə məsuliyyəti öz üzərinə götürdü, çoxsaylı təhdid və təzyiqlərə baxmayaraq, bir-birini inkar edən güc mərkəzlərini 1994-cü ilin sentyabrında Bakının Gülüstan sarayında bir araya gətirə və “Əsrin müqaviləsi”nin imzalanmasına nail ola bildi. Bu, ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin olunması yolunda Ulu Öndərin ortaya qoyduğu qətiyyətin və göstərdiyi şəxsi fədakarlığın bəhrəsi idi. Ulu Öndəri durdurmaq, müstəqillik yolundan çəkindirmək üçün dəfələrlə onun həyatına sui-qəsdlər edildi, xarici qüvvələrin himayədarlığı ilə dövlət çevrilişinə çoxsaylı cəhdlər göstərildi. Amma Heydər Əliyev bənzərsiz idarəçilik təcrübəsinə görə bu təhlükələri əvvəlcədən görür və bilirdi ki, xalqımızın vətəndaş müharibəsindən xilası, Azərbaycanın dövlət müstəqilliyinin gerçək mənada təmin olunması yalnız şəxsi fədakarlıqlar hesabına gerçəkləşə bilər. Ulu Öndər məhz bu səbəbdən həm daxilimizdəki başıpozuq qüvvələrə, həm də xaricdəki bədxahlarımıza elə ilk gündən bu mesajı verdi: “Mən Azərbaycan Respublikasının bu ağır dövründə bu yükü öz üzərimə götürmüşəm və götürmüşəm ona görə yox ki, bu vəzifə mənə lazımdır bəziləri kimi, bəziləri ona can atırlar-yox. Götürmüşəm ona görə ki, öz bacı-qardaşlarıma, öz doğma Vətənimə, doğma vətəndaşlarıma, doğma torpağıma xidmət edim. Və mən bütün bu təxribatların, terrorların qabağında durmuşam və duracağam, Azərbaycanın müstəqilliyini qorumuşam-qoruyacağam! Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq”.

Bu gün tarixi Zəfəri ilə qürur duyduğumuz müasir Azərbaycan Heydər Əliyev yolunun, Ulu Öndər müdrikliyinin şah əsəridir. 1993-cü ilin iyununda kim düşünə bilərdi ki, Azərbaycan vasitəçilərin ikibaşlı oyunlarına, beynəlxalq təşkilatların “dişsizliyinə” baxmayaraq, 30 il sonra suverenliyini tam şəkildə bərpa edəcək, separatçı rejimin üzdəniraq təmsilçilərinə isə haqq etdikləri təcridxana həyatını yaşada biləcək. O vaxt kim düşünə bilərdi ki, neft-qaz ölkəsi olduğu halda, müstəqilliyinin ilk illərində elektrik enerjisinin və təbii qazın qıtlığından əziyyət çəkən Azərbaycan 31 il sonra COP29 kimi ən nüfuzlu beynəlxalq tədbirlərdən birinə ev sahibliyi edəcək, hətta işğalçı Ermənistan da bununla razılaşmalı olacaq. Amma bütün bunlar artıq həqiqətdir və onlar Heydər Əliyev siyasətinin, bu müdrik siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətli mövqeyinin məntiqi nəticəsidir. Cənab Prezidentin iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışı zamanı verdiyi bu bəyanat şahidi olduğumuz böyük həqiqətlərdən yalnız biridir: “Bir neçə ay bundan öncə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırdı və bu, həqiqətdir. Çünki bizim təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir”.

Vaxtilə elektrik enerjisinin və təbii qazın qıtlığından əziyyət çəkən Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan, etibarlı tərəfdaş statusunu qazanmış ölkələrdən birinə çevrilib. Müasir Azərbaycan artıq iqlim dəyişikliyi və “Yaşıl enerjiyə” keçid kimi qlobal problemlərin müzakirə olunduğu siyasi mərkəzlərdən biridir. COP29-un ölkəmizə etibar edilməsi iqtisadi uğurlarımızın etirafı ilə yanaşı, həm də Azərbaycan iqtidarının beynəlxalq hüquq normaları əsasında Cənubi Qafqazda bərpa etdiyi tarixi ədalətin də qəbullanması deməkdir. Baxmayaraq ki, beynəlxalq arenada tarixi Zəfərimizi həzm edə bilməyən, uğurlarımızı gözü götrməyən qüvvələr bu gün də az deyil. Ən acınacaqlısı odur ki, 31 il əvvəl siyasi naşılığı və səriştəsizliyi üzündən iflasa uğrayan AXC-Müsavat cütlüyünün radikal müxalifətdə olan qalıqları, xüsusilə AXCP təmsilçiləri Qələbəmizi həzm edə bilməyən xarici dairələrin yanında yer almaqdan nəinki utanmır, əksinə, bu cür utancverici mövqeyi özləri üçün “şərəf” bilirlər. Əslində isə bütün arqumentləri bitib deyə, xaricdəki anti-Azərbaycan dairələrinin rəğbət və dəstəyini qazanmaq üçün indi də qışqır-bağır salıb deyirlər ki, müstəmləkəçilikdən əziyyət çəkən kiçik ölkələrə Azərbaycan niyə dəstək verir? Tarixi Zəfərimizin altında Prezident, Ali Baş Komandan İlham Əliyevin müzəffər imzası dayandığına görə, hər fürsətdə Qələbəmizə kölgə salmağa çalışan belələrinin yanaşma tərzinin yalnız bir diaqnozu var: siyasi natamamlıq sindromu.

Dövlətimizin başçısı iyunun 6-da TÜRKPA-nın geniştərkibli nümayəndə heyyətini qəbul edərkən həm xaricdəki bədxahlarımıza, həm də onların buradakı qulbeçələrinə tutarlı bir mesaj verdi: “Ancaq İkinci Qarabağ müharibəsindən və xüsusilə keçən ilin antiterror əməliyyatından sonra bəzi Avropa ölkələri bizə qarşı əsassız və vicdansız hücumlara başlayıb. Azərbaycanı ləkələmək, bizim işimizə kölgə salmaq, ağa qara, qaraya ağ demək, işğalçını dəstəkləmək, işğala məruz qalanları isə ləkələmək Avropa İttifaqının bəzi üzv ölkələri üçün həyat tərzinə çevrilib. Bunun təməlində heç də beynəlxalq hüququn normaları deyil, şəxsi xəstə ambisiyalar dayanır… Bu gün də müstəmləkəçilik siyasəti Avropa İttifaqında davam edir. Amma kimsə onlara irad tutur? Yox… Mənə dəymə, mən də sənə dəymərəm. Sən mənə dəyəcəksənsə, onda gözlə, sənin də başın ağrıyacaq”.

Prezidentin bu mesajının kimlərə ünvanlandığı cəmiyyətimizdə artıq hər kəsə məlumdur. Əsas həqiqət ondan ibarətdir ki, dövlət başçısının bu mesajının arxasında da müstəqil Azərbaycanın dövlət maraqları və xalqımızın onilliklərdən sonra gerçəkləşmiş arzu və iradəsinin qorunması mövqeyi dayanır. Bu mesajın hər cümləsi tarixi Zəfərimizi hələ də həzm edə bilmədiklərinə görə qərəzli qətnamə və əsassız iddialarla Azərbaycanın üzərinə gələn xarici dairələrin dayanmaq bilməyən addımlarına adekvat cavab deməkdir. Əgər kim düşünürsə ki, Azərbaycan bəzilərinin özünəvurğunluğu və ya özünütəsdiqə hesablanmış siyasi müştəbehliyi səbəbindən geri çəkiləcək, belələri yalnız özlərini aldadırlar. Bir daha onu nümayiş etdirirlər ki, tarixi ədaləti bərpa etmək gücündə olduğunu təsdiq etmiş Azərbaycan xalqının və onun şəksiz Liderinin iradə və qətiyyətinə sonadək bələd deyillər. Əminəm ki, bir ay sonra Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü bədxahlarımıza, o cümlədən ikili standartları təşviq etməklə qlobal təhlükəsizliyə təhdid yaradan dairələrə yeni tutarlı mesajlar verəcək. Və bu möhtəşəm tədbir qarşıdan gələn 15 iyun-Milli Qurtuluş Gününə, Heydər Əliyevin xalqımız və dövlətimizlə yanaşı Türk dünyası qarşısındakı tarixi xidmətlərinə, Ulu Öndərin unudulmaz xatirəsinə ən yüksək ehtiramın ifadəsi olacaq.

Yekun olaraq, tarixdə dəfələrlə təsdiqini tapmış bu həqiqəti də untmamalıyıq ki, siyasi natamamlığa və ya nakamlığa, yaxud xəstə ambisiyalara yoluxanlar tarixi ədalətin və onu bərpa edən Liderlərin qarşısında həmişə aciz qalır!

Ülvi Quliyev

Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90