Dünyada cərəyan edən geosiyasi proseslər və geoiqtisadi rəqabət elə təhlükəli həddə çatıb ki, nüfuzlu beyin mərkəzlərinin praqmatik təklif və tövsiyyələri nəzərə alınmadan qlobal təhlükənin dəf oluna biləcəyi az inandırıcı görünür. Peşəkar dəyərləndirmələrə görə İtaliyada birinci yerdə, Avropada isə ilk onluqda qərarlaşan nüfuzlu beyin mərkəzlərindən biri də “The European House – Ambrosetti” Mərkəzidir. 1965-ci ildən fəaliyyət göstərən Mərkəzin əsas platforması isə Çernobbio Forumudur. Bu platformada aparılan müzakirələr zamanı səslənən fikirlər, irəli sürülən təklif və tövsiyyələr dünya siyasətinə təsirsiz ötüşmür və aparıcı aktorların diqqətindən yayınmır. Prezident İlham Əliyevin sayca 50-ci olan builki Beynəlxalq Foruma əsas qonaq qismində dəvət edilməsi və Forum çərçivəsində “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” mövzusunda xüsusi sessiyanın keçirilməsi, heç şübhəsiz ki, ölkəmizin beynəlxalq münasibətlərin müstəqil subyekti kimi qazandığı nüfuza və etibarlı tərəfdaş statusuna hörmətin ifadəsidir. Bu həm də onun göstəricisidir ki, Azərbaycan artıq dünyanın nüfuzlu beyin mərkəzləri tərəfindən regionun aparıcı aktoru kimi tanınır. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin Çernobbio Forumunda budəfəki çıxışı və orada verdiyi mesajlar, iki il əvvəl olduğu kimi, yenə də dünya mətbuatının diqqət mərkəzindədir.
Prezident İlham Əliyev çıxışının giriş hissəsində xüsusi olaraq qeyd etdi ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və iki ölkə arasında ticarət dövriyyəsinin 16 milyard dollar səviyyəsinə yüksəlməsi bunun əyani sübutudur. Dövlətimizin başçısı Forum iştirakçılarının diqqətinə onu da çatdırdı ki, Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Prezident İlham Əliyev məhz bu məqamları vurğulamaqla Forum iştirakçılarına və qlobal siyasəti formalaşdıran aparıcı aktorlara olduqca mühüm olan bu mesajı verdi: “Çünki bu onun göstəricisidir ki, münasibətlər qarşılıqlı etimad və hörmət, qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulursa, o zaman tərəqqinin şahidi oluruq. Bu, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir”.
Dövlətimizin başçısı xüsusi olaraq bunu da vurğuladı ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan artıq yalnız Qafqazda deyil, daha geniş coğrafiyaya təsir edən böyük geosiyasi dəyişikliyin müəllifinə çevrilib. Forum iştirakçılarının diqqətinə bir daha çatdırıldı ki, BMT Təhlükəsizlik Şurasının ölkəmizlə bağlı məlum dörd qətnaməsinin 27 il ərzində kağız üzərində qalmasına və Minsk qrupunun 28 illik səmərəsiz fəaliyyətinə baxmayaraq, Azərbaycan tarixi ədaləti və beynəlxalq hüququ özü təmin etməli oldu. Prezident İlham Əliyevin beynəlxalq auditoriyaya verdiyi mühüm mesajlardan biri də məhz bununla bağlı idi: “Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var.
Azərbaycan Prezidentinin verdiyi mühüm mesajlardan biri də təhlükəsiz dünya nizamını təhdid edən ikili standartlar siyasəti ilə bağlı oldu. Dövlətimizin başçısı Azərbaycan cəmiyyətininin haqlı etirazına və hiddətinə səbəb olan bir məqamı da Forum iştirakçılarının diqqətinə çatdırdı. Prezident bildirdi ki, Vətən müharibəsindən, xüsusilə ötən ilin antiterror tədbirindən sonra bəzi ölkə və təşkilatların Azərbaycanı qərəzli şəkildə hədəfə almasının, o cümlədən Avropa Şurası Parlament Assambleyasının ölkəmizin nümayəndə heyətini səsvermə hüququndan məhrum etməsinin yalnız bir səbəbi var və bu, suverenliyimizi bərpa etdiyimizə görədir. Dövlət başçısı Çernobbio Forumu kimi mötəbər platformanın yaratdığı imkandan istifadə edərək, aparıcı aktorların və nüfuzlu beyin mərkəzlərinin diqqətinə bir daha çatdırdı ki, fərqli coğrafiyalarda baş verən eyni mahiyyətli münaqişə və məsələlərə fərqli prizmalardan yanaşılması, siyasi riyakarlığa yol verilməsi qəbuledilməzdir. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin bu mesajı beynəlxalq medianın da diqqətindən yayınmayacaq: “Ötən ilin sentyabrında Azərbaycan torpağında separatçılığın kökü kəsildi. Biz bu gün Ukraynanın etməyə çalışdığından fərqli heç bir şey etməmişik”.
Azərbaycan Prezidentinin növbəti mühüm mesajı moderatorun “Rusiya-Ukrayna münaqişəsinə son qoyulması kontekstində Azərbaycanın rolu və təklifi” sualına verdiyi cavabda səsləndi. Dövlətimizin başçısı nüfuzlu auditoriyanın diqqətinə bir daha çatdırdı ki, Azərbaycan öz siyasətində beynəlxalq hüquqa sadiq olduğu qədər, dövlət maraqlarını qorumaq mövqeyində də israrlıdır. Prezident İlham Əliyev, bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanın müstəqil siyasi kursa sadiq qalacağını açıq mətlə bu cür ifadə etdi: “Biz Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyirik. Bununla yanaşı, biz Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmamışıq və belə bir niyyətimiz yoxdur. Beləliklə, biz praqmatik münasibətlərin mövcudluğu fonunda rol oynaya bilərik. Biz heç vaxt bunun təşəbbüskarı olmamışıq, çünki bu işdə yaxından iştirak etmək istəyənlər kifayət qədərdir. Ancaq bizim iştirakımıza zərurət yaranarsa, buna hazırıq”.
“The European House – Ambrosetti” kimi nüfuzlu beyin Mərkəzinin təşkil etdiyi Çernobbio Forumunda Azərbaycan Prezidentinin iştirakı həm də ona görə olduqca əhəmiyyətlidir ki, bu tədbirdən iki ay sonra ölkəmiz COP29 kimi beynəlxalq səviyyəli mötəbər platformaya ev sahibliyi edəcək. 200-ə yaxın ölkənin yekdil qərarı ilə həmin tədbirin Azərbaycana etibar edilməsi ölkəmizə göstərilən beynəlxalq etimadın təzahürüdür. Prezident İlham Əliyev COP29-a ev sahibliyi edəcək ölkənin dövlət rəhbəri kimi qarşıya qoyduğu hədəfləri də beynəlxalq auditoriyanın diqqətinə çatdırdı: “Biz qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışırıq… Yəni beynəlxalq arenada qlobal aktor olmasaq belə, zənnimcə qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması mümkündür”.
Hazırda 7-si Avropa İttifaqının üzvü olmaqla 10 ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın dövlət başçısının verdiyi bu bəyanat ölkəmizin ayrı-seçkilik etmədən sıx əməkdaşlığa, qlobal inteqrasiyaya, əmin-amanlığa və təhlükəsiz dünya nizamına töhfə vermək əzmindən xəbər verir. Bununla yanaşı, o da sirr deyil ki, bu gün Azərbaycan və Ermənistan arasında sözdə sülhə çağırış edən ölkə və təşkilatlardan bəzilərinin əsl məqsədi özlərinin geosiyasi və geoiqtisadi maraqlarını Cənubi Qafqazda təmin etməklə bağlıdır. Öz oyununda Ermənistanı alətə çevirən Fransa kimi ölkələr isə nəinki sülhə xidmət etmir, əksinə, Ermənistanı davamlı şəkildə hücum silahları ilə silahladırmaqla Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmağa çalışır. Ayrı-ayrı beynəlxalq təşkilatların həmin dövlətlərin təsiri altında Azərbaycana qarşı uydurma iddialarla çıxış etməsi və ölkəmizi qərəzli şəkildə hədəf seçməsi elə bu cür siyasi riyakarlıqdan qaynaqlanır. Prezident İlham Əliyev Çernobbio Forumunun nüfuzlu tribunasından belələrinə də ölkəmizin mövqeyini kifayət qədər açıq mətnlə çatdırdı: “Beləliklə, biz ümid edirik ki, sülh danışıqlarının başlanmasına dair Azərbaycanın təşəbbüsü sülh sazişinin imzalanması ilə nəticələnəcək. Bu isə təkcə Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaqdır”.
Azərbaycan Prezidentinin İtaliyaya işgüzar səfəri çərçivəsində Kənd Təssərrüfatı və enerji təhlükəsizliyi sahələrində əməkdaşlığa dair ölkələrimiz arasında imzalanmış Anlaşma Memorandumları, heç şübhəsiz ki, bütövlükdə Avrasiya məkanında inteqrasiya proseslərinin dərinləşməsinə və milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi olan enerji təhlükəsizliyinin güclənməsinə xidmət edəcək. Prezident İlham Əliyevin Çernobbio Forumunda verdiyi mesajlar isə olduqca mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın regionun aparıcı aktoru kimi tutduğu konstruktiv mövqe ilə bağlı beynəlxalq auditoriyada daha dolğun və obyektiv qənaətin formalaşmasına təkan verəcək.
Ülvi Quliyev