image-2000x150
image-2backend

Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır

image-728x90

Digər sahələrdə olduğu kimi, enerji sektorunda da işlər planlı şəkildə həyata keçirilir. Enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Ölkə Prezidenti çıxışlarında daim bildirir ki,  bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində   hamımız tərəfdaşlarımızla  iştirak edəcəyik.  Bu məqam da önə çəkilir ki, əgər əvvəlki dövrlərdə deyilən  məsələlər  öz həllini tapmasaydı,  Cənub Qaz Dəhlizindən söhbət belə  gedə bilməzdi.

Rəqabət qabiliyyəti baxımından   MDB məkanında  birinci olan Azərbaycanın  iqtisadi uğurlarını təmin edən, regionda sülhün təminatı üçün səylərini artıran neft-qaz amilinin əhəmiyyəti bütün səviyyələrdə  xüsusilə vurğulanır. Ölkə Prezidenti bildirir ki, biz öz enerji təhlükəsizliyimizi  çoxdan təmin etmişik və bu gün başqa ölkələrin  enerji təhlükəsizliyinin təmin edilməsində  öz rolumuzu oynayırıq.  Bu rol müsbət roldur.  Bunu bizim tərəfdaşlar qiymətləndirirlər.  Azərbaycan  heç vaxt öz enerji resurslarından  başqa məqsədlər üçün  istifadə etməmişdir.  Bizim bu sahədəki fəlsəfəmiz  və yanaşmamız ondan ibarətdir ki,  enerji resursları əməkdaşlığı  dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki,  biz bu siyasəti apararaq  öz milli maraqlarımızı təmin  edirik.  Bu gün  həm bölgədə, həm də dünyada  bizim maraqlarımız təmin edilir.

Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan bir ölkə rolunu oynadığını yüksək qiymətləndirən  dünya dövlətlərinin, beynəlxalq təşkilatların təmsilçiləri bildrirlər ki,  ölkəmiz öz ixrac imkanlarını genişləndirməklə Avropanın enerji təhlükəsizliyinin təminatına töhfələr verir. Bu gün Azərbaycan Avropanın neft ixracatında  mühüm rol oynayır. Cənub Qaz Dəhlizi yalnız kəmər deyil, XXI əsrin mühüm strateji enerji dəhlizidir.  Avropa İttifaqı müasirləşmə islahatları ilə bağlı  Azərbaycanın bütün təşəbbüslərini dəstəkləyir və müxtəlif sahələrdə daha da dərin münasibətlər yaratmaq istəyir.

Dünya əhəmiyyətli enerji layihələrinin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında birinciliyini qoruyan  Azərbaycanın  inkişaf  strategiyası  qabaqcıl təcrübə kimi nümünə  göstərilir.  Enerji amilinin gündəlikdə prioritet məsələlərdən biri  kimi dayandığını qeyd edən Prezident İlham Əliyev bildirir ki, enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət etməli, millətləri, xalqları bir-birinə birləşdirməlidir. Avropa İttifaqına daxil olan 27 dövlətin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün  etibarlı təminatdır. Xarici ölkələrə səfərləri zamanı  da Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində  ölkəmizin rolunu xüsusi vurğulayan, gerçəkləşməsi çoxlarına  əfsanə kimi görünən layihələrin reallaşması üçün təşəbbüskarlığını  artıran  Prezident İlham Əliyev bu mövqeyi açıqlayır ki, Azərbaycanın tərəfdaş, müəllif və təşəbbüsçü kimi iştirak etdiyi butun layihələrdə xalqın milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulmalıdır.

Son illər ölkəmizdə elektroenergetika sahəsi çox sürətlə inkişaf edir. Təkcə bu rəqəmi qeyd etmək kifayətdir ki, son 20 ildən çoxdur, Azərbaycanda 34 elektrik stansiyası inşa edilib ki, onların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Yeni stansiyanın 2025-ci ildə açılışının hədəflənməsi də ölkəmizin bu sahədə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır.

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin də məhz elektroenergetika sahəsindən başlanılıb. Prezident İlham Əliyev yeni stansiyanın təməlqoyma mərasimində bu rəqəmləri açıqladı ki, tarixi Zəfərimizdən ötən iki ildən artıq dövrdə Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılıb və bu rəqəm ilin sonuna qədər 200 meqavata çatdırılacaq. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, həmin bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradılsın.

Azərbaycan qarşıya qoyduğu hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur. Ümummilli Lider Heydər Əliyevin hər bir ölkənin iqtisadi tərəqqisində önə çəkdiyi səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması kimi amillər bu gün də enerji siyasətimizin əsasında dayanır.

Enerji siyasətinin digər mühüm komponenti Avropaya yaşıl enerji ixracı ilə bağlıdır. Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir.

Azərbaycan ilə Avropa İttifaqı arasında «Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu»nun” imzalanması ölkəmizin bu mövqeyinə bir daha işıq salır

İyulun 15-də dövlət başçısı İlham Əliyevin  sədrliyi ilə  2022-ci ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə  diqqət göstərilən  əsas  məsələlərdən biri Azərbaycanın enerji sektorunda qazandığı  uğurlardır.   Enerji sektorunun ölkəmiz üçün prioritet olduğunu önə çəkən ölkə Prezidenti bildirdi ki,  bu gün  enerji imkanımız bir çox ölkələr üçün də böyük önəm daşıyır.

Zərinə Hümbətova—Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü, Nəsimi rayon gənci

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90