Yenidən ibadətə açılan Ayasofya məscidi üç ildə 21 milyona yaxın ziyarətçi qəbul edib.
Ulusal.az xəbər verir ki, Ayasofya məscidi 2020-ci il iyulun 24-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi möhtəşəm mərasimlə 86 ildən sonra ilk cümə namazı ilə yenidən ibadətə açılıb. Yerli və xarici turistlərin böyük maraq göstərdiyi Ayasofyanın qarşısında zaman-zaman yüzlərlə metr uzanan növbələr yaranır.
Məscidin imamı Bünyamin Topçuoğlunun sözlərinə görə, 2021-ci ildə koronavirus pandemiyası səbəbindən ziyarətçi sayı cəmi 1 milyon 300 min nəfər olub. 2022-ci ildə Ayasofyanı 13 milyon 600 min, bu ilin yanvar-iyun aylarında isə 6 milyon nəfər ziyarət edib. Bu say getdikcə artır. Bəziləri buraya müsəlman olmaq üçün gəlir.
Ayasofyanın təkcə Avropa və Qərb ölkələrindən deyil, ərəb ölkələri, Orta Asiya və Uzaq Şərqdən də böyük diqqət çəkdiyini ifadə edən Topçuoğlu ayrıca son vaxtlar İndoneziyadan çox ciddi bir ziyarətçi qəbul etdiklərini dilə gətirib.
Qeyd edək ki, İstanbulun fəthinə qədər 916 il kilsə, 1453-cü ildən isə məscid kimi istifadə edilən Ayasofya 1934-cü ildən başlayaraq 86 il muzey kimi fəaliyyət göstərib.