image-rt-reklam
image-1backend

Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu artır

image-728x90

Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolu onun artan nüfuzunun, sözünün imzası qədər dəyərli olmasının göstəricisidir. Xarici siyasətimizin əsas istiqamətlərindən biri bütün ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, illər keçdikcə münasibətlərin yeni istiqamətlər üzrə inkişafı və strateji tərəfdaş səviyyəsinə yüksəlməsidir.
Bu gün Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr qurur, heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Əməkdaşlıqda qarşılıqlı etimad mühitinin qorunması və möhkəmləndirilməsi dövlətimizin xarici siyasətində prioritet məsələdir. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti daim etimad mühitinin qorunmasında stimulverici amildir.
Dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə elə bir səfəri, çıxışı, yaxud müsahibəsi yoxdur ki, 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqlarına diqqət yönəldilməsin. Ermənistanın 30 il davam edən işğalı dövründə bəzi ölkələrin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsaq da bu, dövlətimizin siyasətində heç bir dəyişikliyə səbəb olmadı, əksinə, Azərbaycan hücum diplomatiyasını uğurla davam etdirərək kimin haqlı, kimin isə haqsız tərəf olduğunu əsaslı şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında tarixi Zəfəri qazanmasında informasiya mübarizəsində üstünlüyü əhəmiyyətli rol oynadı.
Bu gün Azərbaycanın istər Avropa, istərsə də Mərkəzi Asiya ölkələri ilə əlaqələri yüksələn xətlə inkişaf edir. Bunu qarşılıqlı səfərlərlə yanaşı, Azərbaycanın ev sahibliyi etdiyi, yaxud Prezident İlham Əliyevin fəxri qonaq qismində qatıldığı tədbirlər də təsdiqləyir. Azərbaycanın artan nüfuzu, Prezident İlham Əliyevə göstərilən etimad əlaqələrin yüksələn xətlə, yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır.
Qlobal dünyanın əsas çağırışları sırasında olan enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu daim xüsusi qeyd edilir. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadə etməsi, gündəmə gətirdiyi və uğurlu sonluqla başa çatdırdığı enerji layihələri dünyanın enerji təhlükəsizliyinə töhfələrinin davamlılığını təmin edir. Vaxtilə neft ölkəsi kimi tanınan Azərbaycan bu gün qaz, elektrik enerjisi ixracatçısıdır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana bir-birindən mühüm uğurlar qazandırır. Bu gün Azərbaycan bərpaolunan enerji sahəsində əməkdaşlığa böyük önəm verməsi ilə diqqətdədir. Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də bunun bariz nümunəsidir.
Enerji təhlükəsizliyi Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığında da əsas amillərdən biridir. Belə ki, Azərbaycan xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi Azərbaycan-Avropa İttifaqı əlaqələrinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bu, dövlət başçısının Avropa ölkələrinə, həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərində də özünün aydın ifadəsini tapır.
Azərbaycanın bu gün dünya və ölkə mətbuatında əsas müzakirə mövzularından biri dövlət başçısı İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə bu ölkəyə sayca üçüncü səfəri, keçirdiyi görüşlər, həmçinin Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən keçirilən Beynəlxalq Forumdakı çıxışında səsləndirdiyi fikirlərdir. Öncə onu xüsusi vurğulamaq gərəkdir ki, cənab İlham Əliyev Forumda əsas qonaq qismində iştirak etdi. Sayca 50-ci olan Forumun “Gələcək qlobal çağırışlar və onların biznesə təsiri” adlı açılış sessiyasında Prezident İlham Əliyevin “Yeni geosiyasi vəziyyətdə Azərbaycanın rolu” mövzusunda çıxışı mühüm çağırışlarla zəngin oldu. Dövlətimizin başçısı İlham Əliyev Forumdakı çıxışında bu mühüm məqamı xüsusi vurğuladı ki, İtaliya ilə yüksək səviyyəli təmaslarımız çox yaxın tərəfdaşlar olduğumuzu nümayiş etdirir. Azərbaycandan İtaliyaya uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizinin bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, hazırda 10 ölkə Azərbaycandan qaz alır və bu ölkələrin yeddisi Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır.
Prezident İlham Əliyevin çıxışında diqqət göstərdiyi əsas məsələlərdən biri Azərbaycanın tarixi Zəfəri, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi oldu. “Təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var” söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının hüquqi öhdəlik yaradan dörd qətnaməsinin olmasına baxmayaraq, bu işğal davam edirdi. ATƏT-in bu məsələ ilə məşğul olması üçün xüsusi qrup təsis etdiyini deyən dövlətimizin başçısı 28 il ərzində həmin qrupun sıfır nəticə hasil etdiyini vurğuladı. Azərbaycanın Ermənistana təklif etdiyi sülh təklifi, son dörd ilə yaxın müddətdə onun reallaşdırılması istiqamətində atılan addımlar da geniş şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Bir daha vurğulandı ki, sülh müqaviləsinin mətninin təqribən 80 faizi artıq razılaşdırılıb. Artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olunub. On üç kilometrlik hissə demarkasiya edilib. Azərbaycanın Ermənistanla 1000 kilometrlik sərhədi var. Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi ifadə etdi ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək.
Prezident İlham Əliyev 2022-ci ildə İtaliyaya işgüzar səfəri çərçivəsində də Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunun “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda plenar iclasında iştirak edərək ünvanlanan suallar əsasında Azərbaycanın uğurlu enerji siyasətindən, əldə edilən göstəricilərdən, ölkəmizin artan beynəlxalq nüfuzundan geniş bəhs etmişdi.
Göründüyü kimi, Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü qətiyyətlə deyən ölkəyə çevrilib. Xüsusilə ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90