Niderland Krallığı Parlamentinin Nümayəndələr Palatası 10 oktyabr 2024-cü ildə Azərbaycanı əsassız olaraq hədəfə alan və Cənubi Qafqaz regionunda real vəziyyəti bilərəkdən təhrif edən iki qətnamə qəbul edib. Azərbaycan cəmiyyəti ilə bərabər Milli Məclis də bu qətnamələri qərəzli siyasi aktlar kimi qətiyyətlə pisləyir və rədd edir. Yalan və saxta məlumatlar üzərində qurulan bu qətnamələr heç də sülhə, sabitliyə və konstruktiv dialoqa xidmət etmir, əksinə, yaxın tariximizə aid olan aşkar faktları təhrif edir, regionda mövcud olan bu günkü reallıqları gözardı edən qeyri-obyektiv və birtərəfli yanaşma ortaya qoyur. Niderland Krallığı Parlamentinin bu yanaşmasını ən azı beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətsizlik adlandırmaq olar.
Bu qərəzli qətnamələrin Niderlandın xarici işlər naziri Kaspar Veldkamp tərəfindən rəğbətlə qaşılanması və müdafiə edilməsi Niderland hökumətinin Cənubi Qafqaz siyasətində ayrıseçkilik xarakterli yanaşmaya əsaslandığını nümayiş etdirir.
Torpaqlarımızın 30 il işğal altında qaldığı müddətdə Niderland höküməti də digər Avropa dövlətləri kimi Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına reaksiya verməmişdi, əksinə iddiaların üstüörtlü şəkildə dəstəklənməsindən ibarət dövlət siyasəti yeritmişdi. Doğma yurdları işğal edilmiş, etnik təmizləməyə, insanlıq əleyhinə cinayətlərə, o cümlədən soyqırım aktlarına məruz qalmış azərbaycanlıların hüquqları heç zaman etiraf olunmamışdı və sayı 1 milyona yaxın qaçqın və məcburi köçkünlərin insan hüquqlarının qorunması zəruriliyi heç zaman heç bir Avropa parlamentinin müzakirəsinə çıxarılmamışdır.
Bu günlərdə Niderlandın müdafiə naziri Ruben Brekelmans bildirib ki, bu ölkə Ukraynaya hərbi yardım göstərmək üçün ümumilikdə 10,4 milyard avro vəsait ayırıb və bu məbləğin artıq təxminən 4 milyardı təyinatı üzrə xərclənib. Təbii ki, Ukrayna hərbi təcavüzün qurbanı olduğu, əraziləri işğal altına düşdüyü, dinc şəhərləri yerlə-yeksan edildiyi, mülki əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşməyə məcbur olduğu üçün Niderland ondan köməyini və dəstəyini əsirgəmir. Azərbaycan Niderlandın Ukraynaya dəstəyini alqışlayır və özü də dönmədən Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir.
Azərbaycan Ukraynaya humanitar yardım göstərib və göstərməkdə davam edir. Hazırda daha bir qrup ukraynalı uşaq ölkəmizdə müalicə olunur, reabilitasiya kursu keçir. Və bu yaxınlarda Azərbaycanın Laçın şəhəri ilə Ukraynanın İrpen şəhəri arasında qardaşlaşma haqqında sənəd imzalanıb. Bütün bunlar Ukrayna torpaqlarının işğal cəhdinə qarşı dünya birliyinin, o cümlədən ayrı-ayrı dövlətlərin adekvat münasibətindən irəli gəlir.
Amma 30 il ərzində Azərbaycan da eyni və bəlkə də daha ağır vəziyyətdə olub. Ermənistan Azərbaycan ərazisinin 20 faizini bu illər ərzində işğal altında saxlayıb. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan çox Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, hərbi əməliyyatlar zamanı 20 mindən çox azərbaycanlı həlak olub, 50 mindən çox insan sağlamlığını itirib. 1988-1993-cü illərdə ümumilikdə 900 qəsəbə, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzey eksponatları, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıntılara məruz qalıb və ya tamamilə məhv edilib. Hollandiyada da çox yaxşı bilirlər ki, insanlığa sığmayan bu dəhşətlər Ermənistanda deyil, məhz Azərbaycanda yaşanıb.
Amma Azərbaycan torpaqlarında törədilən bu cinayətlərə görə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməyib. BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü il aprelin 30-da 822 saylı, 1993-cü il iyulun 29-da 853 saylı, 1993-cü il oktyabrın 14-də 874 saylı və nəhayət, 1993-cü il noyabrın 11-də 884 saylı Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz olaraq çıxarılmasını tələb edən qətnamələr qəbul edilsə də onlar icra olunmayıb. Avropa Siyasi Birliyinin üzvü kimi Niderland Krallığı Parlamenti tərəfindən bu ədalətsizliyə göz yumulması indi onu Azərbaycana qarşı hər hansı iddialar səsləndirmək hüququndan məhrum edir.
Niderland Parlamentinin qətnamələrində söhbət hansısa qeyri-müəyyən iddialardan yox, birbaşa reallığın təhrifindən gedir.
Şübhə yoxdur ki, Niderland millət vəkilləri bilirlər ki, Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə Ermənistanın deyil, məhz bizim ölkəmizin ərazisində aparılıb. Ötən ilin sentyabrında Azərbaycanın Qarabağ bölgəsində keçirilən bir günlük antiterror əməliyyatı da məhz Azərbaycan ərazisində yaradılmış qeyri-qanuni quldur rejiminin tərk-silah olunması üçün keçirilmişdi. Bu tədbirlər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi beynəlxalq hüquq normaları çərçivəsində bərpa olundu. Niderlandın bu gün yaxından kömək etdiyi Ukrayna da məhz belə bir nəticə əldə etmək uğrunda mübarizə aparır. Bəs niyə Niderland parlamenti və höküməti beynəlxalq birliyin bərabərhüquqlu üzvləri olan Azərbaycan və Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələsinə bu qədər fərqli münasibət sərgiləyir?!
44 günlük müharibə zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın göstərişi ilə təkcə savaş bölgələrinə deyil, Azərbaycanın dinc şəhərlərinə də raket zərbələri endirilib. O cümlədən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə Ermənistan tərəfindən 5 dəfə raket və ağır artilleriya hücumlarına məruz qalıb. Bu hücumlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, şəhərdə nəqliyyat vasitələrinə və mülki infrastruktura ciddi ziyan dəyib. Ümumilikdə, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibə zamanı Azərbaycanın 93 dinc sakini ( 54 kişi, 27 qadın və 12 uşaq olmaqla) həlak olub, 444 nəfər (268 kişi, 109 qadın və 67 uşaq olmaqla) isə yaralanıb.
Bütün bunlar Ermənistanın hazırkı rəhbərliyinin göstərişi ilə dinc azərbaycanlı əhaliyə qarşı törədilən cinayətlərdir. Amma Niderland Krallığı Parlamentində bütün bu vəhşilikləri törətmiş Ermənistana qarşı heç vaxt heç bir qınağa və ya sanksiya çağırışlarına rast gəlinməyib. Əksinə, BMT Nizamnaməsinin 51-ci maddəsi çərçivəsində hərəkət edən ölkəmizə qarşı haqsız ittihamlar irəli sürülüb. Keçən ilin 19-20 sentyabr günlərində keçirilmiş anti-terror tədbirləri nəticəsində 30 ildən çox Azərbaycanın Qarabağ bölgəsində quldurluq edən və orada yaşaan erməni əhalisini də öz çirkin siyasi oyunlarının girovunda saxlayan separatçılar həbs olunub və Bakıya gətiriliblər. Onlar terrorçuluğu maliyyələşdirməkdə, qanunla nəzərdə tutulmayan silahlı birləşmələrin və qrupların yaradılmasında və separatçılıq fəaliyyətində ittiham olunurlar. Bütün Avropa ölkələrində olduğu kimi, onlar da uzun illər ərzində Azərbaycanda törətdikləri ağır cinayətlərə görə məhkəmə tərəfindən mühakimə olunacaqlar. Ən yaxın keçmişimizdə İspaniyada Kataloniya separatizminə qarşı belə məhkəmələr keçirilib və separatçılar 25 ilədək azadlıqdan məhrumiyyətə məhkum olunublar. Ukrayna ərazisində qeyri- qanuni olaraq yaradılmış DNR və LNR kimi separatçı qruplaşmaların rəhbərləri ilə bağlı belə məhkəmələr keçirilib və onların hamısı haqqında qiyabi olaraq həbs cəzası təyin edilib. Amma eyni ədalət tərəzisinə qarşı Azərbaycana təzyiq və təhdid göstərilir. Hadisələrə eyni yanaşmaya görə Azərbaycan Niderland Krallığı tərəfindən ittiham olunur, Ukrayna isə dəstəklənir. Bu faktlar Niderland hökümətinin Azərbaycana qarşı qərəzli və düşmən münasibətinin göstəricisidir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalı dövründə xalqımızın mədəni, dini və tarixi sərvətlərinin dağıdılmasına və mənimsənilməsinə göz yuman, Azərbaycan mədəni irsinin sistemli şəkildə məhv edilməsinə səssiz qalan Niderland Parlamenti Nümayəndələr Palatasının Azərbaycana qarşı həyata keçirdiyi bu ədalətsiz siyasi aksiya dərin təəssüf doğurur. Əlbəttə, Niderland parlamenti tərəfindən Azərbaycan və Ukraynaya qarşı heyrətamiz dərəcədə fərqli yanaşmaları özündə əks etdirən başqa çoxsaylı faktlar da sadalamaq olar. Lakin zənnimcə bütün bu deyilənlər – Ermənistan-Azərbaycan münaqişəsinin səbəb və nəticələrinə dair qənaətlərin təhrif edilməsi, təcavüzə və işğala məruz qalan ölkəmizə qarşı əsassız ittihamlarla bağlı Azərbaycan cəmiyyətinin Niderland Parlamentinə ünvanladığı neqativ reaksiyaları anlamaq üçün kifayətdir. Digər tərəfdən, bütün bu deyilənlər Azərbaycan cəmiyytində Avropa və Avropa ölkələrinin bölgəmizlə bağlı apardığı ikiüzlü və heç də dost olmayan siyasətin dərk edilməsi üçün də kifayətdir.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı