TRT/Azerbaycan saytının Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Azərbaycan – Şimali Kipr Parlamentlər arası Dostluq Qrupunun rəhbəri Cavanşir Feyziyevlə xüsusi müsahibəsini təqdim edirik.
– Azərbaycan Respublikası Şimali Kipr Türk Cümhuriyyəti ilə dostluq əlaqələrini quran ikinci ölkədir. Siz Azərbaycan Milli Məclisinin Şimali Kipr Türk Cümhuriyyəti parlamenti dostluq qrupunun rəhbərisiniz. Bu dostluq əlaqələrinin gələcəyini necə görürsünüz?
– 2024-cü ilin 5 aprel tarixində Azərbaycan Respublikası Milli Məclisi Şimali Kipr Türk Respublikası ilə Parlamentlərarası Dostluq Qrupunun yaradılması barədə qərar qəbul edib. Həmin gündən ötən müddət ərzində hər iki parlamentin nümayəndə heyətləri qarşılıqlı səfərlər edib. Məqsədimiz ölkələrimiz arasında siyasi-iqtisadi və mədəni-humanitar əlaqələrin canlandırılması yolu ilə yeni qarşılıqlı əməkdaşlıq münasibətləri yaratmaqdan ibarətdir. İnanıram ki, qarşılıqlı əməkdaşlıq üçün potensial var. Xüsusilə, elm, təhsil, mədəniyyət və turizm sektorlarında çalışan peşəkar mütəxəssislərimiz arasında işbirliyinin yaranması üçün geniş imkanlar mövcuddur. Hazırda bu işbirliyinin müxtəlif biznes sahələrinə genişləndirilməsi üçün qarşılıqlı imkanlar öyrənilir. Kənd təsərrüfatı və sənaye məhsullarının idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün yollar aranır. Bizim vəzifəmiz bu araşdırmaları həyata keçirməklə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən iş adamlarını məlumatlandırmaq və onları əməkdaşlığa təşviq etməkdir.
– Şimali Kipr Türk Cümhuriyyəti 1983 – cü ildə azadlığa qovuşdu. Lakin bu günə qədər dünyada ikili standartlar davam edir. Məhz bu səbəbdən Şimali Kipr Türk Cümhuriyyəti dünya ölkələri tərəfindən tanınmır. Siz necə düşünürsünüz, Qərb niyə bu ikili standartları davam etdirir?
– Hələ 1960-cı illərdən başlayaraq Yunanıstan hakimiyyətinin dəstəyi ilə yerli rumlar tərəfindən Kipr türklərinə – qıbrızlara qarşı sərt ayrı-seçkilik siyasəti yürüdülüb. 500 ildən çox burada yaşayan türklərin sıxışdırılb adadan çıxarılması üçün onlara qarşı kütləvi deportasiyalar və qətllər həyata keçirilib. 1974-cü ilin Barış Hərəkatı qısa bir müddət üçün nisbi sakitliyi təmin etsə də, daha sonra Yunanıstan tərəfindən həyata keçirilən dövlət çevrilişi nəticəsində adada etnik təmizləmə siyasəti davam etdirilib. Nəhayət, Türkiyənın hadisələrə müdaxiləsindən sonra bu hadisələrin də qarşısı qismən alınıb. Lakin yenə də bərabər hüquqlu iki icmanın birgə yaşadığı vahid dövlət qurmaq mümkün olmadığından 1983-cü ilin 15 noyabrında adanın türk əhalisi öz müstəqilliklərini elan ediblər. 1983-cü ildə Şimali Kipr öz müstəqilliyini elan edənə qədər adanın qıbrızlar çox sınaqlarla üzləşmişdi. Müstəqilliyini elan etdikdən sonra da bütövlükdə Qərb dünyası bu günədək Kipr türklərinin haqlarını tanımaqdan imtina edirlər. 2004-cü ildə o zamankı BMT Baş katibi Kofi Annanın təşəbbüsü ilə adanın birləşdirilməsi ilə bağlı referendum keçirildi. Referendumda adanın rumlu sakinləri türklərlə bir dövlətdə yaşamaqdan imtina etsələr də türklər birgəyaşayışa səs verdilər. Buna baxmayaraq Avropa İttifaqı adanın rum kəsimini “Kipr Respublikası” adı altında tanıyaraq Avropa İttifaqına üzv qəbul etdi. Eyni zamanda, Kipr türklərinin – qıbrızların müstəqilliyini tanımaqdan imtina olundu. Bununla da sadəcə Yunanıstanın deyil, bütövlükdə Avropanın Kipr türklərinə qarşı açıq-aşkar ayrı-seçkilik siyasəti apardığı bir daha özünü göstərdi.
Göründüyü kimi, Avropa təkcə Kipr türklərini yox, ümumiyyətlə türk xalqını öz tərkibində görmək istəmir. Türkiyənin Avropa İttifaqına üzvlüyünün yarım əsrdir təxirə salınması da məhz Qərbin ikili standartlar siyasətinin göstəricisidir.
Mövcud şəraitdə Kipr türklərinin öz dövlətini qoruyub saxlamaq və inkişaf etdirməkdən başqa yolu yoxdur. Ona görə də böyük Türk dünyası qıbrızların bu keşməkeşli taleyinə biganə qala bilməz. Bu gün yalnız Türkiyə tərəfindən rəsmən tanınmış Şimali Kipr Türk Respublikasının siyasi, iqtisadi və mənəvi dəstəyə ehtiyacı var. Parlamentlərarası İşçi Qrupunun yaradılması da məhz bu zərurətdən doğub və biz öz səlahiyyətlərimiz çərçivəsində kiprli soydaşlarımıza bu dəstəyi göstərməyə çalışırıq. Düşünürəm ki, bütün müstəqil türk dövlətləri ilə Şimali Kipr Türk Respublikası arasında siyasi-iqtisadi və mədəni əlaqələrin qurulması ŞKTR-nin beynəlxalq təcrid vəziyyətindən çıxarılmasına və onun müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasına böyük töhfə verə bilər. Ona görə də Mərkəzi Asiya türk dövlətlərini də Şimali Kipr Türk Respublikası ilə əlaqələrin qurulmasına və adada yaşayan soydaşlarımıza siyasi-mənəvi dəstək verilməsinə çağırırıq.
– Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında iqtisadi, siyasi, təhsil və mədəniyyət sahəsində əməkdaşlığı necə qiymətləndirirsiniz?
– Azərbaycan Respublikası prezidenti İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində son illər Şimali Kipr Türk Respublikası ilə əlaqələrimizdə xüsusi bir canlanma var. ŞKTR Türk Dövlətləri Təşkilatında (TDT) müşhidəçi üzv statusu qazanıb. Parlamentlər arasında birbaşa münasibətlər yaradılıb və çox yüksək səviyyədədir. Təhsil sahəsində əməkdaşlıqda böyük uğurlarımız var. Hazırda 1000-dən çox Azərbaycanlı tələbə Şimali Kipr universitetlərində təhsil alır. Hər iki ölkənin mədəniyyət təmsilçiləri arasında davamlı işbirliyi var. Universitetlərin professor-müəllim heyətləri arasında çıx əlaqələr mövcuddur. 2023-cü ildən Şimali Kiprdən bir sıra kənd təsərrüfatı məhsulları idxal edilib və hazırda biznesmenlər arasında görüşləri canlandırmağa çalışırıq. Düşünürəm ki, Mərkəzi Asiya türk dövlətləri ilə Şimali Kipr Türk Respublikası arasında da analoji əlaqələrin yaranması vacibdir və Azərbaycan – Şimali Kipr Parlamentlər arası işçi qrupumuz bu istiqamətdə səylər göstərir. Bir sözlə, məqsədimiz Şimali Kipr Türk Respublikasının beynəlxalq siyasi və iqtisadi sistemə inteqrasiya olunmasına fayda verməkdir.