Türkiyənin Gəncədəki Baş Konsulluğunda Mustafa Kamal Atatürkün anım mərasimi keçirilib.
Ulusal.az bildirir ki, “Report”un Qərb bürosunun məlumatına görə, “Nuri Paşa” zalında baş tutan tədbirdə diplomatik nümayəndəliyin əməkdaşları ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, rəsmilər, ziyalılar, türkiyəli tələbələr iştirak ediblər.
Tədbirdə əvvəlcə Mustafa Kamal Atatürkün və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop çıxışında Mustafa Kamal Atatürkün Türk xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs edib.
Mustafa Kamal Atatürklə bağlı videoçarx nümayiş olunub.
Qeyd edək ki, bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfatından 85 il ötür. 57 illik həyatında millətinin və vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandıran Atatürkün adı Türkiyə və dünya tarixinə qızıl hərflərlə yazılıb.
Atatürk 1881-ci ildə Selanikdə anadan olub. Təhsil aldığı Selanik Hərbi Liseyində riyaziyyat müəllimi olan Mustafa Əfəndi Atatürkü sinifdəki digər “Mustafa”dan fərqləndirmək üçün istedadlı şagirdinə “Kamal” adını qoyub.
1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi tərəfindən Cümhuriyyət elan edilərkən Mustafa Kamal Atatürk dövlət başçısı seçilir (cumhurbaşkanı). 1938-ci il, vəfat etdiyi zamana qədər ard-arda dörd dəfə cumhurbaşkanı seçilən Atatürk bu vəzifədə ən uzun müddət qalan dövlət başçısı olub.
1921-ci il avqustun 23-də yunanlarla aparılan Sakarya döyüşündə qələbə qazanan Mustafa Kamala “Marşal” və “Qazi” rütbəsi verilib. 1934-cü ildə isə ona qanunla “Atatürk” soyadı verilib və bu soyadın başqaları tərəfindən istifadə olunması qadağan edilib.
Atatürk 1938-ci il noyabrın 10-da, 57 yaşında İstanbulda Dolmabahçe Sarayında gözlərini əbədi yumub. Onun nəşi 1953-cü ildə ölümünün 15-ci ilində Ankaradakı Etnoqrafiya Muzeyindən Anıtqəbirə köçürülüb.