image-rt-reklam
image-1gbackend

“Atama dedim ki, o səni vurub, sən niyə Həsən Məmmədovla görüşüb, salamlaşırsan?”

image-728x90

“Həmin insanın sözündən sonra atam günortalar küçəyə çıxmaqdan imtina etdi”

“Atam hər zaman xalqına, tamaşaçılarına çox böyük hörmətlə yanaşırdı. Hər dəfə də deyirdi ki, onlar üçün yaşayırıq, var oluruq, oynayırıq. Yadımdadır, o vaxt tamaşa bitəndə biz arxa tərəfdən çıxırdıq. Mən də hər zamankı kimi atamın yanında olurdum. Tamaşaçılar ayaq saxlayıb, saatlarla gözləyirdilər ki, teatrdan çıxan aktyorları canlı görsünlər. Atam deyirdi ki, biz bu xalqın hesabına yaşayırıq. Eldar Quliyevlə biz qonşu idik. Qardaşım Daşqından sonra atam çox düşmüşdü. Bakı univermağının üstündə olurduq. Kim keçirdisə atamı görüb ayaq saxlayırdı. Bir nəfər ona yaxınlaşıb dedi ki, Həsən müəllim, siz niyə belə düşmüsüz? Atam diqqətlə ona baxdı.. Həmin adam yenə də qayıdıb dedi ki, biz sizi axı belə görməmişik. Həmin insanın bu sözündən sonra dedi ki, mən daha günorta saatlarında çölə çıxmayacam. İstəmirdi ki, onu elə vəziyyətdə görsünlər. Eldar Quliyevlə danışırdılar, gecə saat 11-12 də çıxıb ya bulvarda gəzirdilər, ya da həyətdə.. Atam deyirdi ki, məni necə görüblərsə, qoy xatirələrində də elə qalım”

Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Həsən Turabovun qızı Sevinc Turabova deyib. O daha sonra əlavə edib:

“O Gəray bəy obrazında eynən özü idi. Elə bil ki, özünü oynayırdı. Bir baxışı var idi. İndi də gözümün qabağındadır. Mən hələ balaca idim. Məhəllədə uşaqlar o yan-bu yana qaçıb deyirdilər ki, Gəray bəy Humayı öldürdü, Gəray bəy Humayı öldürdü. Mənə Humay deyirdilər. Ağlayırdım ki, mənə niyə Humay deyirlər? Bir dəfə də kinostudiyaya getmişdik. Həsən Məmmədovla rastlaşdıq. Atamla görüşdülər. Həsən Məmmədova əsəbi baxışlarla baxdım. Atama dedim ki, o səni vurub, onunla sən niyə görüşürsən? Həsən Məmmədov dedi ki, qızım, o kinodur, biz həyatda yaxın dostuq” deyə sənətkarın qızı deyib.

Sevinc Turabova deyir ki, atasından geriyə qalan hər bir əşyada onun xatirəsi yatır:

“Atamdan, qardaşımdan və anamdan sonra yaşayıram. Buna yaşamaq demək olarsa.. Onlarsız mənə çox çətindir. İki oğlum var, onların xətrinə. 28-də atamın yaşadığı ev var. O evə getmək mənim üçün o qədər ağırdır ki.. Hər şey, yaşadıqlarımız gözümün önündən kino lenti kimi gəlib keçir. Jurnalistlər gələndə o evdə görüşməyi istəyirlər. Mən isə imtina edirəm. Çox ağırdır.. İstəyirəm ki, nə lazımdırsa ordan götürüm tez çıxım. Xatirələrlə doludur həmin ev” deyə sənətkarın övladı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90