image-2000x150
image-azerbaycan-ermenistanbackend

Astana, Vaşinqton, Pekin, yoxsa… – Azərbaycanla Ermənistan arasında yeni vasitəçi peyda olur

image-728x90

Azərbaycan və Ermənistan arasında sülh danışıqları müxtəlif səviyyələrdə davam etdirilir, mövqelər dəqiqləşdirilir. Rus sülhməramlılarının Qarabağdan çıxarılması, Ermənistan baş nazirinin ard-arda sərhəd bölgəsinə səfərləri, Rusiya və Qərb diplomatları arasında müşahidə oluna söz duelləri də danışıqların intensivliyindən xəbər verir. Tərəflərin əvvəlki vasitəçiləri qəbul etməməsi , bölgə uğrunda geosiyasi mübarizənin artması isə yeni oyunçuların vasitəçilik təşəbbüslərinə də səbəb olur.

Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri arasında İtaliya ilə xüsusi isti münasibətləri müşahidəçilərdə Romanın yeni vasitəçi ola bilməsi haqda şərhlərə yol açıb. Xatırladılır ki, İtaliya şirkətləri Azərbaycanda, xüsusən də işğaldan azad edilmiş torpaqlarda aparılan yenidənqurma və bərpa işlərində fəal iştirak edir. Müşahidəçilərə görə, İtaliya Cənubi Qafqaz geosiyasətində yeni oyunçu kimi peyda olur və Aİ-nin Bakı ilə Ermənistan arasında davamlı sülhə vasitəçilik səyləri fonunda Azərbaycana dəstək verir: “Azərbaycanın nöqteyi-nəzərindən ümid odur ki, İtaliya sülh prosesində Fransanın Ermənistana göstərdiyi sarsılmaz dəstəyi azaltmağa kömək edə bilər”.

Yada salaq ki, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Aİ-nin sülh razılaşmasına vasitəçilik etməyə çalışması ilə bağlı yanaşmasını pisləyib, üçüncü qurumların nümayəndələrinin sahədəki tərəflərə münasibətdə hər hansı qəfil bəyanatı gərginliyi daha da artıra biləcəyini deyib.

Bəzən bu əlaqələr Azərbaycanın enerji ixracatında İtaliyanın oynadığı rolla izah edilsə də, Venesiya Ca’ Foscari Universitetinin elmi işçisi Karlo Frappi daha dərin səbəblərdən bəhs edir. Onun fikrincə, güclü ikitərəfli əlaqələr sadəcə enerji təhlükəsizliyinə əsaslanmır: “Roma 2023-cü ildə “Bir kəmər-bir yol” təşəbbüsü ilə bağlı anlaşma memorandumundan çıxsa da, bir çox italyan qərar qəbuledicilər hələ də ölkənin Çin ilə əlaqələrini gücləndirmək istəyir. Azərbaycan yeni yaranan Şərq-Qərb ticarət yollarında mühüm həlqədir və “ Bir kəmər-bir yol”, “Orta Dəhliz ” layihələrində İtaliyanın nüfuzu üçün platsdarm ola bilər. İki ölkə, həmçinin 2022-ci ildə İtaliya-Azərbaycan Universitetinin yaradılması da daxil olmaqla, mədəni və akademik əlaqələri gücləndirib”. Ekspertin mülahizəsinə görə, “Azərbaycan və Aİ arasında gizli gərginlik mərhələsində İtaliyanın ənənəvi balanslaşdırılmış mövqeyi faydalı ola bilər”.

“Frappi Eurasianet”ə müsahibəsində bildirib ki, İtaliya Qarabağla bağlı həm ərazinin geri qaytarılmasından əvvəl, həm də sonra balanslaşdırılmış və ağıllı siyasət həyata keçirib. Bu mövqe heç də Fransanın mövqeyini təhdid etmir, lakin iki ölkə rəsmilərinin açıq bəyanatları bir-birinə zidd olmağa davam etsə, işlər çətinləşə bilər. Yaxın gələcək üçün sülh prosesi Aİ-nin Azərbaycan və Ermənistanla münasibətində üstünlük təşkil edəcək və bir çoxlarının qorxduğu kimi, gərginlik artarsa, İtaliyanın “balanslı mövqeyi” bu və ya digər şəkildə dəyişməli olacaq. Odur ki, beynəlxalq vasitəçilik səylərini canlandırmağa ehtiyac var.

Aprelin 15-də isə Ermənistanda birgünlük rəsmi səfərdə olan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev İrəvanla Bakı arasında danışıqlar üçün platforma təqdim etməyə hazır olduqlarını bəyan etmişdi. O, Ermənistan baş naziri ilə görüşündə iqtisadi və investisiya əməkdaşlığı məsələlərini də müzakirə edərək ixrac-idxal məhsullarının siyahısının artırılmasının vacibliyini vurğulamışdı. “Qazaxıstan Ermənistana mal ixracını 350 milyon dollara çatdırmağa hazırdır, onların da fəallığına ümid edir”, – deyən Tokayev İrəvanı Cənubi Qafqazda “etibarlı tərəfdaş” adlandırmışdı. Onun sözlərinə görə, Ermənistan və Qazaxıstan üçün nəqliyyat, logistika zəncirlərinin inkişafı vacibdir. “Astana Paşinyanın regionda “Sülh qovşağı” təşəbbüsünü alqışlayır. Həmçinin iki ölkə arasında hava nəqliyyatını stimullaşdırmaq lazımdır”, – o əlavə edib.

Azərbaycanda əsasən siyasi müxalifətə bağlı ekspertlər Tokayevin təklifini “Turanın parçalanması”, “xəyanət”, “Türk Dövlətləri Təşkilatı ilə bağlı görülən işlərin iflası”, “Rusiyanın sifarişi ilə İrəvanı sülhdən uzaqlaşdırmaq təşəbbüsü” və s. kimi də ifadələrlə şərh etməyə tələsdilər.

Xatırladaq ki, Tokayev bu ilin martında Azərbaycanda dövlət səfərində olmuşdu. “Eurasianet.org” bu səfərlə bağlı “Qazaxıstan və Azərbaycan Xəzər dənizi üzərindən körpülər salır” başlıqlı yazısında qeyd edirdi: “Aşkar görünür ki, Əliyev türk dövlətləri ailəsində Qazaxıstanı sevimli qardaş sayır”.

Qeyd olunurdu ki, Azərbaycan-Qazaxıstan fondu ABŞ-ın yardımı ilə yaradılmış və mart ayında Mərkəzi Asiya dövlət rəsmiləri və regional biznes liderlərinin görüşündə təqdim edilən B5+1 Prosesi üçün katalizator ola bilər. Bu platforma ticarət maneələrini aradan qaldıracaq və Mərkəzi Asiyada vahid iqtisadi məkan yaradacaq.

Buna qədər baş verənlər də bir zəncirdə nəzərdən keçirilərsə, fərqli mənzərə ortaya çıxır. 2023-cü ilin sentyabrında ABŞ-Mərkəzi Asiya sammiti keçirilmişdi. Sammitdən sonra ABŞ-ın addımlarının təhlili göstərirdi ki, Mərkəzi Asiyada nadir torpaq metallarına çıxış əldə etmək əsas məqsəd idi. Sammitdə qəbul edilən C5+1 (5 Mərkəzi Asiya dövləti+ABŞ) birgə bəyannaməsi minerallar üçün müxtəlif, davamlı və etibarlı təchizat zəncirlərinin yaradılmasına, xammalın hasilatı və emalı üçün yeni texnologiyaların işlənib hazırlanmasına və regional sənaye əməkdaşlığı vasitəsilə əlavə dəyər yaratmağa xüsusi diqqət yetirilirdi. Bu sammitdən sonra noyabrın 22-də Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində İqtisadi Forum da keçirildi. O zaman da siyasi opponentlər “Azərbaycanın ortaasiyalaşması” haqda böyük bir kampaniya başlamışdı. Halbuki həmin vaxt Qərb analitikləri C5+S3+2 (Mərkəzi Asiyanın 5 dövləti+3 Cənubi Qafqaz dövləti+ABŞ+Aİ) platforması yaradılmasının mümkünlüyünü müzakirəyə çıxarmışdılar.

Qərb mediasının başqa bir analitik yazısında isə qeyd olunur ki, Çin Mərkəzi Asiyada öz strateji mövqelərini qoruyub saxlamağa və ABŞ-la müttəfiqlərinin strateji resurslara çıxışına əngəl yaratmağa çalışır. Hazırda Pekin Orta Asiya ölkələrinə investisiyalarında nəqliyyat sektoruna yatırımlara xüsusi diqqət verir, regionun aparıcı energetika şirkətlərində iştirak payını artırır.

Bu günlər hər iki bölgənin(Mərkəzi Asiya və Cənubi Qafqazın) vahid siyasi –iqtisadi məkan çevrilməsində Azərbaycanın xüsusi rolu olmasını vurğulayan başqa bir diqqətçəkici hadisə baş verib. Xəbər verildiyinə görə, Azərbaycan Orta Asiya dövlətləri ilə ( Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan) birgə Rusiyanın dəvət olunmadığı hərbi təlimlər keçirməyə hazırlaşır. Aprelin 4-də dörd Mərkəzi Asiya ölkəsinin və Azərbaycanın müdafiə nazirliklərinin nümayəndələrinin Bakıda keçirilən görüşündən sonra rəsmi olaraq elan edilib ki, bu ilin iyulunda Qazaxıstanın Manqistau bölgəsi“Birlestik-2024” manevrlərinə ev sahibliyi edəcək. “BNE Intellinews”-a görə, bu, Moskvada narahatlıq yaradır.

Beləliklə, həm İtaliyanın hələlik ekspertlər səviyyəsində təklif edilən vasitəçilk təşəbbüslərində də, Qazaxıstan prezidentinin təklif etdiyi təşəbbüsdə də ağırlıq iqtisadi maraqlar üzərindədir, dəhlizlər siyasətinin uzlaşdırılması ilə bağlıdır. Hər iki tərəf bu zaman öz ölkəsinin maraqlarını təmin etmək üçün Avropa və Çinin maraqlarını da uzlaşdırmağa çalışırlar.

Onu da xatırladaq ki, Azərbaycan və Ermənistan arasında Qazaxıstanın vasitəçilik təşəbbüsü ilk dəfə hələ 1991-ci ildə -birinci prezident Nursultan Nazarbayevin zamanında edilmişdi. O zaman bu təşəbbüs Azərbaycanı əsasən qane edən Jeleznovodsk Kommünikesinin meydana çıxması ilə başa çatmışdı.

Cəmaləddin Quliyev, siyasi ekspert

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90