image-rt-reklam
image-1backend

AŞPA əsl simasını göstərdi

image-728x90

Yanvarın 22-də Avropa Şurası Parlament Assambleyasının qış yarım-sessiyasının açılış günündə ölkəmizə qarşı növbəti qərəzli addım atıldı. AŞPA-da Azərbaycanın nümayəndə heyətinin etimadnamələri təsdiq edilmədi. Almaniyalı deputat, sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe Azərbaycanlı deputatların etimadnamələrin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü irəli sürdü və həmin təşəbbüs təsdiqləndi. Beləliklə, AŞPA Azərbaycan nümayəndə heyətinin   etimadnaməsini ratifikasiya etməkdən imtina etdi.

Bununla bağlı bir sıra əsassız iddialar ortaya atılıb. Belə ki, guya Azərbaycan AŞPA qarşısında götürdüyü öhtəliklərini yerinə yetirmir, təşkilatla əməkdaşlıq xəttinə sadiq deyil. Əslində reallıq başqadır. Azərbaycan həm Vətən müharibəsində, həm də ötən ilin 19-20 sentyabr tarixlərində keçirdiyi lokal antiterror tədbirləri sayəsində ərazi bütövlüyünü, suverenliyini əbədi olaraq təmin edib. Bu isə AŞPA üzvü olan bir sıra Avropa dövlətləri və onların təcavüzkar Ermənistanı açıq-aşkar dəstəkləyən rəhbərlərini narahat edir.

Bu reallıqlardan görünür ki, bir çox avropalı parlementarilərin ciddi şəkildə narahatdırlar. Onlar Azərbaycana qarşı sinxron şəkildə təzyiqlərə başlayıblar. Bu qərəzli qərarla bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bəyanatla çıxış edib. Bəyanatda da açıq şəkildə AŞPA-nın ilk növbədə öz prinsiplərinə zidd olan, biabrçı bir addım atdığı ifadə olunur.

Azərbaycana qarşı atılan qərəzli addımların və irəli sürülən ittihamların heç bir əsası yoxdur. Eyni zamanda, nümayəndə heyətimiz vurğulayıb ki, Azərbaycan torpaqlarını Ermənistan 30 il ərzində işğal altında saxlayarkən biz bu məsələləri hər zaman gündəmə gətirmiş, işğalçı dövlətlə münasibətdən təzyiq metodlarını işə salınmasını tələb etmişdik. O zaman, heç bir konkret tədbir götülmədi. Ikili standartlarla işləyən avropalı deputatlar indi əsl simalarını ortaya qoydular. Bu təşkilat çərçivəsində Azərbaycana qarşı təzyiqlər işə salınır, nümayəndə heyətimizin etimadnaməsini təsdiqləmirlər. Bütün bunlar birbaşa ikili standartlarla yanaşı milli-etnik zəmində nifrətin, təkəbbürün ifadəsidir. Azərbaycan dövləti heç bir halda özünə münasibətdə bu davranışı qəbul etmir.

Eyni zamanda, bütün bu addımlar Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ərəfəsində atılır. Bununla da ölkəmizdə keçirilən demokratik seçki prosesinə təzyiq göstərmək istəyirlər. Bu isə Azərbaycanın daxili işinə qarışmaqdan başqa bir şey deyil. Əslində bu addımları ilə AŞPA öz kimliyini ortaya qoyur. Məlum olur ki, bu təşkilatın özü də daha böyük siyasi güclərin əlində alətə çevrilib, bu və ya digər dövləti hədəfə almaq üçün vasitə rolunu oynayır.

Qərbin bir sıra siyasi dairələri son zamanlarda Azərbaycana münasibətdə koordinasiya olunmuş fəaliyyət nümunəsi göstərirlər. Bir müddət əvvəl ABŞ Dövlət Departamenti səviyyəsində Azərbaycana qarşı bir təzyiqin şahidi olduq. Bu, dövlət katibinin köməkçisi səviyyəsində edildi. Fransa ənənəvi olaraq ermənipərəst siyasət həyata keçirərək bu günlərdə yenidən Fransa Senatı anti-Azərbaycan qətnamə qəbul edib. Avropa Parlamenti ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərinə nümayəndə heyəti göndərməkdən imtina edib. Eyni zamanda Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali komissarı Cozef Borrell Azərbaycanı Ermənistana qarşı təcavüzdə ittiham edir.

Göründüyü kimi bütün bu proses vahid bir mərkəzdən idarə olunur və müxtəlif istiqamətlərdə Azərbaycana qarşı təzyiq göstərilir. Ancaq bütün bu cəhdlərin heç bir mənası olmayacaqdır.  Ölkəmiz heç bir təzyiq qarşısında əyilməyəcəkdir.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90