image-rt-reklam
image-2backend

“ASAN xidmət” mərkəzlərində alternativ enerjidən istifadə olunacaq -FOTOLAR

image-728x90

2 noyabr 2024-cü il tarixində “ASAN xidmət” mərkəzlərində alternativ enerji mənbələrinə keçid” layihəsi ilə bağlı təqdimat mərasimi keçirilib.

​Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev iştirak ediblər.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan edilmiş 2024-cü il – “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşdırılan təşəbbüslər ekoloji davamlılıq və yaşıl texnologiyaların xüsusi önəmi nəzərə alınmaqla reallaşdırılır. Həmçinin Azərbaycan, 2030-cu il Sosial-İqtisadi İnkişaf üzrə Milli Prioritetlərin 5-ci prioriteti olan “Təmiz ətraf mühit və yaşıl artım” hədəfinə də xüsusi önəm verilir.

Eyni zamanda “ASAN xidmət” tərəfindən də ölkəmizdə dayanıqlı və yaşıl gələcəyin təmin edilməsi istiqamətində innovativ ekoloji təşəbbüslər həyata keçirilir.

​ “ASAN xidmət” mərkəzlərində ümumilikdə 19 milyon kilovat-saat elektrik enerjisi istehlak edilir. Bu fakt enerji tələbatını dayanıqlı şəkildə qarşılamaq üçün innovativ həllərin tətbiqini zəruri edir.

​Qeyd olunanları nəzərə alaraq, Dövlət Agentliyi “ASAN xidmət” mərkəzlərində alternativ enerji mənbələrinə keçid” layihəsinə start verib.

​Layihə çərçivəsində ilkin olaraq 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin damında günəş panelləri quraşdırılıb. Bərpa olunan, məsrəfə qənaət edən və şəbəkəyə töhfə verən günəş panelləri vasitəsilə binanın elektrik ehtiyacları təmin ediləcək.

​Layihənin tezliklə bütün “ASAN xidmət” mərkəzlərinin inzibati binalarında və dayanacaq yerlərində reallaşdırılması nəzərdə tutulur.

​Günəş enerjisindən istifadə və qabaqcıl texnologiyaların tətbiqi “ASAN xidmət” mərkəzlərində karbon dioksid tullantılarını əhəmiyyətli dərəcədə azaldacaq. Bununla da mərkəzlərə gündəlik müraciət edən 40,000-ə yaxın vətəndaş üçün daha təmiz, sağlam bir mühit formalaşdırılacaq.
​Eyni zamanda layihə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə, “Sərfəli və Təmiz Enerji”, “Dayanıqlı Şəhərlər və İcmalar”, İqlim Dəyişikliyinə Qarşı Mübarizə”yə töhfə verəcək.

Ətraflı:

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90