Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi və “Marsol Academy”nin əməkdaşlığı çərçivəsində ölkəmizdə ilk dəfə “Body Game” təlimi təşkil olunub.
Türkiyədə yaranaraq dünyanın müxtəlif ölkələrində tətbiq edilən bu 10 saatlıq proqram musiqi, oyun və öyrənməni bir araya gətirən innovativ metodologiyaya əsaslanır. Təlimi türkiyəli peşəkar mütəxəssislər Tuncer Ediz Toksoy və Esin Toksoy aparıblar.
Fərqli sahələri təmsil edən 50-dən çox iştirakçının qatıldığı təlim tamamilə interaktiv formatda keçirilib. Sessiyalarda iştirakçılara “Orff” yanaşması, bədən perkussiyası, yaradıcı rəqs və drama, hekayə əsaslı ritm məşqləri, eləcə də çoxlu zəka nəzəriyyəsi kimi mövzular praktiki üsullarla təqdim olunub.
Proqram çərçivəsində ritm və bədən hərəkətləri, “stəkan oyunları”, intizam və koordinasiya məşqləri, qrup rəqsləri, həmçinin yaradıcı materiallardan istifadə etməklə müxtəlif interaktiv fəaliyyətlər həyata keçirilib. Bu metodika iştirakçıların həm yaradıcı potensialını, həm də komanda bacarıqlarını gücləndirməyə xidmət edib.
ASAN İnnovativ İnkişaf Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılıb. Mərkəz qabaqcıl ASAN təcrübəsini tətbiq etməklə yanaşı, daim təlim sahəsində yenilikləri ilə fərqlənir, innovativ və müasir öyrənmə metodlarını təqdim edir. Məqsəd ölkədə yüksək ixtisaslı kadrların hazırlanmasına, dövlət və özəl sektorda fəaliyyət göstərən əməkdaşların peşəkarlığının artırılmasına mühüm töhfələr verməkdir.