image-rt-reklam
image-xxxbackend

Arzuların finalına doğru: Xankəndi stadionu bizi gözləyir

image-728x90

Oktyabrın 15-də Azərbaycan tarixinin ən möhtəşəm günlərindən birini yaşadıq. Xankəndi, Xocalı, Ağdərə kimi şəhərlərimiz üçrəngli, şanlı bayrağımızla qovuşdu.

Azərbaycan dövlətinin hədəflədiyi, xalqının isə illərdir arzuladığı, dualar etdiyi suveren Azərbaycana qovuşduq. Artıq elə bir bölgəmiz yoxdur ki, orada Azərbaycan bayrağı dalğalanmasın, konstitusiyamızın qanunları keçərli olmasın.

Bütöv Azərbaycanla bağlı arzular bitərmi? İndi işğaldan azad edilən torpaqlara yeni həyat, yeni nəfəs vermək zamanıdır. Çünki illərdir oralar bizi – sahiblərinin yolunu gözləyir. Qarabağla bağlı o qədər arzular var ki… Onları reallaşdırmaq eşqi bu gün həmin torpaqlara canlanma gətirib.

Hər bir sahə kimi idmanla da bağlı böyük planlar, istəklər var. Son 3 il ərzində Qarabağda keçirilən idman yarışları bölgənin canlanmasında böyük rol oynayıb. “Mingəçevir Reqatası”nın bir mərhələsi, “Əziz Şuşa”, “Shusha Chess 2022” və başqa yarışlar Qarabağın bəzəyinə çevrilib. Eyni zamanda, Azərbaycan dövlətinin, xalqının torpağına necə dəyər verdiyini dünyaya nümayiş etdirib. Bu, işğaldan azad edilmiş torpaqlarda atılan ilk addımlar idi. Zaman göstərir ki, həmin yarışlar sonuncu olmayacaq. Bununla da, Qarabağın qayıdışına idman da öz töhfəsini verəcək.

Yazımıza Peşəkar Futbol Liqasının sabiq prezidenti Ramin Musayevin 2020-ci ilin noyabr ayında verdiyi açıqlamayla davam edək:

“Qələbə sevincimizi sözlə ifadə etmək çətindir. Ən vacibi odur ki, həsrətində olduğumuz torpaqlarımızı görmək bizə də nəsib olacaq. Qələbə ilə bağlı bizim də öz planımız var. Allah qoysa, Qarabağa gedib-gəlməklə bağlı razılıq əldə olunsa və çatdıra bilsək, fikrimiz var ki, Azərbaycan Kubokunun finalını elə Qarabağda, Xankəndidə keçirək”.

Budur, Xankəndi nəhayət azaddır. İllərdir Azərbaycan futbol ictimaiyyəti də bu günü gözləyirdi. Axı orada bizi gözləyən stadion var. Stadion isə hər bir futbol adamının məbədidir. Biz illərdir həmin arenanın fotolarına baxıb, orada keçiriləcək ilk matçın xəyalını qururduq.

Təbii ki, bunun qısa zamanda reallaşması asan məsələ deyil. Qeyd etdiyimiz kimi, işğadan azad edilən torpaqlarımızda artıq bir neçə beynəlxalq və nüfuzlu yarış təşkil olunub. Azarkeşlər və futbol ictimaiyyəti isə Müstəqillik günü ərəfəsində keçiriləcək futbol üzrə ölkə kubokunun final matçının Xankəndidə baş tutmasını istəyir. Bunun üçün ideal olmasa da, infrastruktur var.

Bu yarışın təşkilatçısı Peşəkar Futbol Liqasıdır. Ramin Musayevin açıqlamasından sonar qurumda ciddi dəyişikliklər baş verib. Söhbət təkcə strukturdan və rəhbər postundan getmir. PFL artıq Azərbaycan futbolunun peşəkarlaşması və inkişafı üçün bir sıra islahatlar aparıb. Əsasnamədən tutmuş lisenziya qaydalarına kimi. Artıq hər arenada futbol matçı keçirmək mümkün deyil. Bunun üçün tələblər var. Eyni zamanda digər idman növlərindən fərqli olaraq futbolun kütləsi və əhatə dairəsi genişdir.

Ümumiyyətlə Azərbaycan kubokunun final matçının Xankəndidə keçirilməsi təklifinə PFL-in mövqeyi necədir? Bu sarıdan hansısa addımın atılması düşünülürmü? Sualımızı qurumun media və marketinq direktoru Sənan Abdullayevə ünvanladıq:

“Təbii ki, Xankəndidə finalın olması hər birimizin arzusudur. Bu məsələ heç də asan deyil. Müzakirə edilməli, klublarla, azarkeşlərlə bağlı planlamalar qurulmalıdır. Ən azı mövsümün yarısına çatmalıyıq. Bu gün konkret fikir bildirmək çətindir. Hazırlıq və digər məsələlər ciddi şəkildə müzakirə edilməlidir. Stadionun vəziyyətini də öyrənməliyik. Ondan sonra bu barədə yekun qərar verilə bilər”.

Göründüyü kimi, PFL ölkə kubokunun finalının Xankəndidə keçirilə biləcəyini istisna etmir. Kubokun finalı Azərbaycan futbolunun önəmli matçlarından biridir. Hər il mövsümə məhz bu matçla yekun vurulur. Peşəkar Futbol Liqası da həmin qarşılaşmanın yüksək səviyyədə təşkil edilməsi üçün əlindən gələni edir. Yəqin ki, PFL gec-tez arzuların finalını reallaşdıracaq. Əsas odur ki, bu, xəyal deyil, bizdən bir neçə addım uzaq olan arzudur.

Heybət Məmmədov

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90