image-2000x150
image-sepah-esasbackend

“Artsax”ı xilas etmək – SEPAH özünə yenə hədəf seçdi

image-728x90

Tehran və Bakı münasibətlərindəki gərginliyin yumşalmağa doğru getməsinə rəğmən İran, Yaxın Şərq və Qərb mediası mümkün müharibə ssenarilərinin müzakirəsini davam etdirir. İddia olunur ki, İranın reaksiya verməməsi səbəbindən Bakının Ermənistana təzyiqləri artır. Azərbaycanın diplomatik manevrlərinin uğuruna, Qərbdəki türk və yəhudi lobbilərinin lehimizə istifadə olunmasına toxunulur, Ermənistan dövləti ilə erməni lobbisi arasında yaranmış narazılıqların İrəvanı təklədiyi deyilir, Rusiyanın da Azərbaycanla Zəngəzur dəhlizi məsələsindən həmrəy olmasına diqqət çəkilir. Yenə də erməniləri açıq şəkildə dəstəkləmək, Qarabağdakı erməni yaraqlılara birbaşa hərbi dəstək göstərmək təklif olunur.

Müdafiə və təhlükəsizlik üzrə analitik, Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun əməkdaşı Fərzin Nadimi “middleeasteye”-yə açıqlamasında İranın bölgəyə hərbi müdaxilə ssenarilərindən bəhs edir: “Görünür, İranın Ermənistan üzərindən tranzit marşrutlarını açıq saxlamaq üçün xüsusi planı var…Azərbaycan Zəngəzur dəhlizi üçün lazım olan quru yolu əldə etmək üçün Ermənistana doğru hərəkət etmək qərarına gəlsə, İran böyük ehtimalla, Ermənistana və Ermənistan-Azərbaycan sərhədi boyunca qoşun və ağır texnika göndərməklə bunun qarşısını almağa çalışacaq”.

Nadimi proqnozlaşdırır ki, bu ən pis ssenaridə İran quru qüvvələrini aviasiya, artilleriya və hava hücumundan müdafiə ilə təmin edəcək. O xatırladır ki, İran mediası bu günlərdə Qarabağda yeni müharibə başlayacağı təqdirdə Tehranın İrəvana hərbi yardım göstərə biləcəyini də irəli sürüb. İran rəsmiləri həmçinin bəyan ediblər ki, Ermənistan yerli istehsal olan hərbi pilotsuz təyyarələri almaqda maraqlı olan ölkələrdən biridir. Nadimi proqnozlaşdırır ki, Azərbaycan və İran arasında istənilən hərbi qarşıdurma məhdud olacaq və tezliklə dayandırılacaq. Lakin bu o demək deyil ki, “hər iki tərəfdən ciddi itkilər olmayacaq… Azərbaycan ordusu İran ordusundan xeyli kiçik olsa da, İsrail və Türkiyənin verdiyi qabaqcıl hərbi texnika ilə təchiz olunub”. O, İranın Ermənistanı dəstəkləmək, Ermənistanla sərhədlərini qorumaq üçün Azərbaycandakı yerli şiə qüvvələri ilə əməkdaşlıq edə biləcəyini (güman ki söhbət “Hüseyniyyun” terror təşkilatından gedir-C.Q) proqnozlaşdırır: “Ancaq əlbəttə ki, hər zaman gərginliyin artması və münaqişədə birbaşa iştirak ehtimalı var”.

i24news.tv kanalı isə iddia edir ki, İran Azərbaycanla münaqişə yaratmaq və onu İranın İsrailə qarşı istifadə olunacaq hər hansı yeni hərbi inkişafı üçün sınaq meydançasına çevirmək qabiliyyətinə və motivinə malikdir… İraqın “Kitabat” saytı problemi Azərbaycanın Zəngəzur dəhlizi layihəsində israrlı olmasında görür.

“Müsəlman Qardaşlar”ına yaxın “Arab Post” saytı “ yaxşı məlumatlı İran mənbələri”nə istinadən Tehran rəhbərliyində hərbi əməliyyatların aparılması ilə bağlı fikir və rəylərin olduğunu təsdiqləyib. SEPAH-a yaxın mənbə sayta bildirib ki, Azərbaycanın İsraildə səfirliyinin açılmasından və Azərbaycan-İsrail ittifaqı yarandıqdan sonra “İran rəhbərliyi arasında Azərbaycana qarşı məhdud hərbi əməliyyat keçirməyi düşünmək tendensiyası yaradıb”. SEPAH-dakı mənbə hesab edir ki, “Zəngəzur dəhlizi” İranın Cənubi Qafqaza, oradan isə Rusiya və Avropaya gedən yeganə yolunu kəsəcək. Buna görə də Tehran onu öz milli təhlükəsizliyinə təhdid hesab edir: “Zəngəzur dəhlizinin yaradılması Tehranla Bakı arasındakı münasibətlərdə dəvə belini qıran saman çöpü olacaq. Ötən onilliklər ərzində İran rəhbərliyi Azərbaycan Respublikası ilə fikir ayrılıqlarını cilovlamağa çalışıb, lakin görünən odur ki, Bakı bu fikir ayrılıqlarını inkişaf etdirmək və sərhədlərimizə çatdırmaqda israrlıdır”.

Mənbə iddia edir ki, SEPAP, ETTELLAT və Əli Şamxani arasında İranın bu dəhliz qurulacağı təqdirdə reaksiyasını müzakirə etmək üçün intensiv görüşlər olub. Görüşlərdə Azərbaycan Respublikası ilə Ermənistan arasında mümkün savaşın nəticələri müzakirə olunub: “İran Ermənistanla açıq sərhədində istənilən coğrafi dəyişikliyi rədd edir”.

Tehrandan strateji analitik Soruş Dehqaninin rəyinə görə, Zəngəzur dəhlizinin yaradılması o deməkdir ki, Azərbaycan və Türkiyə İrana əlavə güc və təsir alətləri qazanacaq .

Bəs, Rusiya Azərbaycanla İran arasında gərginliyi azalda biləcəkmi? Moskva illərdir ki, vəziyyətin pisləşməsinin qarşısını almaq üçün Bakı ilə Tehran arasında vasitəçi rolunu oynamağa çalışır. Lakin İran mənbələrinin bildirdiyinə görə, son vaxtlar Tehranda Rusiyanın İranla Azərbaycan arasında gərginliyi azaltmaq gücündə şübhələr yaranmağa başlayıb.

“İran diplomatacy.ir” isə iddia edir ki, Bakının “Artsax bölgəsi”ndə erməni torpaqlarına dəfələrlə təcavüz etməsinə İranın ciddi reaksiya verməməsi bu rejimin Sünik vilayətində işğal və soyqırımı siyasəti həyata keçirməyə təşviq edəcək. Sayt Rusiya Federasiyası Dövlət Dumasının deputatı, MDB Əməkdaşlıq Komissiyasının birinci müavini Konstantin Zatulinin fikirlərinə yer ayırır. Zatulin deyir ki, Paşinyan “Artsax”ın xalqını və ərazisini Bakıya təhvil verib: “Cənubi Qafqazda hadisələrin gedişatını nəzərə alaraq, İran Bakının “Artsax”da yaşayan 120 min erməninin yaxınlaşan soyqırımı və etnik təmizləməsi ilə bağlı sui-qəsdi ilə bağlı susqunluğunu pozmalıdır. Üstəlik, Əliyev rejimi dəfələrlə saxta ittihamlar və media fantaziyaları ilə İranı insan hüquqlarını pozmaqda və İranda müəyyən etnik qruplara qarşı ayrı-seçkilik etməkdə ittiham edib …Ona görə də İran Bakının “Artsax” və Sünikdəki destruktiv siyasətinə qarşı susmamalıdır”.

“Tinn.ir” saytına danışan ekspertlər isə hesab edirlər ki, Zəngilan hava limanı coğrafi mövqeyin sabitləşməsindən çox-çox kənara çıxan məqsədlər güdür: “Zəngilan hava limanının gələcəkdə hansı rol oynayacağını təxmin etmək hələ tez olsa da, əminliklə demək olar ki, İsrailin və Ankaranın Cənubi Qafqazdakı son hərəkətləri narahatlıq doğurur”.

“Eghtesaad24” saytı isə xatırladır ki, Zəngəzur dəhlizi Gürcüstandan gələn kommunikasiya marşrutu ilə birlikdə İlham Əliyevin 2015-ci ildə Çində anlaşma memorandumu imzaladığı İpək Yolu səylərinin bir hissəsi olacaq. Bu layihənin həyata keçirilməsi həm Tbilisi və Bakını Türkiyə ilə mümkün qədər birləşdirəcək, həm də İpək Yolunda İran üçün arenanı daraldacaq: “ Bu dəhliz Qafqazın özündən kənara çıxan daha böyük geosiyasi münaqişənin bir hissəsidir”.

Sayt bizim bəzi iranpərəst dairələrin də istifadə etdiyi tezisi təkrarlayır: “3 milyonluq İrəvan Respublikası ilə hələ də müharibəni bitirə bilməyən 10 milyonluq Bakı Cümhuriyyəti üçün 85 milyonluq İran arasında müharibənin başlanması siyasi intihar, İran üçün mənəvi və status zərbəsi ola bilər. …Şübhəsiz ki, Bakı münaqişənin qarşısını almaq üçün əlindən gələni edəcək, İran isə şiə bölgəsinə və İran xalqına (İran mediası Azərbaycan əhalisini də belə təqdim edir –C.Q) hücum etməmək üçün əlindən gələni edəcək”. Daha sonra Qərbdəki Azərbaycan lobbisinin gücündən, erməni lobbisini neytrallaşdırmaq üçün Azərbaycanın yəhudi lobbisindən istifadə etməsindən bəhs olunur.

Nəşr iki ölkə arasında gərginliyin azaldılmasını həm də ona görə vacib sayır ki, İran fürsətdən istifadə edib güc balansını yaratmaq üçün “İrəvan Respublikasının müdafiəsini gücləndirsin”. Çünki bununla İranın sabitliyin təminatçısı və hörmətli oyunçu kimi rolu artırıla bilər. “Eyni zamanda, İran İrəvan hökumətinin imkansızlığı ucbatından ağır şəraitdə yaşayan 120 min erməninin yaşadığı Qarabağda erməni yaraqlılarını gücləndirmək üçün İrəvanla birgə işləyə bilər. Qafqazın etnik müxtəlifliyini və İranın təzyiq qrupları ilə əlaqə saxlamaq və gücləndirmək təcrübəsini nəzərə alsaq, görünür, bu variantı da nəzərdən keçirmək olar”.

Bu iddialar fonunda Laçında Azərbaycan tərəfinin nəzarət buraxılış məntəqəsi və gömrük postu quraşdırmasına Qərb və Moskvanın dözümlü münasibətinin səbəbi də anlaşılır. Yaranmış boşluğun İran tərəfindən doldurulmasında, Ermənistanın Tehranın vassalına çevrilməsində nə Qərb, nə Rusiya maraqlı deyillər.

İran mediasının və xaricdəki poksi medianın əsasən SEPAH-ın nəzarətində olması sirr deyil. Amma SEPAH-dakı mənbə Qətər və Türkiyəyə yaxın nəşrə məlumat sızdıraraq Azərbaycana münasibətdə SEPAH, ETTELAAT və Ali Təhlükəsizlik Şurasının vahid mövqedə olması mesajını verməsi maraqlı hadisədir. Çünki SEPAH-a bağlı “Hüseyniyyun” terror qrupunun iki aparıcı fiqurunun həbsi, Ali Təhlükəsizlik Şurasının SEPAH-dan fərqli yanaşması olması, İran hakimiyyətində Azərbaycanla bağlı radikal baxışın üstün olmadığı haqda rəylərə yol açırdı.

Nəzərə çarpan digər məqam Nikol Paşinyanın indidən erməni xalqının satqını elan edilməsi, Qarabağ ermənilərini ona qarşı qaldırmaq cəhdlərinin açıq müzakirəsidir. İndiyədək separatçıların dəstəklənməsini etiraf etməyən İranın üst siyasi hərbi qurumları indi separatçı hərbi birliklərini silahlandırmaq və onların tərəfində döyüşə qatılmaq kimi versiyaları mediada açıq müzakirəyə çıxarırlar.

Cəmaləddin Quliyev, siyasi ekspert

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90