image-rt-reklam
image-4backend

Artlq Xocalı ilk sakinlərini qəbul edib

image-728x90

Azərbaycan dünya dövlətlərinin diqqət mərkəzindədir. Azərbaycanın dövlət başçısı İlham Əliyev 44 günlük müharibə ilə hamını başa saldı ki, Ermənistan və onun havadarları Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirirlər və bu siyasət də iflasa uğradı.

İşğaldan azad olunan Azərbaycan torpaqlarının bərpası, dünənə qədər qaçqın və köçkün olan insanların öz dədə-baba yurdlarına qayıdışı dünya üçün tarixi təcrübədir. Prezident İlham Əliyevin mayın 28-də Ağdam və Xocalıya səfəri və Xocalıda hər bir evi diqqətlə izləməsi, ev sahibləri ilə görüşü dünyada analoqu olmayan hadisədir.

Bütün bunlar göstərir ki, bizim dövlət, xalq olaraq missiyamız təkcə torpaqları düşməndən azad etmək deyil, həm də torpaqlarımızı cənnətə çevirməkdir. Bununla da bütün dünya torpağa məhəbbətin necə olduğunun şahidi olacaq. Dövlət başçsının öz ad günlərini belə qaçqın və məcburi köçkün rayonlarında, əhali ilə birgə keçirməsi də dünya üzrə nadir hadisələrdən biridir. Bu gün Qarabağa gedən xarici qonaqlar da orada görülən işlərin sürətinə inana bilmirlər. Biz bir daha sübut edirik ki, Qarabağ günü-gündən cənnətə çevrilir və biz buranın əsl sahibləriyik.

30 il mənfur düşmən bu torpaqları tamamilə dağıtmış, bütün tikililəri, tarixi və dini abidələri yerlə-yeksan etmiş və bununla özlərində belə bir fikir yaratmışdılar ki, bu torpaqların sahibi onlardır, vəziyyət sona qədər bu şəkildə davam edəcək. Tarixi və dini abidələrin tamamilə dağıdılmasında məqsəd Azərbaycan xalqının izlərini silmək, öz yalanlarına özləri kimi dünyanı da inandırmaq idi. Amma unudurdular ki, tarixi silmək mümkün deyil. Bu gün işğaldan azad edilmiş ərazilərimizə səfər edən xarici qonaqlar gördüklərindən heyrətlərini gizlədə bilmirlər. Azərbaycan xalqının bu illər ərzində necə bir vəhşi ilə üz-üzə qaldıqlarının şahidinə çevrilirlər.

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfərlər edir, görülən işlərlə yaxından tanış olur, yeni sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edirlər. Son üç ildən artıq dövrün qürurverici hadisələrindən biri budur ki, dövlət başçısı İlham Əliyev öz doğum günlərində, bayramlarda, əlamətdar günlərdə xalqın arasında olur, onlara müjdələrini çatdırır.

Digər bayram günlərində olduğu kimi, 28 May-Müstəqillik Günündə də dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva işğaldan azad edilmiş Ağdam və Xocalı rayonlarında oldular.

Prezident İlham Əliyevin iştirakı ilə Ağdam rayonunun Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı kəndlərinin təməli qoyuldu. Onu da qeyd edək ki, bütün işğaldan azad edilmiş ərazilərimiz «ağıllı şəhər» və «ağıllı kənd» layihələri əsasında yenidən qurulur. İlk «ağıllı kənd» Zəngilan rayonunun Ağalı kəndi oldu. İlk «ağıllı şəhər» isə Ağdam şəhəri olacaq.

Mayın 28-də dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Arzu Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşdülər. Dövlət başçısı İlham Əliyevin bayram günlərində işğaldan azad edilmiş ərazilərimizdə olması, həmin rayonların ictimaiyyət nümayəndələri ilə, yaxud bu ünvanlara qayıdan sakinlərlə görüşmələri artıq ənənə halını alıb.

Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyev bu ilin 26 fevral tarixində – Xocalı soyqırımının 32-ci ildönümündə Xocalı şəhərində oldu, ictimaiyyət nümayəndələri ilə görüşdü və Xocalı Soyqırımı Memorialının təməlini qoydu. Həmin mərasimdə «Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada – 26 fevral günündə memorial kompleksin təməli qoyulacaq. Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq. Otuz iki ildən sonra siz qayıtmısınız» söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, otuz iki ildən sonra – o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir.

Artıq Xocalı şəhərinə ilk sakinləri qayıtdı. Azərbaycan Bayrağının Xocalı şəhərində ucaldıldığı vaxtdan ötən 8 ayda bu torpaqda aparılan genişmiqyaslı işlərin göstəricisi məhz soydaşlarımızın bura Böyük Qayıdışının başlanmasıdır. Cənab İlham Əliyev sakinlərlə görüşündə bildirdi ki, əlbəttə, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Keçən il Müstəqillik Günündə Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində – mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir: «Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur. Əvvəlkindən də daha gözəl şəhərdir və daha da gözəl olacaq. Bu gün sadəcə olaraq, birinci mərhələdir. Bu gün, əslində, Böyük Qayıdış proqramının Xocalı səhifəsi yazılır. Yaxın gələcəkdə digər xocalılılar da buraya qayıdacaqlar, əminəm ki, böyük həvəslə.»

Müzəffər Ali Baş Komandan İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki, İkinci Qarabağ müharibəsi başa çatanda xocalılılar inanırdılar, bilirdilər bu gün də gələcək. Mən də bilirdim, şübhə etmirdim. Sadəcə olaraq onun vaxtı var idi. Xocalılılar bəlkə də bu qədər tez baş verəcəyini gözləmirdilər: «Burada – Xocalıda, Xankəndidə, o vaxt hələ ki, azad edilməmiş digər şəhər və kəndlərimizdə separatçılar at oynadırdılar. Onlar hesab edirdilər ki, burada separatçılıqla əbədi məşğul olacaqlar. Halbuki bunun heç bir hüquqi, tarixi əsası yox idi. Xocalı qədim Azərbaycan torpağıdır. Mənfur düşmən soyqırımı törədəndən sonra burada qanunsuz məskunlaşma da aparmışdır. Bu da hərbi cinayət sayılır. Xocalının adını da dəyişdirməyə, bir hərbi cinayətkarın adına rəsmiləşdirməyə çalışırdılar. Ancaq hər şeyin vaxtı var və biz qayıtmışıq, həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi.»

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90