Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və KOB Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə 23-24 sentyabr 2023-cü il tarixində Bakıda “Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası həyata keçiriləcək.
İnterpress.az xəbər verir ki, tədbirin təşkilində əsas məqsəd mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və onlar arasında əməkdaşlığın genişləndirilməsi, sahibkarların xidmət keyfiyyətinin yaxşılaşdırılması, əhalinin həssas qrupundan olan qadınlar və aztəminatlı ailələri təmsil edən vətəndaşların fəaliyyətinin dəstəklənməsi, eləcə də yerli məhsulların tanıdılmasıdır.
Ümumilikdə layihədə 60-dan çox mikro və kiçik sahibkarlar (xüsusilə qadınlar) və özünüməşğulluq proqramı iştirakçısı olan vətəndaşların iştirakı nəzərdə tutulub. Layihəyə cəlb olunacaq mikro və kiçik sahibkarlar əsasən tekstil, xidmət, qida, aksesuar, kosmetika, oyuncaq və ev üçün əşyalar sektorunu əhatə edəcək. Tədbir çərçivəsində həmçinin, öz biznesini genişləndirmək istəyən sahibkarlar üçün ikitərəfli görüşlər təşkil olunacaq, uğurlu iş adamları ilə təcrübə mübadiləsi yaradılacaqdır.
Məlumat üçün nəzərinizə çatıraq ki, “Arşın mal alan” layihəsi silsiləvi xarakter daşıyır. Bundan əvvəl layihə 2022-ci ilin avqust ayında Bakı şəhərində və oktyabr ayında isə Astara şəhərində baş tutub.
Qeydiyyatdan keçmək üçün: https://forms.gle/4KpLvWsvsWh3Pai2A
Ünvan: Bakı şəhəri
Əlaqə: (994 51) 230 39 35