Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu ilin yanvar və fevral ayları ərzində ölkə ərazisində bioloji aktiv qida məhsullarının dövriyyəsini həyata keçirən 96 aptekdə yoxlama aparılıb.
AQTA-dan verilən məlumata görə, 93-ü planlı, 3-ü isə plandankənar həyata keçirilən yoxlamalar zamanı 27 aptekin nəticəsi qənaətbəxş olub, 69 aptekdə isə uyğunsuzluq aşkar edilib.
Bunlardan 60 aptekdə sanitar norma və qaydalara əməl olunmadığı, 7 aptekdə saxlanma müddəti bitmiş bioloji aktiv qida məhsulunun satıldığı, 2 aptekdə isə bu məhsulun etiket məlumatlarının tələblərə cavab vermədiyi müəyyən edilib. Həmin apteklərin vəzifəli şəxsləri barəsində Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. Uyğunsuzluq aşkarlanan 2 aptekdə bioloji aktiv qida məhsulunun satışının dayandırılması, 7 aptekdə isə məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul olunub.
Həmçinin ötən ilin dekabrın 6-dan etibarən AQTA əməkdaşları tərəfindən qida təhlükəsizliyi sertifikatı və üzərində Azərbaycan dilində markalanması olmayan bioloji aktiv qida məhsullarının satışı ilə bağlı 327 aptekdə monitorinq həyata keçirilib. Monitorinqin nəticəsinə əsasən, 13 aptekdə qida təhlükəsizliyi sertifikatı, 9 aptekdə isə üzərində Azərbaycan dilində markalanması olmayan bioloji aktiv qida məhsulları aşkar edilib. Həmin məhsullar satışdan kənarlaşdırılıb, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.