Avropa parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamədə əks olunan fikirlər əsassız olduğu kimi qərəzlidir
Avropa Parlamentinin “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsi qərəzliliyi, hadisələri və faktları tam formada təhrif etməsi ilə bütün mümkün ölçüləri aşıb. Nəzərə alaq ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğalda saxlayıb, təxminən 12 faiz ərazimizi 1,5 milyon mina ilə çirkləndirib, torpaqlarımızı işğal edən zaman 1 milyona yaxın azərbaycanlı mülki əhalini qovmaqla etnik təmizləmə həyata keçirib. Ermənistandan qovulmuş 300 min azərbaycanlı bu gün də öz doğma evlərinə qayıda bilmir. Bütün bunlara rəğmən, Avropa Parlamenti işğalçı Ermənistan əleyhinə yox, təcavüzə məruz qalmış Azərbaycana qarşı qətnamə qəbul edib. Olmayan “etnik təmizləmə”dən, “hərbi əsirlər”dən danışır. Halbuki Avropa Parlamentinin qətnaməsində “müharibə əsirləri” adlandırılan şəxslər Xocalı, Malibəyli, Quşçular, Başlıbel, Ballıqaya, Qaradaglı, Ağdaban və digər yerlərdə azərbaycanlı mülki əhaliyə qarşı qətliamları törədənlər, mülki insanlara qarşı hərbi hücumlara əmr verənlər və terrorizmi dəstəkləyən şəxslərdir. Qətnamə Ermənistandakı revanşist qüvvələrin maraqlarına tam şəkildə uyğun gəldiyindən onlar bu sənədi özlərinə dəstək siqnalı kimi qəbul ediblər. Qətnamədə işğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtması, qərbi azərbaycanlıların haqlı tələbləri, ərazilərimizin Ermənistan tərəfindən kütləvi şəkildə basdırılmış minalardan təmizlənməsi, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi haqda bir ifadə belə yoxdur. Bu da həmin sənədin nə dərəcədə qərəzli və birtərəfli olmasını bariz şəkildə göstərir. Əlbəttə, indiki məqamda bu addımlar kövrək etimad tədbirlərinə və Azərbaycanla Ermənistan sülh sazişi ilə bağlı danışıqlara ciddi zərbədir. Avropa Parlamenti öz anti-Azərbaycan xislətini bütün rəngarəngliyi ilə nümayiş etdirməkdən əl çəkməlidir. Bir neçə kağız parçasında Azərbaycana qarşı saxta məlumatlara əsaslanan faktlar, absurd iddialar, ittihamlar, təhdid və tələblər irəli sürməkdən imtina etməlidir. Ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə hörmətsizlik edilməsinə, daxili işlərimizə müdaxilə cəhdlərinə son verməlidir. Bunlar azmış kimi Ermənistana xüsusi nəvaziş nümayiş etdirilir, onun silahlandırılması təşviq olunur. Bununla da, həmin ölkədə revanşist meyillərin gücləndirilməsinə və regionda yenidən münaqişənin alovlandırılmasına ciddi təşəbbüs göstərilir.
Millət vəkili Nəsib Məhəməliyev “Sherg.az”a eyib ki, Avropa parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamədə əks olunan fikirlər əsassız olduğu kimi qərəzlidir. Deputat bildirib ki, bu cür cəhdlər son zamanlar Azərbaycana qarşı intensiv xarakter alan təbliğat kampaniyası fonunda gözləniləndir: