image-2000x150
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Antiterror əməliyyatı qaçılmazdır” – Arzuman Muradlı

image-728x90

“Ermənistan yekun sülh sazişini imzalamamaq üçün vaxtı uzatmaq, yeni dəstəkçi axtarmaq niyyətindədir. Rusiyadan dəstək ala bilmədikdə ümüdini Avropaya bağlayıb”.
Bunu Politoloq Arzuman Muradlı Ulusal.az -a açıqlamasında deyib.

Politoloqun  sözlərinə görə, 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan sülh gündəliyini başlatdı və irəli doğru aparırdı:

“2020-ci il 10 noyabr birgə bəyanatından sonra 2021-ci ilin yanvarında Moskvada, noyabr ayının 26-da isə Soçidə sənəd imzalandı. Mahiyyət etibarilə bu sənəddə yer alan məqamlar Azərbaycanın maraqlarına cavab verirdi. Prosesdə birbaşa rol oynayan Rusiya da sənədlərdə ifadə olunmuş şərtlərin yerinə yetirilməsinin vacibliyini vurğulayırdı. Rusiya prezidenti birgə bəyanatın şərtlərinə əməl edilməməsini intihara bərabər hesab etmişdi. Sonraki mərhələdə artıq Brüssel görüşləri başladı. Hesab edirəm ki, başladılmış sülh prosesinə ən ciddi maneələr də Brüsseldəki görüşdən sonra yaranmağa başladı. Sonradan baş verən hadisələr bunu aydın şəkildə göstərmiş oldu. Brüssel görüşlərinin ardınca ötən il oktyabrın əvvəlində Praqada Fransa prezidentinin iştirakı ilə baş tutan görüş zamanı Ermənistana mülki missiyanın göndərilməsi haqqında qərarın verilməsi artıq bir çox məqamlara aydınlıq gətirdi. Aydın oldu ki, 2020-ci ildən sonra başladılan sülh prosesi dayandırılır. Ermənistanın məğlub vəziyyətdə sülh sazişi imzalamasını istəməyən Avropa hər vasitə ilə İrəvana dəstək verməyə başladı. Praqa görüşü bir daha nümayiş etdirdi ki, mülki missiyanın göndərilməsi Avropada keçirilən görüşlərin məntiqi nəticəsidir”.

Arzuman Muradlının sözlərinə görə, ikinci və daha uzun müddətli mülki missiyanın Ermənistan ərazisinə göndərilməsi, onun tərkibində Fransa jandamı və Almaniya polisinin iştirakının təmin edilməsi aydın göstərdi ki, Ermənistan yaxın zamanlarda sülh sazişi imzalamayacaq:

“Düzdü, Brüssel görüşü zamanı Azərbaycanın şərtlərinə istinad edilir, sülh sazişinin mətni üzərində işləməyin vacibliyi qeyd olunur, işçi qrupunun yaradılması haqqında müzakirələr aparılırdı. Amma təbii ki, bunlar sadəcə olaraq sözlərdən ibarət idi. Bu gün reallıq ondan ibarətdir ki, Ermənistan faktiki olaraq münaqişənin mövcud olduğu 30 il ərzində sərgilədiyi mövqeni təkrarlayır. Mülki missiyanın göndərilməsindən sonra Ermənistanın necə cəsarətləndiyini müşahidə etməkdəyik. NATO-nun baş katibinin regiona səfər etməsi və onun aşkar təhdidedici və separatçı fikirlər səsləndirməsi ona dəlalət edir ki, bundan sonraki mərhələdə də Avropanın əsas missiyası regionda sülhü əngəlləməkdən ibarət olacaq. Hesab edirəm ki, Ermənistanın bu təxribatları davam edəcəksə Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə istinad edərək təhlükəsizliyinə mövcud olan təhdidləri aradan qaldırmaq hüququndan istifadə edə bilər. Çünki 30 il ərzində gördük ki, Ermənistan sadəcə olaraq imitasiyalarla məşğul olur. Bu hal indi də müşahidə olunmaqdadır. Onlar təxribatlarını davam etdirirlər. Azərbaycana yenidən hərbi güc tətbiq edərək öz hüquqlarını bərpa etməkdən başqa yol qoymurlar. Görünən odur ki, antiterror əməliyyatı qaçılmazdır. Bunu artıq İrəvanda da, Qarabağda da anlayırlar. ”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90