Türkiyə ilə Suriya arasında yeni prosesin başlamasından sonra Ankara Suriyanın şimalındakı müxalifətə xəbərdarlıq edib.
Ulusal.az xəbər verir ki, bu əməkdaşlığı hədəfləyən hər kəsin ciddi şəkildə cəzalandırılacağı bildirilib.
Dəməşqə yaxınlığı ilə tanınan “Əl-Vətən” qəzeti “Ankara Dəməşqlə əlaqələrin yenidən qurulmasına qarşı çıxan müxalifləri sıxışdırır”, – deyə yazıb. Bölgədə türklərə qarşı hücumlar təşkil edən müxaliflər bir-bir müəyyən edilərək saxlanılıb və sərt xəbərdarlıq edilib.
Mənbələr Türkiyənin öz milli təhlükəsizliyini bərqərar etmək, iqtisadiyyatını yaxşılaşdırmaq və qaçqınların yaratdığı daxili təzyiqləri azaltmaq üçün addımlar atmasının başadüşülən olduğunu bildirib. Həmçinin Türkiyə hakimiyyətinin gələcəkdə “Zeytun Budağı”, “Fərat Qalxanı” və “Sülh bulağı” bölgələrində istənilən düşmən hərəkətinə qarşı əlavə tədbirlər tətbiq edəcəyi vurğulanıb.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə bu barədə açıqlama verib. O, Suriya ilə münasibətləin artıq normallaşdığını bildirib: “Terror təşkilatları bu prosesi pozmaq üçün əllərindən gələni edəcəklər. Onlar təxribatlar təşkil edəcək, oyunlar quracaqlar. Biz bütün bunları bilirik və hazırıq. Suriyada sülh istəyirik və sülhü dəstəkləyən hər kəsin tarixi çağırışımızı da dəstəkləməsini gözləyirik”.