Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında ikinci üçtərəfli görüş keçirilir.
İclasda üç ölkənin xarici işlər nazirləri ilə bərabər, iqtisadiyyat və nəqliyyat nazirləri də iştirak edir.
İclasın gündəliyinə xarici siyasət məsələləri və regional əməkdaşlıq, ticarət, iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığın artırılması, regional nəqliyyat şəbəkələrinin inkişafı və nəqliyyat və kommunikasiya sektorlarında əməkdaşlığın gücləndirilməsi daxildir.
Görüş zamanı Orta Dəhlizin önəminin artmasına diqqət çəkiləcəyi, Suriya və Qəzzada baş verənlər, həmçinin, Rusiya-Ukrayna müharibəsinin müzakirə ediləcəyi gözlənilir.
***
Tədarük zənciri və bölgəmizdə baş verən münaqişələr Türkiyəni, Cənubi Qafqazı, Orta Dəhlizi ən etibarlı ticarət marşrutu halına gətirib.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüşünün açılış mərasimində bildirib.
O qeyd edib ki, enerji böhranı Cənubi Qafqaz və Mərkəzi Asiyanın geostrateji əhəmiyyətini artırıb və Türkiyəni enerji mərkəzinə çevirib.
Nazirin sözlərinə görə, üç ölkə iclasın nəticələrinə əsaslanaraq əməkdaşlığı dərinləşdirmək üçün Yol Xəritəsi hazırlayacaq.
Hakan Fidan bu formatdakı iclasların Türküstan, Cənubi Qafqaz və Anadolunun nəqliyyat və enerji bağlılığını gücləndirəcək layihələrin ələ alınması baxımından əlverilişli platforma olduğunu da vurğulayıb.