Son günlər erməni mediası Türkiyə Ermənistan yaxınlığı barədə verilişlər edir, geniş araşdırmalar yayımlayırlar. Türkiyə -Ermənistan yaxınlaşması hansı halda baş tuta bilər? Ulusal.az saytı politoloq Arzuman Muradlının fikirlərini diqqətinizə çatdırır.
Arzuman Muradlı qeyd edir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Türkiyə iki ölkə arasında münasibətlərin normallaşması prosesində ilkin şərt irəli sürməyib.
“Erməni rəsmilər baş nazir Nikol Paşinyanın Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə dəvət edilməsindən həvəsləniblər. Halbuki, türkiyəli siyasİ xadimləri və diplomatları öldürən “Nemezis” terrorçu təşkilatına İrəvanın mərkəzində abidə qoyulmasından sonra Türkiyə Ermənistan təyyarələrinin hava sahəsindən uçuşuna qadağa qoydu və bunun səbəbini keçmiş xarici işlər naziri Mövlüd Çavuşoğlu aydın izah etdi: “Ermənistan hakimiyyəti bir tərəfdən Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir, digər tərəfdən terrorçulara abidə qoyur”. Yeni xarici işlər naziri Hakan Fidanın Ermənistan siyasətində Mövlud Çavuşoğludan fərqli siyasət yürüdəcəyini zənn etmirəm. Ərdoğan Çavuşoğluna Ermənistanla bağlı hansı təlimatı vermişdisə, Fidana da eyni təlimatı verəcək. Ankara Ermənistanla münasibətləri normallaşdırmağa tələsməyəcək. Görünən odur ki, ermənilərin “Nemezis” terrorçu təşkilatına İrəvanın mərkəzində abidə qoyulan abidəni götürmək niyyətində deyillər. Hesab edirəm ki, Ankara rəsmi İrəvana son xəbərdarlığını edib. Ermənilər bu xəbərdarlıqdan nəticə çıxarmasalar, Ankaranın cavabı daha sərt olacaq” -deyə Arzuman Muradlı bildirib.






















